Mediada müəlliflik problemini doğuran səbəblər – KİMDİR HAQLI?   

Bu dəfə öz problemlərimizdən danışaçağıq. Jurnalist həmkarımız Seymur Verdizadə bir müddət öncə iş yerini dəyişib. Köşə yazarı uzun illər oxucuları ilə görüşdüyü Qafqazinfo.az saytı ilə əməkdaşlığını dayandırıb. Bunun  səbəbi isə hamımız, xüsusilə köşə yazarları və araşdırmaçı jurnalistlər üçün çox maraqlıdır.

S.Verdizadənin sevimli işindən və dostlarından ayrılmasına onun köşə yazılarının, yəni sırf müəllif məhsulunun digər saytlarda eyni qaydada köşə yazısı kimi yayımlanması olub. İlk baxışda deyəcəksiz ki, burada nə var ki, hamının yazısı bir saytdan köçürülərək digərlərində eynilə yayılır. Məsələ də elə ondadır, “copy-paste” yayımlar müəlliflərin və onların qonorar aldığı saytların işinə ciddi əngəl yaradır, hətta bu qurumların maddi itkilərinə səbəb olur.  S.Verdizadə ilə qafqazinfo.az saytı arasında bu mövzuda yaranan narazılıq da həmkarımızın işini itirməsi ilə nəticələnib.

“Sənə qonorar ödəyirəm ki…”

“Mən uzun illərdir bu saytla əməkdaşlıq edirəm. Köşə yazılarımın müqabilində həmin redaksiya mənə qonarar ödəyir. Maraqlı yazılarım daha çox oxunduqda isə sayt buradan xeyli sayda “İP” qazanır ki, indi elektron informasiya vasitələrinin qazancı da əsasən buna görə formalaşır. Ancaq başqa saytlar da mənim köşə yazılarımı öz səhifələrində yerləşdirirlər. Bu mənim üçün problem deyil, çünki imzam tanınır, oxucularımın sayı artır. Təbii ki, bu, həmin saytların giriş saylarına da təsir edir. Amma buna görə qafqazinfo.az-dan başqa heç bir sayt mənə əlavə qonorar ödəmir. Saytın baş redaktoru isə deyir ki, mən sənə qonorar ödəyirəm ki, sənin yazın ancaq bu saytda getsin. Başqaları yayımlayanda qafqazinfo.az-ın giriş saylarına mənfi təsir edir. Hesab edirəm ki, baş redaktor bu məsələdə haqlıdı. Ancaq mənim elə bir imkanım yoxdur ki, bütün gün saytları izləyim və yazılarımı oradan sildirim. Buna marağım da yoxdur, çünki həmin saytların rəhbərləri ilə digər sahələrdə əməkdaşlıq edirəm, informasiyalar verirəm.  Əgər onlara desəm ki, köşə yazılarımı dərc eləmə, o zaman digər əməkdaşlıq əlaqələrimi də kəsmək məcburiyyətində qalacam. Bu isə mənim aylıq gəlirlərimə, işimə mənfi təsir edir. Ona görə də rəhbərliyin əməkdaşlığı dayandırmaq təklifini anlayışla qarşıladım”.

Bundan sonra həmkarımız digər bir saytla əməkdaşlıq etməyə başlayır və köşə yazılarını orada dərc etdirir. Əvəzində isə qonorar alır. Ancaq burada da eynilə əvvəlki kimi “copy-paste” ilə üzləşib. Bununla mübarizə aparmağa isə çox çətinlik çəkir:

“Bu saytda da dərc edilən köşə yazılarımı başqa saytlar yayımlamağa başladı. Təbii ki, redaktor da buna narazılıq elədi. Bir gün səhər yazını sayta yerləşdirəndən sonra kompüterin qarşısında oturub saytları izlədim. Yazılarımı gördükdə silmələrini xahiş etdim. Axşam saat 11-ə kimi ancaq həmin yazı ilə məşğul oldum. Digər bütün işlərim yarımcıq qaldı. Və anladım ki, ayda 4-5 dəfə yazdığım hər yazıya və aldığım az miqdarda qonarara görə bu qədər vaxt sərf etməyə dəyməz. Ancaq başqa çıxış yolu da tapa bilmirəm”.

Süni bazarda etik qaydalar arxa planda qalır  

S.Verdizadənin problemi media ilə bağlılığı olan bir çoxlarının az qala hər gün üzləşdiyi məsələdir. Ancaq indiyədək bu məsələlər ciddi şəkildə müzakirə edilməyib və köçürmələrə, media orqanlarına vurulan ziyana görə kimsə məsuliyyətə cəlb olunmayıb. Müəllif hüquqlarının belə kodub formada pozulmasının da özünəməxsus səbəbləri var.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, bu problemin ortaya çıxmasında əsas 2 səbəb mövcuddur:

  1. Ənənəvi media resurslarının inkişaf etməməsi;
  2. Mediada etik qaydaların arxa planda qalması.

“Etik qaydalar o zaman önə çıxır ki, media orqanı və ya jurnalist bazarı itirmək qorxusundan daha peşəkar olur. Bəllidir ki, Azərbaycanda media bazarı monopoliyalaşıb və süni bir  bazar mövcuddur. Belə olan halda  bazar oyunçuları da  reklam uğrunda mübarizədə maraqlı deyillər. Ona görə də sifarişli media heç bir qaydaya əməl etmir. Bu da müəllif hüquqlarını qorumamaqlarına dair heç bir məsuliyyət yaratmır. Nəticədə qeyri-peşəkar münasibətlər ortaya çıxıb”.

Qeyri-etik “müəlliflər” meydan sulayır

Qeyd edək ki, “Müəllif hüquqları haqqında” qanuna əsasən, köşə yazarları öz əsərlərinə daha ciddi yanaşaraq  münasibətlərini rəsmiləşdirə bilərlər. Bunun üçün onlar Əqli Mülkiyyət Agentliyinə müraciət edərək həmin köşəyə konkret ad altında patent almalıdırlar (Bunun üçün tələb olunan rüsüm da simvolikdir – cəmi 5 manat). Belə olan halda digər saytlardan yazını çıxarmağı və müəllif hüquqlarını pozduqlarına görə təzminat tələb etmək daha asan olacaq. Ancaq bu gün yazarlar, jurnalistlər öz hüquqlarından istifadə etməyə meylli deyillər. Ona görə də xüsusilə onlayn mediada müəllif hüquqları və müəllif haqlarının pozulmasına hər addımda rast gələ bilirik.

Eyni fikirləri paylaşan Ələsgər Məmmədli  digər səbəbləri də önə çəkib:

“Bu gün çox sayda media qurumları şikayət edir ki, onlar əziyyət çəkib yeni məhsul ortaya qoyurlar və dərhal hansısa İP-si əsas saytdan da çox olan sayt onu götürüb yayımlayır. Həmin orijinal xəbər isə öz əhəmiyyətini itirmiş olur. Ənənəvi teleradio yayımı olmayan adam belə tək kamera ilə çox az xərclərlə ortaya qoyduğu videoya bəzən 100 minlərlə izləyici toplaya bilir. Əlbəttə bunun arxasında daha asan yollarla informasiyanı əldə etmə və yayma cəhdləri də  yatır.  Azərbaycanda  jurnalist etikası baxımından müəllif hüquqlarının qorunması vacibdir.  Həm də qanunvericilikdə müəyyən hüquqi məsuliyyətlər nəzərdə tutulur.  Amma buna baxmayaraq bununla bağlı ictimai qınağın və hüquqi prosedurların zəif işləməsi pozuntuların daha yayğın, daha geniş vərdiş almasına gətirib çıxarıb. Hüquqi məsuliyyət məsələsində də ciddi problemlər var. Çünki çox sayda insanın məhkəmələrə inamı, etibarı yoxdur. Məhkəmələrə getməyin perspektivini görmürlər, eyni zamanda nəticəsiz iş kimi başa düşürlər. Ayrıca mediada müəllif hüquqlarına olan tələbləri pozan tərəflər hansısa iri məmurun himayəsindədirsə, məhkəmə ona qarşı qərar qəbul edə bilməyəcək. Belə olan halda məhkəməyə də gedilmir və praktik olaraq hüquqi təsir mexanimi də axsamağa başlayır”.

Məhkəmələr də ixtisaslaşmalıdır

Hüquqşünas hesab edir ki, bu tipli məsələlər müəllif hüquqları üzrə ixtisaslaşmış məhkəmədə araşdırılarsa, qabarıq problemlərin həllinə çox faydalı olar: “Orada hər kəs bləcək ki, hakimlər də bu sahəni detallarına qədər bilir, orada çalışan digər əməkdaşlar da.  Belə məhkəmədə  standartlardan kənar prosedurlar da müəyyən oluna bilər.  Tutaq ki, mülki işlərlə bağlı qərar ən tezi 6 ay müddətində verilirsə, burada bu müdddət 15 gün ola bilər. Çünki müəllif hüquqlarının pozulması ilə bağlı faktları təqdim etmək və sübut etmək daha asandır”.

Ələsgər Məmmədli köşə yazarı Seymur Verdizadənin yazılarının digər saytlarda yaylması və bununla bağlı narazılıqların ortaya çıxmasına da münasibət bildirib. Qeyd edib ki, bu münasibətlərdə müəlliflik hüququ saytın redaksiyasına keçir və onun müdafiəsi də redaksiyanın üzərinə düşür:

“Müəllif hüquqları iki hissəyə ayrılır. Burada  bir kommersiya dəyəri də var. Sayt yazını sifariş edib, əvəzində qonarar ödəyirsə, bu zaman həmin yazının müəllif hüquqları da sayta keçir. Əgər hər hansı hüququ və ya fiziki şəxs əqli mülkiyyət hüququna sahibdirsə, onu özü qorumalıdır. Burada saytın tələbi yersizdir. Əgər müəllif həmin yazını 2-ci, 3-cü şəxslərə satıb əvəzində pul alıbsa, o zaman müəllifə qarşı tələb irəli sürmək olar. Ancaq bu halda sayt mənimsənilmiş hüququnu özü bərpa etməlidir. Məhkəmədə öz hüququnu qoruya bilər”.

Baş redaktor nə deyir?

Yaranan problemlə bağlı Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərudun fikirlərini də öyrəndik. Baş redaktor da hüquqşünasla eyni fikirləri bölüşür: “Azərbaycanda müəllif hüquqları ilə bağlı nə qanunvericilik işlək vəziyyətdədir, nə də etiket qaydaları öz yerindədir. Müəllif hüquqlarını qorumaq, istinad mədəniyyəti formalaşmayıb. Azərbaycanda Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərsə də qanunvericilik işlək vəziyyətdə deyil”.

Mövcud qanunlar çərçivəsində öz yazılarına dair hüquqların təmin edilməsi ilə bağlı addımlar atmasına gəlincə, E.Ərud bu günədək bu hüququndan istifadə etmədiyini bildirib: “Bu məsələ ilə bağlı cinayət tərkibli bir cəza yoxdur. Gedib tapıb kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək olmur. Bu daha çox mənəvi məsələdir. İnternet mediada bunu qorumaq çox çətindir”.

Baş redaktor S.Verdizadənin saytdan getməsinə də aydınlıq gətirib. Bildirib ki, buna  səbəb redaksiyanın daxili nizam-intizam qaydalarının pozulması olub: “Bizə yazı yazan şəxs həmin yazını başqa yerə verməməlidir. Başqa sayt götürüb verirsə, istinad etməlidir. Bu qaydalar pozulmuşdu. Həm də 7-8 ildir Seymur bizdə işləyib, sözünü deyib. İndi yeniliklərə ehtiyac var. Düşünürəm ki, onun məsələsi müəllif hüququ ilə bağlı deyil. Azərbaycanda indi vəziyyət çox çətindir. Bir yazıya 200 manat qonarar verib müəllifdən alırsan və sayta qoyursan. 2 dəqiqədən sonra başqası atasının malı kimi götürüb öz saytına qoyur. Bununla mübarizə aparmaq mümkün deyil. Bu sırf mənəvi məsələdir. Bunun üçün etik qaydalara riayət edən, başqasının haqqını, hüququnu qoruyan, başqasının haqqını oğurlamayan cəmiyyət lazımdır. O da hələlik nə bizdə, nə də dünyanın əksər ölkələrində yoxdur”.

Sizi və yazınızı qoruyan sənəd

Elə isə dünya təcrübəsində bu məsələlər necə tənzimlənir? Onlayn media orqanları öz haqlarını necə qoruyurlar? Bu və digər suallara bir müddət əvvəl xarici ölkələrdə müəllif hüquqlarının qorunması sahəsi ilə məşğul olan hüquqşünas Ceyhun Haqverdiyev cavab verib. Bildirib ki, jurnalistlər öz haqlarını başqasına “hədiyyə” etməmək üçün yazılarını dərc edən redaksiya ilə eksklüziv müqavilə bağlamalıdırlar:

“Müəlliflərlə redaksiyalar arasındakı hüquqi münasibətlər müqavilə ilə tənzimlənə bilər. Bunun üçün öncədən redaksiya ilə yazı müəllifi arasında eksklüziv yayım hüququna dair müqavilə bağlana bilər. Orada müəllifin yazısının yalnız həmin saytda yayımlanmasına dair razılıq olmalıdır. Bu zaman digər saytlar da yazını yayarkən ilk mənbəyə – həmin sayta istinad etməlidirlər. Çünki yazının eksklüziv yayım hüququ yalnız bir sayta məxsusdur. Azərbaycanda bu təcrübədə geniş yayılan hal deyil. Ancaq Amerikada və Avropa ölkələrində yazarların hüquqları müqavilə ilə qorunur və təmin edilir. Müqavilə  gələcəkdə tərəflərə dəyə biləcək ziyanın əvəzinin ödənilməsində də əsas sənəd kimi istifadə olunur. Tərəflər müəllif hüquqlarının pozulduğunu iddia etdikdə bu müqaviləyə istinad edərək maddi və ya mənəvi təzminat tələb edə bilərlər. Yəni əgər yazar bir yazını eyni zamanda 2 sayta verərsə, bu müqavilənin pozulması sayılır və qarşı tərəf onun məsuliyyətə cəlb edilməsini tələb edə bilər”.

Özümüzə qiymət vermirik

Bəs Azərbaycanda yazarlar niyə bu təcrübədən istifadə etmirlər? C.Haqverdiyev bunu iki səbəblə izah edib:

“Birincisi, yazarlar öz əziyyətlərini, beyin məhsullarını, elmi işlərini qiymətləndirmirlər. İkincisi, həmin məhsulları yayan şirkətlər öz məsuliyyətlərini anlamırlar. Bizdə müəllif hüquqlarının qorunması hüquqi baxımdan çox aşağı səviyyədə olduğuna görə ictimai etimad da çox aşağıdır. Ona görə də insanlar müəllif hüquqlarının qorunmasına çox ciddi baxmırlar. Yazının harda yayımlanması onlar üçün önəmli deyil. Ancaq o yazının gətirəcəyi şöhrət barədə daha çox düşünürlər. Təbii ki, yazı qarşılığında qonorar alırsa, razılaşmadan asılı olaraq müəlliflik hüququ da qarşı tərəfə keçir. Ola bilər həmin müəllif müxtəlif media orqanları ilə əməkdaşlıq edir. O zaman bir sayt müəllifə ancaq onun üçün yazmağı təklif edə bilər. Əvəzində gəliri də çox olmalıdır ki, başqa yerə yazmasın. Ancaq müəlllif gözlədiyini almırsa, ayrı-ayrı müqavilərlə eyni vaxtda bir neçə saytla əməkdaşlıq edə bilər”.

Hüquqşünas onu da vurğulayıb ki, redaksiya ilə yazı müəllifi arasında münasibətləri tənzimləyən müqavilə yoxdursa, tərəflər öz risklərini özləri daşımalıdırlar. Yazar onun razılığı olmadan yazısının digər media orqanında yayımlanması riskini göz önünə almalıdır. Redaksiya da nəzərə almalıdır ki, müəllif həmin yazısını başqa bir yerə verə bilər. Çünki bununla  bağlı ortada hüquqi sənəd yoxdur.

Yeni qurumdan gözləntilər 

Xatırladaq ki, 2018-ci il aprelin 20-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla müəllif hüquqları Agentliyinin bazasında yeni qurum – Əqli Mülkiyyət Agentliyi  yaradılıb. Mütəxəssislər və media mənsubları bununla mediada tez-tez rastlaşdığımız müəllif hüquqları ilə yaşanan problemlərin aradan qaldığılması üçün işlək mexanizmin yaradılacağına inam idafə ediblər. C.Haqverdiyev isə hesab edir ki, yeni qurum qabaqcıl ölkələrin təcrübəsini tətbiq etsə və elektron xidmətləri artırsa daha effektiv olacaq. Müəllif öz hüququnun pozulması barədə məlumat verməsi üçün elektron müraciət forması olarsa, bu, daha çevik qərarlar verməyə xidmət edər. Ancaq bu da kifayət deyil. əgər müraciətə dərhal reaksiya verilərsə, müəlliflə əlaqəyə girib araşdırılarsa, bu xidmət müəllif hüquqlarının qorunması ilə bağlı müsbət nəticələr verə bilər.

Fərqanə Allahverdiqızı

 

 

 

 

 

 

 

 

 

Share: