Dövlətçilik Ənənələrinin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Narkomaniya:çətin və erkən ölüm” layihəsi çərçivəsində növbəti tədbir keçirib.Təşkilatdan Aktor.Az-a verilən məlumata görə,yerli sakinlərlə görüş Masallı şəhər Gənclər Mərkəzində baş tutub.
Layihənin rəhbəri Telman Məmmədov layihənin məqsədi barədə açıqlama verdi, tədbirin təşkilinə görə Masallı Rayon İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlıq bildirib.
“Dünyada bu gün narkomaniyadan əziyyət çəkən insan kütləsinin sayı milyonlarla ölçülür. Ölkəmiz də bu cür qlobal problemlərdən yan ötmür. Rəsmi məlumata əsasən respublikada 30 minə yaxın narkoman qeydiyyata alınıb. Cəmiyyətimiz, dövlətimiz bununla həmişə mübarizə aparıb. Amma bu bəla ilə tək dövlətimiz yox, hamılıqla mübarizə aparmalıyıq”.
Narkomaniyanı bəşəriyyətin qlobal problemlərindən biri kimi səciyyələndirən Masallı RİHB-nın hüquq şöbəsinin baş məsləhətçisi Bəxtim Qarayev qeyd edib ki, bu sosial bəla ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır”.
Masallı RPŞ-nin YYÇPİT qrupunun inspektoru Cəlal Əbülfəzli rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ciddi tədbirlər görüldüyünü vurğuladı. Polis baş leytenantı diqqətə çatdırdı ki, 2018-ci ilin ötən 5 ayı əzində rayon üzrə 42 fakt aşkarlanıb ki, bunun da nəticəsində 7,458 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü,bu mövzuda maarifləndirici tədbirlərin əksəriyyətinin məktəblərdə aparıldığını söylədilər.
Ekspert Faiq Balabəyli bildirib ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Unutmaq olmaz ki, narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı, gənclərin problemlərinin həlli yolları gündəmə gətirilib
Xatırladaq ki, layihə çərçivəsində ilk görüş Cəlilabad rayonunda həyata keçirilmişdi.