Müstəqil.Az Xalid Kazımlının “Manqo arağı” yumoristik hekayəsini təqdim edir.
İdman proqramı axtarırdı, qəfildən sənədli filmlər verən telekanala rast oldu və pultun düyməsini növbəti dəfə sıxmadı. Müəllim sənədli filmləri sevirdi. Bu dəfə isə telekanalda ikiqat maraqlı bir şey göstərirdilər: Hindistan tərəflərdə bağda manqo yığan zəhmətkeşlər meyvələrin qabığını soyur, çəyirdəyini çıxarır, əzir, horra kimi edir, iri, dördkünc dəmir qablara doldururdular.
– Qıjqırdajaxlar, – müəllim məntiqi nəticəyə gəldi.
O, seyrə davam etməkdəykən, müəllimin həyat yoldaşı mətbəxdən çay dəstgahıyla gəldi, məcməyini mizin üstünə qoyan kimi, televizorun pultuna hakimliyi ələ keçirmək istədi.
Başqa vaxt olsa, müəllim dərhal güzəştə gedərdi, amma bu dəfə sənədli filmlər kanalında həyati vacib, maarifləndirici film verirdilər. Qaçırmaq olmazdı.
– Arvad, sən dədeyin goru, beşcə dəyqə gözlə, buna baxım, dəən, manqo arağı çəkirlər.
– Nə manqo, a kişi? – Xanım təəccübləndi.
– Manqo dəə. Tropik meyvədir. Qavığını soyuf, xaşıllıyıf, dolduruflar bidonlara, indi qıjqırdellər. Görüm, nağarajaxlar. Texnikasına baxajam.
Xanımın reaksiyası yenə konstruktiv olmadı.
– Örgənif nağarajaxsan? Kəsəməndə, Şıxlıda manqomu biter, ay öyü yıxılmışın oğlu?
– Yox də, örgənmək yaxşı şeydir. Nə bilersən, bəlkə onu gətirif Kürdəmir, Zərdaf tərəflərdə bejərmək olar. Yaxşı arağı çıxırsa, nədən olmasın, – müəllim əlində hazır biznes layihəsi olan investorlar kimi ritorik sual qoydu.
Bu arada filmdə göstərdilər ki, hindistanlı fəhlələr manqo xəşili doldurulmuş qabların ağzını açdılar və qıcqırmış məmulatı qablardan çıxarmağa başladılar.
– Aha, prosesin əsas yeri başlayır, – deyə diqqətini cəmləyən müəllim iki saniyə sonra məyus oldu. Reklam verilməsi ilə manqo arağı çəkənlərin işində fasilə yarandı. Xanım məcməyini götürüb mətbəxə keçdi. Müəllim masanın üzərindəki noutbukunda manqo meyvəsi barədə bilgi toplamaq üçün axtarış verdi. O, indiyəcən bu meyvə haqqında az şey bilirdi. Ancaq indi öyrəndi ki, manqonun çox ətirli ləti, 44 cür növü var, dadlı meyvədir, Hindistan, Tayland, Filippin kimi ölkələrdə yetişir. Manqodan araq çəkilməsi barədə Vikipediyada məlumat yox idi.
“Fərqi yoxdur, istənilən qıcqıran meyvədən araq çəkmək olur”, – müəllim düşündü və gözünün qabağına tut və zoğaldan araq, üzümdən çaxır çəkdiyi günlər düşdü. “Əgər manqo bu qədər şirəli və ətirli meyvədirsə, ondan yüz faiz əla araq çıxar. Yüz faiz”.
Reklamlar qurtardı, filmin davamı bərpa olundu. Hindistanlı zəhmətkeşlər manqo horrasını qablardan çıxarıb iri laylı və bir neçə mərtəbəli rəflərə yaxmağa başladılar.
– Booy, bunlar nağarır, ə? – müəllim ekranda gördüklərinə məna verə bilmədi. – Lavaş düzəldillər, nədi?
Daha sonra göstərdilər ki, “araqçəkənlər” rəflərə yayılmış və artıq qurumuş manqo lavaşını səliqəylə götürür, emal edir, dəri kimi aşılayırlar.
Müəllim məyus oldu. Bu işdən artıq araq iyi gəlmirdi.
Film davam edirdi. Fəhlələr manqo “dəriləri”ni kəsdilər, doğradılar, qəlibə saldılar, yazıq manqoların başına yüz bir oyun açdılar və axırda tikiş maşınının ağzına verib ayaqqabı düzəltdilər.
Müəllim dilxor oldu. Gözləntiləri puç olmuşdu. Hirsləndi:
– Allah öyünüzü yıxsın. Gül kimi materialı nə təhər zay elədilər e.
Xanım ərinin səsinə gəldi və soruşdu:
– Nə oldu, manqo çəhməsi başa gəldi?
Müəllim hiddətli şəkidlə cavab verdi:
– Allah onlara nəhlət eləsin! Süzüf başlarına çəhməli şeydən çarıx-çəhmə düzəldif ayaxlarına çəhdilər. Kafir köpəyuşağı!