Bu yaxınlarda bir polisin (onu işdən dərhal qovdular) Masallı haqda əxlaqdan kənar videosu yayılanda yadıma nədənsə, ilk olaraq Masallı Mamed düşdü. Masallı təkcə bütün keçmiş SSRİ-də tanınan qanuni oğru ilə məşhurlaşmayıb təbii, təkcə Masallı deyil, bu bölgə elm xadimləri, tanınmış sənətkarlar, din adamları ilə tanınıb.
Amma bu məqamda məhz niyə Mamedin yada düşməsinə xüsusi izahat vermək lazım gəlmir. Bu yerdə məhz onun yeri, onun müdaxiləsi, sözünün ağırlığı görünürdü axı…Masallı Mamedin martın bu boz günlərində yada salmağın başqa bir səbəbi də var. 9 gün sonra, martın 20-də Masallı Mamedin vəfatının 7 ili tamam olur.
Daha bir xatırlatma: 1959-cu ilin 21 martında adı sonralar keçmiş SSRİ-də yaxşı tanınan Bəxtiyar Kərimov (Lotu Bəxtiyar) doğulub. Ondan bir il sonra Masallı Mammed kimi tanınanacaq Məmməd Hüseynov həyata gözünü açıb. Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı qanuni oğrunun sonu da heyrət ediləcək dərəcədə oxşardır. İkisi də 1 saylı həbsxanada dünyalarını dəyişib. Amma bu da son bənzərlik deyil. Bu gün haqqında danışacağımız Masallı Mamed Bəxtiyar dünyaya gələn gün doğma torpağında dəfn olunub: 21 martda….
Masallı Mamedi yada salmağın o mənfur videotiplə əlaqələndirmək istəməzdim. Mümkündür ki, kriminal həyat yaşamış bir adam haqda geniş yazmaq kimlərinsə xoşuna gəlməyə də bilər. Amma etiraf etmək lazımdır ki, tale və seçdiyi yol ona Masallının da, Azərbaycanın da sərhədlərindən kənarda tanınmağı nəsib edib.
***
1960-cı ilin noyabr ayının 4-də Masallıda İsgəndər kişinin ailəsində evin ilk uşağı – Məmməd dünyaya gəldi. Ondan sonra bu ailədə daha dörd qardaş da doğulacaqdı. Atası rayonun tanınan və imkanlı adamlarından – univermaqda müdir (şöbə rəhbəri) olub. Məmməd orta məktəbdə davakar kimi tanınıb, bu səbəbdən 10 illik orta təhsili dövründə bir neçə məktəb dəyişməli olub. Son sinfi də Masallıdan 2 kilometr uzaqlıqda yerləşən Ərkivan kəndində bitirib.
1978-ci il. 18 yaş. Yeni arzular, Bakının adamı çəkən və “yeyən” şəhər həyatı onun üçün də cəlbedici idi. Bəlkə də ali məktəb, sonra…Onu isə qat-qat ağır bir məktəb, imtahandan da çətin sınaq gözləyirdi…
Məlumata görə, atasının xanım işçilərindən biri rayon milisinin şəri ilə üzləşir. Atası qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürür. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən Məmməd həmin milislə görüşür və ifadəsini geri götürməsini istəyir. Lakin… gənc Məmməd sovet milisini vurduğu üçün 3 il məcburi əməyə cəlb olunur.
Bu olaydan heç bir il keçməmiş üzərində cəza olan Məmməd Bakıda ağır cinayət törədir. O, tələbə qohumu ilə şənlikdə qıza sataşan bir oğlanı bıçaqla öldürür. Üzərində şərti iş olan, üstəlik 102-ci maddə ilə də həbsə düşməsi Məmmədə “vışka” təhlükəsi yaradır. “Vışka” ən ağır cəza-ölüm hökmü demək idi… Amma atası oğlunu güllələnmə cəzasından qurtara bilib. 15 il həbs cəzası verilən Məmməd Hüseynov cəzasının ilk beş ilini qapalı rejimdə çəkməsi üçün tarixi Şuşa türməsinə göndərilir.
Həbsxanadakı özbaşınalığa və ədalətsizliyə qarşı çıxan gənc arestant ağır rejimli başqa bir sovet həbsxanasına – Qroznıya etap edilir….. Burada o, gələcəkdə daha da möhkəm dost olacaqları Cavanşir Ağayevlə (“Dağlı Cavaşir”) birgə cəza çəkməli olur. Əslən Xızıdan olan Cavanşir 15 yaşında – 1982-ci ilin aprel ayında 6 il müddətinə həbs edilmişdi. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki uşaq islah əmək müəssisəsində çəkmişdi. Sonra isə onu Qroznıda ciddi rejimli kolona göndərmişdilər. Məmmədlə həbsxanada rastlaşanda “Dağlı Cavanşir” hələ “qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Məmməd burada Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Məmməd Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmadığı üçün yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun yeri Voloqda şəhərindəki “Sentral” həbsxanasına olur. Məmməd burada kriminal qaydalar tətbiq edir, obşak yaradır və vəziyyətə (“polojeniya”) nəzarət edir.
1992-ci ildə mart ayında azadlığa çıxan və artıq “Mamed Masallınski” kimi tanınan avtoritet doğum günündə ailə həyatı qurur. Bununla belə, kriminal həyatını da davam etdirir. 1994-cü ildə Masallı Mamed Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən “Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində onun avtoritetinin böyük rolu olur. Bütün bunlar qanuni oğruların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Məhkumlar arasındakı böyük nüfuzunu görən qanuni oğrular ona kriminal aləmin ən ali titulunu təklif edir.
1995-ci ildə Sabirabada qanun oğru Hikmət Muxtarovun – Sabirabadlı Hikmətin toyunda Lotu Bəxtiyar təklif edir ki, məhz həmin gün Masallı Mamedlə Dağlı Cavanşirə kriminal aləmdə haqq etdikləri “tac” verilsin. Cavanşir isə Bəxtiyara deyir ki, əvvəlcə qanuni oğru adını onun özünə böyük qardaş hesab etdiyi Məmmədə versinlər. Toydan bir neçə gün sonra Bakıda dövrünün ən nüfuzlu avtoritetlərindən olan Novxanılı Hikmətin şadlıq sarayında əvvəl Masallı Mamed, sonra isə Cavanşir qanuni oğru adı alır. Qeyd edək ki, Novxanılı Hikmət hazırda Rusiyada həbsdə olan qanuni oğru Novxanılı Dadaşın atasıdır. Oğruların həmin toplantısında Bəxtiyardan başqa, Sabirabadlı Hikmət, Nardaranlı Mirseymur, Ağbaş Çingiz kimi qanuni oğrular da iştirak edir.
***
Son illər Rusiyada yaşayan Masallı Mamed Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra o, 2006-cı ilin aprel ayının 6-da qətlə yetirilən Sabirabadlı Hikmətin dəfnində iştirak etmək üçün Azərbaycana gəlir. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz Masallı Mamedin varis olması müzakirəyə çıxarılıb.
Elə həmin il Masallı Mamed üzərində “Makarov” tipli tapança ilə həbs edilir. 2006-cı ilin sonunda Masallı Mamedin məhkəmə prosesi keçirilir və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir.
2009-cu il. Azərbaycana yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gələn qanuni oğru narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır və 3 il müddətinə azadlıqdan məhrum edilir.
O, nüfuzlu avtoritet kimi cəzasını Kürdəxanı təcridxanasında çəkir. Penitensiar Xidmətin rəhbərliyi dəyişdikdən sonra isə Masallı Mamed 1 saylı həbsxanaya göndərilir.
Məlumatlara görə, təcridxanada olduğu müddətdə səhhətində həyatı üçün ciddi təhlükə olmayıb. Amma “zon”a çıxarıldıqdan sonra qəfil onun səhhəti pisləşir. Yaxınlarının mətbuata verdikləri məlumata görə, Masallı Mamedin ölümünə səbəb beyninə qan sızmasıdır.
Həyatının son illərində onun əlində əsa olsa da, o heç vaxt yıxılmadı, ömrünün sonunadək də sisteminin nəzarətindən kənarda olan oğru ideyasına sadiq oldu.
Masallı Mamedi azərbaycanlı qanuni oğruların sonuncu mogikanı hesab edənlər də var. Onun vəfatı ilə Azərbaycan kriminalının böyük bir dövrü bitdi. Sabirabadlı Hikmətin qətlindən sonra əsasən Moskvada təşkilatlanan Azərbaycan kriminalları böyük qardaş kimi Masallı Mamedin ətrafında toplaşa bilərdilər. Rusiya kriminalının xaç atası sayılan Ded Xasanın başçılığı ilə keçirilən sxodkada Azərbaycan kriminal qruplaşmasını Masallı Mamed təmsil edirdi.
Onun böyük qardaş kimi hədsiz nüfuzu azərbaycanlı kriminalları onun ətrafında toplanmasının mümkün edirdi. Fəqət, hələ Hikmətin qətlindən də çox əvvəl başlanmış parçalanma buna ciddi əngəl oldu.
***
Martın 20-də Masallı Mamedin vəfatının 7-cü ili tamam olur. Onun dəfnində yaşanan izdiham hələ də danışılır. Masallının mərkəzində yerləşən ata evinə toplaşan minlərlə adam onun tabutunu qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığınadək apardılar. Bu qanuni oğrularadək Rusiyada azərbaycanlıları “qara”, “alverçi”, “bazar adamı” kimi baxırdılar. Onlar isə kimlərinsə xoşuna gəlməsə belə kriminal aləmdə Azərbaycan adına ağırlıq, çəki və düzən gətirdilər.