Mahnıları qadağan olundu, şərlənib tutuldu, həbsdə ən yaxşı əsərini yazdı – Məşhur bəstəkarımızdan 10 maraqlı fakt

Rəşid Nəsiboğlu, bəstəkar

Rəşid Nəsiboğlu, bəstəkar

Bu gün bəstəkar Rəşid Nəsiboğlunun anım günüdür. Kulis.az onun haqqında 10 maraqlı faktı təqdim edir.

1. Rəşid Nəsiboğlu orta məktəb illərindən musiqiyə həvəs göstərib. O, Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin sinfində bəstəkarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında “Sevgilim” vokal-instrumental ansamblının bədii rəhbəri olub.

2. 1981-ci ildə Rəşid Nəsiboğlunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq “İRS” qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Azərbaycanın ən qədim musiqilərini bərpa edən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməz populyarlıq qazanır.

3. Rəşid Nəsiboğlu Nazim Hikmətin sözlərinə “Ceviz ağacı” adlı ilk romansını yazır. Ancaq bu romans türkçülük ideologiyasının təbliği iddiası ilə efirə buraxılmır.

4. Bir başqa qadağa isə “Zarafat” mahnısına olur. O mahnını da efirə buraxmırlar. Elmira Rəhimovanın ifasında səslənən bu mahnı haqqında deyilir ki, Sovet dövrünə ironik baxış sərgilənir.

5. “İrs”lə qastrola çıxan zaman bəstəkara deyilir ki, casusluq etsin. Ancaq o, bu təklifi rədd edir. Buna görə onu incidirlər, bir neçə dəfə şərləyirlər.

6. Növbəti səfərlərin birində yalançı şahidlərin hesabına Rəşid Nəsiboğlunun rüşvət aldığı deyilir. Bəstəkar həbs olunur. O, erməni hakimin çıxardığı qərara əsasən 8 il müddətinə azadlıqdan məhrum edilir.

7. Məhkəmə prosesi 1 il çəkir və bu müddət ərzində bəstəkar həbsdə yatır. Bir müddət sonra Moskvada onun işinə yenidən baxılır və bəstəkar bəraət alır.

8. Həbsxanadakı şahidlərin sözlərinə görə Rəşid həbsxanada olarkən kiçik taxta parçası üzərində özünə pianino şəkli çəkir. Və bu pianino şəkli üzərində musiqi ifa etmədən mahnılar bəstələyir.

9. Məşhur “Limanda” mahnısının da həbsdə yazıldığı deyilir. Bəstəkar bu musiqini məhz Mirzə Babayevə həsr edib. Mirzə müəllim müsahibələrinin birində deyir: “Bir gün mahnını mənə qulaq asdırdı, dedi, papaşa bir bunu dinlə. Necə çaldısa, ürəyim guppuldamağa başladı. Dedi, papaşa bunu səndən başqa heç kim ifa edə bilməyəcək.

10. Rəşid Nəsiboğlu Sveta adlı xanımla ailə qurub. Bu evlilikdən onun iki övladı dünyaya gəlib. 1993-cü il dekabrın 30-da 51 yaşında vəfat edib.

Share: