Manatın dövretmə sürəti azalır: Səbəb bahalaşmadır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Bankın oktyabrın 1-nə olan məlumatına görə, Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,65 bənd təşkil edib. 

Bu da sentyabrın 1-i ilə müqayisədə 0,10 bənd az (2,7%), yanvarın 1-nə nisbətən 0,37 bənd (9,2%), ötən ilin oktyabrın 1-nə nisbətən isə 1,07 bənd (22,7%) azdır.

Belə ki, bu ilin sentyabrın 1-nə manatın dövretmə sürəti 3,75, ilin əvvəlində 4,02, keçən il oktyabrın 1-nə 4,72 bənd təşkil edib.

Bəs bu azalmanın səbəbi nə ilə bağlıdır? 

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, manatın dövretmə sürətinin zəifləməsi, ölkədəki inflyasiya və bahalaşma tendensiyası ilə birbaşa əlaqədardır:

“Son illər ərzində inflyasiya tempi yüksək xarakter daşıyır. Mərkəzi Bank da buna görə sərt kredit siyasəti aparır. Bunun da əsas göstəricisi, uçot dərəcəsinin, yəni AMB tərəfindən mərkəzləşdirilmiş kredit resursları üzrə müəyyən edilən faiz dərəcəsinin yüksək xarakter daşımasıdır. 

Hazırda uçot dərəcəsi 9 faiz təşkil edir. 

Son aylara qədər AMB bunu hissə-hissə yuxarı qaldırmaq siyasəti aparırdı. Belə olan halda isə, nağd pul dövriyyəsinin sürətinin azalması qeydə alınıb”. 

Ekspertin sözlərinə görə, işgüzar aktivliyin yüksək olduğu bir şəraitdə iqtisadiyyatın real sektorunun tələb olunan səviyyədə kreditləşdirilməsi zamanı pulun dövretmə sürəti də artır:

“Bunun da nəticəsində inflyasiya prosesləri iqtisadi artımdan və inkişafdan asılı olaraq özünü büruzə verir. 

Ancaq bizdə əksinədir. AMB məcburi şəkildə inflyasiya proseslərini tənzimləmək üçün uçot dərəcəsini qaldırmalıdır ki, bunun da nəticəsində pul-kredit siyasəti sərtləşmiş olur. Manatın isə dövretmə sürəti istər-istəməz zəifləyir. Bu problemin nə zaman aradan qaldırılmasına gəlincə, əgər inflyasiya amilləri aradan götürülərsə və bahalaşma prosesi səngiyərsə, AMB da uçot dərəcəsini tədricən aşağı sala bilər ki, bu da pulun dövretmə sürətini artıracaq. Ancaq bunun nə vaxt baş verəcəyini indidən söyləmək çətindir”.

Share: