Media islahatlarının Prezident fərmanından başlanan dövrü – bir ildə nələr oldu…

Media islahatlarının Prezident fərmanından başlanan dövrü – bir ildə nələr oldu…

Müşfiq Ələsgərli: “MEDİA kimi qurumun daha geniş səlahiyyətlərlə meydana çıxmasını da buna misal göstərə bilərik”

Məlum olduğu kimi, Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Prezidenti 12 yanvar 2021-ci ildə Fərman imzalayıb.

Bəllidir ki, bu addım Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə atılıb. Bu fərmandan sonra media sahəsində önəmli addımlar atılıb. Xüsusilə də MEDİA-nın yaradılmasını buna misal göstərə bilərik. Görünən budur ki, son illər media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətlə media arasında kommunikasiyanın inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, onun beynəlxalq əlaqələrinin genişləndirilməsi, media sahəsində beynəlxalq platformaların yaradılması istiqamətində xeyli işlər görülüb. Jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsi, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsi məqsədilə normativ hüquqi bazanın yenilənməsi və “Media haqqında” Qanunun qəbul edilməsi baş verib.

Media sahəsindəki islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Fərmanı ilə jurnalistlər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslərin siyahısına daxil edilib.

Cəmiyyətin informasiya təminatında operativlik və keyfiyyət yüksəlib, media və sosial şəbəkələrdə qaldırılan məsələlərə dövlət orqanları tərəfindən dərhal reaksiya verilir. Dövlətin həyata keçirdiyi siyasətin, qəbul olunmuş qərarların mahiyyətinin ictimaiyyətə çatdırılması və izah olunması işinin keyfiyyəti və çevikliyi kəskin dərəcədə yüksəlib.

Bu müddət ərzində başqa hansı yeniliklər nəzərə çarpır?

Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda medianın yeni qlobal trendlərə uyğunlaşması üçün ciddi şəkildə işlər həyata keçirilir: “2018-ci ildən başlayaraq bu istiqamətdə kardinal dəyişikliklər nəzərə çarpır. 2021-ci ilin yanvar ayında Prezidentin media sahəsində islahatların dərinləşməsi ilə bağlı Fərmanı oldu. Bu Fərman prosesi daha da sürətləndirdi. Biz görürük ki, ölkədə informasiya  işinin özü yenilənir. Yalnız medianın yenilənməsi kontekstindən bu məsələyə yanaşa bilmərik. İnformasiya sahibi olan dövlət qurumlarının özlərinin işində yeniliklər müşahidə edilir. Görürük ki, cənab Prezidentin özü sosial medianın imkanlarından yararlanır. Onun tanınan sosial şəbəkələrdə hesabları mövcuddur və ən interaktiv formada yenilənir. Bu nümunəyə görədir ki, başqa dövlət rəsmiləri və dövlət qurumları da sosial mediafa aktivlik nümayiş etdirirlər. Biz şahidi oluruq ki, Prezident yerli KİV-lərə müsahibələr verir, canlı görüşlər keçirir. Nümunələr çoxdur, hamısını sadalaya bilmərik. Dövlətin informasiya işinə məsul olan qurumlarının da fəaliyyətində inkişafın şahidi oluruq. MEDİA kimi qurumun daha geniş səlahiyyətlərlə meydana çıxmasını da buna misal göstərə bilərik. Peşəkar media ilə bağlı da kompleks dəstək proqramları həyata keçirilir. Ölkədə yeni media qanunveticiliyi qəbul edilib. Bu da jurnalistlərin institutlaşması, peşəkarlığının artırılmasına şərait yaradır. MEDİA vasitəsilə  KİV-lərə maddi dəstək göstərilir. Jurnalistlər üçün peşəkar kurslar təşkil olunur. Mühüm məqamlardan biri də budur ki, media savadlılığının artırılması qarşıya məqsəd qoyulur. Yeni qanunda bu tələb də əsas kimi qoyulur. Nailiyyətlər çoxdur”.

Məhəmmədəli QƏRİBLİ

Share: