Adamların hamısı dünyaya eyni cür gəlirlər və hər kəsin taleyinə yazılan bir ömür yolu var. Bu yollar bir-birilərindən fərqlənsələr də sonları hamıya məlumdur. Naməlum qalan hər bir SONun yeni BAŞLANĞICı necə hərəkətə gətirəcəyindədir. Əlbəttə ki, “yaxşı adam” və ya “pis adam” anlayışı uydurmadır. Ümumilikdə yaxşı və ya pis adam olmur, əməl olur. Hər ikisi də ya zəruriyyətdən baş verir, ya da ki, təsadüfdən. O ki qaldı vəzifəyə, necə deyərlər, şirin olduğu qədər də acıdır. Axı hər bir vəzifənin xalq qarşısında öhdəlikləri varsa, rəhbərlik qarşısında da öhdəlikləri var. Ortada tarazlığı qoruyub saxlamaq isə çox çətindir. Nə isə, keçək bu dəfəki qəhrəmanımla bağlı olan söhbətə…
Deyir ki,- “Hər ay mənim mətbuatda 9-10 açıqlamam dərc edilir. Təbii ki, konkret mövzularla bağlı. Ancaq bizdə bəzi “professionallar” var ki, bütün mövzulardan danışırlar. Astronomiyadan tutmuş, ta doğum evlərinə qədər. Bir deputat, Azərbaycan vətəndaşı kimi hesab edirəm ki, hər bir insanın müəyyən sektoru olmalıdır. Məsələn, mən iqtisadçıyam, elmlər doktoruyam, Azərbaycan Texniki Universitetində kafedra müdiriyəm, həmçinin Kiyev Universitetində professoram. Mən Azərbaycanın sosial-iqtisadi modeli, beynəlxalq iqtisadi əlaqələr, iqtisadi məsələlərlə, araşdırmalarla bağlı hər zaman danışmağa hazıram. Bir dəfə mənə aidiyyatı olmayan bir mövzudan sual vermişdilər. Mən də dedim ki, bu mənim mövzum, sahəm deyil. Bu sahəyə aidiyyatı olan şəxslərdən cavab soruşun…”
Zehini qabiliyyəti güclü, ağıllı, zkalı, rəvan və məntiqli nitqi ilə auditoriyanı ələ ala bilən adamdır. Çox nadir hallarda əsəbləşir. Cəsarətlidir, ona müxalif olan kəslərlə üz-üzə gəlməkdən çəkinmir. Siyasi savadı yetərincədir, şəraitə uyğun hərəkət etməyi, mükəmməl fikir yürütməyi bacarır. Mövzu qıtlığı yaşamır, hər bir mövzuda mütəxəsis səviyyəsində danışmağa savadı çatır. Beyni saat dəqiqliyi ilə işləyir, çox nadir hallarda səhvə yol verir…
“Mən Lənkəranda seçicilərimlə görüşəndə Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin struktur bölmələrinin rəhbərləri də orada iştirak edirlər. Seçici mənə görüşdə müraciət edir ki, “iş istəyirəm”. Yerindəcə həmin strukturun nümayəndəsinə deyirəm ki, nə iş var? Həmin strukturun nümayəndəsi də deyir ki, məsələn, bənna, sürücü işi var. Və həmin adamın problemi yerindəcə həll edilir. Mənim hər dəfə seçicilərimlə görüşümdə 30-40 adam iştirak edir. Onların içərisində rayonun ağsaqqalları da olur. Bir qisim adam var ki, Azərbaycan dövlətinin, hökumətinin dəstəyi nəticəsində fikirləşirlər ki, işləməsə də sosial müavinət ala, pensiyaya tez çıxa bilər. Mən onun tərəfdarıyam ki, həmin o müavinətləri həqiqətən ehtiyacı olanlar almalıdır. Sağ olsun nazir Sahil Babayev. Çünki o, bu prinsipləri əsas götürür. Elə adamlar var ki, görüşə gələndə baxırsan ki, xarici görünüşcə Herakldan, Herkulesdən geridə qalmır. Ancaq əməyə marağı ölüb. Bu hal təkcə Azərbaycanda müşahidə edilmir. İnkişaf etmiş ölkələrdə də olur. Onların vətəndaşlarını mən başa düşürəm. Onlarda sosial təminat çox yüksəkdir. Almaniya, Fransa, İsveç kimi ölkələrdə işlədin-işləmədin sənə müavinət verilir. Hindistan, Çin, Filippin, İndoneziya kimi ölkələrdə isə kasıblıq çox olduğuna görə, işləməyə razılaşırlar. Azərbaycan xalqı kimi də işgüzar xalq bəlkə də dünyada yoxdur. Mən bunu hər yerdə demişəm, deyirəm və deyəcəyəm də. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələn kimi torpaqları insanlara payladı. Bundan sonra isə insanlar başladılar əkib-becərməyə. Ancaq bununla yanaşı, bir qisim insan da həmin torpaqları əkib-becərmədilər…”- söyləyir.
Bəli, söhbət millət vəkili Rüfət Quliyevdən gedir. O, 1963-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub və 1986-cı ildə həmin universiteti bitirərək, Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. Baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində işləyib. 1995-ci ildən iqtisad elmləri namizədi, 2004-cü ildən isə iqtisad elmləri doktorudur. 2006-cı ildən Azərbaycan Texniki Universitetinin professorudur. Hazırda həmin universitetdə kafedra müdiri vəzifəsində çalışır. Bir neçə çağırışdır ki, Milli Məclisin bitərəf deputatlarından biridir. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilir…
Deyir ki,- “Danmıram, hər yerdə olduğu kimi Lənkəranda da işsizlik problemi var, amma səmimi olaraq bir şey söyləmək istəyirəm. Bir neçə il bundan öncə Lənkəran zonasında elan etdim ki, xüsusi bir qurumla danışmışam, 2-3 “Qazel” markalı maşın ayıracaq və maşının üzərində də telefon nömrəsi. Məhsulunu satmaq istəyən adam zəng edib desin ki, mənim filan qədər məhsulum var və satmaq istəyirəm. Həmin o qurumun əməkdaşları gəlib məhsulu alacaqdılar. Həmin məhsulun bazar qiymətinin 60-70 faizinin məbləği də veriləcəkdi. İndi isə siz mənə sual verin ki, Rüfət müəllim, nə qədər adam zəng etmişdi? Heç nə qədər. Düzdür, Azərbaycanda elə rayonlar var ki, orada insanlar torpağı əkib-becərirlər. Məsələn, Cəlilabadda, Şəmkirdə. Mən düşünürəm ki, insanın sahibkar olmağı Allahdan gələn bir şeydir. Yazıçı, jurnalist kimi. “Mən sahibkar olmaq istəyirəm deməklə” sahibkar ola bilmərəm. Sovet vaxtı maşınla inək aparan zaman sahə müvəkkili adamın qarşısını kəsirdi. İndi isə dövlət hər cür şərait yaradıb. Cənab prezident də hər dəfə qeyd edir ki, “sizə maneçilik törədirlərsə, şikayət edin və biz bu problemi həll edək.”
Onu “YouTube” platformasındakı və televiziya kanallarındakı müxtəlif verilişlərdə tez-tez görmək olar. Maraqlı söhbətləri ilə qoyulan mövzuları əhatə edə bilir. Hiss olunur ki, səmimiyyəti təbiidir, içinin dərinliklərindən qopub gəlir. Elmə, təhsilə önəm verir.
“Hesab edirəm ki, bu gün elmə sərf edilən pulu artırmaq lazımdır. Doğrudur, bu öz effektini 1-2 ilin içərisində verməyəcək. Ən azı 20-25 ildən sonra görünəcək. Bu gün büdcəni formalaşdıran zaman daha çox 3-5 il qabağı fikirləşirlər, nəinki 25 il qabağı. Əsas problem budur. Hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif institutların olması vacibdir. Amma onlardan “Nobel” mükafatı laureatı səviyyəsində nə isə gözləmək çox çətindir. Bunun üçün köklü formada islahatlar aparmaq lazımdır. Onu da qeyd edim ki, islahatlar aparan zaman akademiyada müəyyən problemlər yarana bilər. Azərbaycanda təxminən 1500 elmlər doktoru, 7500-8000 elmlər namizədi var. Bu qədər elm adamına qiymət vermək üçün hesab edirəm ki, onların hamısından mənəvi cəhətdən üstün olmalısan. Onların içərisində elələri var ki, öz üzərilərində daim işləyir. Elələri də var ki, işləmir…”
İki oğlu var. Övladlarının həkim olmalarını arzulasa da, hər ikisi də atalarının yolunu seçiblər. Oğlanlarından biri Amerika Universitetini Dubayda bitirərək İspaniyada bir illik MBA proqramı da keçib. Digər oğlu isə Qətərdə ali təhsil alıb. Bir ata kimi övladları ilə fəxr etdiyini dilə gətirir…
Mayın 6-sı Rüfət müəllimin 60 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Elman Eldaroğlu