Mahir Emreli və Momo Yansane “Qarabağ”a gəlir?

İbrahima Vadjinin gedişindən sonra ön xəttə futbolçu transferini sürətləndirən “Qarabağ” yeni futbolçularla danışıqları davam etdirir. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun bu günə qədər iki transfer istəyi alınmayıb.

Belə ki, Avropa Liqasında ölkəmizin təmsilçisi əvvəlcə sabiq futbolçusu Mahir Emrelini Zaqreb “Dinamo”sundan icarəyə götürmək istəyib. Bunun üçün cəhd edən “Qarabağ” qarşı tərəflə anlaşa bilməyib. Bir çox məsələlərdə razılığa gəlməyən klublar arasında danışıqlar dayandırılıb.

Daha sonra ağdamlılar Moldova “Şerif”inin üzvü Momo Yansanenin keçidini həll etməyə çalışıb. Tərəflər arasında danışıqlar əvvəlcə uğurlu alınıb. Yansane də oynamaq üçün Ağdam klubuna keçidə razılıq verib. Lakin sonradan tam anlaşma əldə edilmədiyi üçün 25 yaşlı qvineyalı forvardın “Qarabağ”a keçidi baş tutmayıb.

“Qarabağ”ın baş meneceri Asif Əsgərov isə “Qafqazinfo”ya açıqlamasında bunları deyib: “Mahir Emreli məsələsi hazırda gündəmdə deyil. Yansane transferinə gəlincə, hər hansı rəsmi transfer olsa, rəsmi açıqlama veriləcək”.


Share: