Müstəqil.Az Rusiyada yaşayıb yaradan tnınmış yazar Araz Gündüzün tərcüməsində Amerika yazıçısı və jurnalisti Mark TVENin oforizmlərini təqdim edir:
İnsan ömrü nə deməkdir? Üçdə bir hissəsi yaxşı keçən vaxt; bütün qalan hissəsi isə onu xatırlamaqdır.
* * *
Dünyada hər şey baş-ayaq qurulub. Gərək biz bu həyatı qocalıqdan başlayıb yaşayaydıq, yaşlı çağımızda əldə elədiyimiz vəzifə, təcrübə, sərvətlə yaşamağa başlayıb sonra bütün bunlardan çox gözəl yararlana bilən gəncliyimizi yaşayaraq ömrümüzü başa vuraydıq. Ancaq dünyanın indiki quruluşunda gəncliyində sənin əyləncələrinin qaynağı olan dolların olmur. Qocalqıda isə bu dolların olur, ancaq bu dollarla almaq istədiyin heç bir əyləncən olmur.
* * *
Missis X.-in doxsaniki yaşlı əri yıxılıb burnunu sındırıb. Missis X. ərinin üzünün bütün ömrü boyu eybəcər qalacağından bərk qorxur.
* * *
Üzdəki qırışlar gərək ancaq keçmiş təbəssümlərin izi kimi yaransın.
* * *
Dünyada birinci dəfə öz ad gününü bayram etmiş insanla nə edək? Beləsini öldürmək də azdır.
* * *
Nə yazıq ki, hələ gənc olanda bu həyatdan çıxıb qaçmaq olmur.
***
Tərbiyə hər şeydir. Şaftalı keçmişdə acı badam olmuşdur; rəngli kələm isə, ali təhsilli adi kələmdən başqa bir şey deyildir.
* * *
Yaxşı tərbiyə – özün haqqnda çox yüksək, qarşındakı, danışdığın adamla bağlı çox aşağı fikirdə olduğunu gizlədə bilmək bacarığıdır.
* * *
Yaxşı davranış tərzi – yaşlı adamların gənclərdən qorunmaq üçün təşkil elədikləri müdafiədir.
* * *
Mən, heç vaxt, məktəbdə aldığım təhsilin mənim savadımı korlamasına yol verməmişəm.
* * *
Kimsə yaxşı kitabları oxumursa, onda o oxumağı bacarmayanlar üzərində qazana biləcəyi üstünlüyünü əldən buraxır.
* * *
Necə də çılpaq və soyuq aysberqdir – elə bil, sırf intellektual böyüklükdür, durub!
* * *
Keçmiş insanların bilmədikləri şeylər çox geniş bir çevrəni əhatə edirdi.
* * *
Mən suala tez cavab verə biləcəyimə görə sevindim. Belə də etdim. Ona görə də, məndən soruşulanı bilmədiyimi, gecikdirmədən, dedim.
* * *
Onun cahilliyi bütün Yer üzünü bir yorğan kimi örtmüşdü və siz nə qədər axtarsanız da, bu yorğandan qıraqda qalan heç nə tapa bilməzdiniz.
* * *
Anlamazlıq eləyə bilmək hüququ – şəxsiyyətin azad inkişaf edə bilməsinin ən başlıca qarantıdır.
***
Yalnız varlı adamlar ürəklərincə olan prinsiplərlə yaşaya bilir.
* * *
Hamı varlı olsaydı, onda elə hamı yoxsul olardı.
* * *
Bir il qabaq mən vicdanlı adam idim. Ancaq nyu-yorklu olub buranın əxlaqı ilə yaşamağa başlayandan sonra, məndə ən çoxu milyonerlərdə olan qədər vicdan qalmışdır.
* * *
Mən bütünlüklə milyonerlərə qarşıyam, ancaq birdən mənə milyoner olmağı təklif etsələr…
***
Gerçək dost sən haqlı olmayanda da, səni atıb getmir. Sən haqlı olanda hamı sənin yanında olmağı bacarar.
***
Dostluq çox müqəddəs, şirin, davamlı və sabit bir duyğudur və elə buna görə də, onu bütün ömrü boyu qoruyub saxlaya bilərsən, onu itirmək istəmirsinizsə, dostunuzdan borc pul istəməyin.
* * *
İnsanın müdrik olduğunu demək çox asandır, ən çətini bunun belə olduğuna onun dostlarını inandırmaqdır.
* * *
Sənə pul gərəksə, özgələrinin yanına get; sənə məsləhət gərəksə, dostlarının yanına get; sənə heç nə gərək deyilsə, qohumlarının yanına get.
* * *
Özünün gözəlliyi ilə seçilən belə bir köhnədən qalma tost var: “Nə vaxt ki, öz uğurunun zirvəsinə yüksəlirsən, orada dostların gözə dəymir”.
* * *
Düşməninizlə dostunuz əl-ələ verib ürəyinizi partlatmaq istəyirlər: biri sizin arxanızca ən pis sözləri danışır, o birisi isə, onun dediklərini sizə çatdırır.
***
Bircə dəfə, qızmar sobanın üstünə dırmaşmış pişik, bir də heç vaxt, qızmar sobanın üstünə qalxmır – yaxşı da edir, ancaq bu pişik bundan sonra heç soyuq sobanın üstünə də qalxmır.
* * *
İllüziyalarınızdan ayrılmayın. Onlarsız həyat çox darıxdırıcı bir gerçəklik olacaqdır.
***
Məni öyəndə həmişə özümü itirirəm: bilmirsən nə deyəsən, gərəkən sözü tapıb demək olmur. Doğrudan da, səni öyürlərsə bunun cavabında nə demək olar? Məni olduqca çox öymüşlər və mən hər dəfə də özümü itirmişəm; ancaq, həmişə də düşünmüşəm: bundan biraz artığını da demək olardı.
* * *
Tanrı öncə kişini yaratdı, ondan sonra qadını yaratdı. Sonra Tanrının kişiyə yazığı gəlib ona tütün çəkməyi öyrətdi.
* * *
Tanrının yaratdığı ən yaxşı varlıq kimdir? – İnsan.
Bunu kim düşünüb tapıb? – İnsan.
* * *
İnsanı yaratmaq çox gözəl və orijinal bir düşüncə idi. Ancaq bundan sonra qoyunu yaratmaq təkrarçılıq idi.
* * *
Tanrı meymunu yaratmağından məyus olub, insanı yaratdı. Bundan sonra o, belə uğursuz sınaqlar aparmağı dayandrdı.
* * *
İnsanı Tanrı yox, insan yaratsaydı, o bu işinə görə çox bərk utanardı.
* * *
İnsan qızarmağı bacaran tək bir heyvandır və bunun üçün yetərincə səbəblər vardır.
* * *
Bizə sayğısızlıq göstərəndə biz özümüzü bərk alçaldılmış sayırıq; ancaq axı bizim heç birimiz ürəyimizin dərinliklərində özümüzə sayğı bəsləmirik.
* * *
Biz hamımız bir xamırdan yoğrulmuşuq, özü də çox keyfiyyətsiz bir xamırdan.
* * *
Birdən kürən saçlı birisi çox yüksək bir vəzifəyə qalxırsa, onun saçlarının qızılı-şabalıdı rəngdə olduğunu deməyə başlayırlar.
* * *
İnsan ədalətsizliklərin içində doğulub böyüyübsə, o istənilən ədalətsizliklə barışacaqdır.
* * *
Hamının gizli saxladığı devizi: haqlı olmaqdansa populyar olmaq daha yaxşıdır.
* * *
Bu insanın indiyədək zindanda olmadığı bəllidir, ancaq onu niyə indiyədək tutmayıblar, bax, bu bəlli deyildir.
* * *
Torpağın üzərində o heç nəyə yaramır; onun torpağın altında olub kələmin yaxşı cücərməsinə yardımçı olmağı daha yaxşı olardı.
* * *
1905-ci ildə Mark Tven gündəliyinə yazmışdı: “Altmış il bundan öncə, “optimist” və “axmaq” sözləri sinonim sayılmırdı.
* * *
Demokrat partiyası yalnız axmaqlardan ibarətdir, ancaq bu partiyanın üzvlərindən heç biri bunu bilmir. Bunu yalnız respublikaçılar partiyasın üzvləri bilirlər. Resbublikaçılar partiyasının bütün üzvləri axmaqdırlar, ancaq bunu da, demokratlar partiyasının üzvlərindən başqa heç kim bilmir.
* * *
Doğruluq ayaqqabılarını geyinməyə macal tapmamış, yalan dünyanın yarısını gəzib dolanır.
* * *
Heç kim həmişə yalnız doğru danışan adamla birlikdə yaşaya bilməzdi; nə yaxşı, bizim heç birimizin belə bir adam olmaq şansımız yoxdur.
* * *
Bu ölkədə hamı bir nəfər kimi yalan danışırdı. Hətta, hal-əhval tutanda soruşduqları: “necəsən?” sözü də yalan idi, axı sizin necə yaşamağınız–bunu soruşan tabut ustası deyildirsə!– onların vecinə də deyildi.
* * *
Özünü aldatmağı bacarmayan adam, çətin ki, bir başqasını aldada bilsin.