Medianın dini təhlükəsizlikdə rolu…

Medianın dini təhlükəsizlikdə rolu…

(Məqalə Azərbaycan Respublikası DQİDK-nin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur!)

Müasir dövrümüzdə media qurumları insan həyatının ayrılmaz bir parçasına çevrilmişdir. İnsan oğlunun həyatı media vasitələri ilə sıx əlaqədə olduğundan hal-hazırda mediasız yaşamaq olduqca çətin və məşəqqətlidir.
Onu həyatımızdan tamamilə təcrid etmək yanlış olduğu kimi, tam mənada nəzarətsiz buraxmaq da yanlış və yolverilməzdir. Bunu məqalənin davamında daha ətraflı aydınlaşdırmağa çalışacam.

Medianın anlamı, əhəmiyyəti və vəzifələri…

Bəşər həyatının önəmli sahələrindən biri də, media sahəsidir. Bu gün media dedikdə, müxtəlif sahələri əhatə edən və insanlara müxtəlif mövzularda xəbər və şərhləri çatdıran, həmçinin təyin edilmiş çərçivədə insanlara həyat tərzini aşılayan qəzet və jurnallar, telekanallar, internet portalları və sosial şəbəkələr nəzərdə tutulur.
Müasir dövrümüzdə media qurumlarını olduqca güclü bir silah adlandırmaq heç də, əsassız sayıla bilməz. Çünki sözün həqiqi mənasında medianın kəsəri və qüdrəti hər silahdan daha təsirli və daha güclü görünür. Hətta demək olar ki, media qurumlarının insanlar və toplum üzərində təsir imkanları bir çox hallarda valideynin öz övladı üzərində təsir imkanından daha da güclüdür.
Media qurumları öz fəaliyyətində müstəqil və ədalətli, həm də dəqiq və qərəzsiz olmağa çalışmalı, hansısa əcnəbi bir ölkə, qurum, dairə və ya şəxsin təsiri altında fəaliyyət göstərməməlidir. Əks təqdirdə dövlət və xalqın mənafei unudular və beləliklə də, cəmiyyətdə hərc-mərclik yaranar, sonda isə Dövlətçilik sarsıla bilər. Bütün bunları sübut etmək üçün özümüzü zəhmətə salmağa ehtiyac yoxdur. Çünki media vasitələri ilə dünyanın müxtəlif ölkələrində kütlənin səfərbər edilərək qiyam və üsyana qaldırıldığı, kənd, şəhər və ölkələrin viran edildiyi və uzun illər boyu formalaşmış hakimiyyətlərin sarsılaraq süqut etdiyini ayrı-ayrı region və ölkələrdə müşahidə etmişik. Bu baxımdan, dövlət belə bir mühüm gücü diqqətdən kənarda saxlamamalı, eyni halda media sahəsində çalışanların qayğısını çəkməlidir.
Dövlət və Hökumət orqanları media qurumlarının ayrı-ayrı ölkələrin təsiri altına düşməsi və beləliklə də, düşmənin dəyirmanına su tökməsi məsələsini diqqət mərkəzində saxlamalı, onların fəaliyyət proqramı və hüdudları təyin edilməli və medianın məqbul sayılan azadlıqları qorunmaq şərti ilə onların üzərində ciddi nəzarət tətbiq edilməlidir. Etiraf etmək lazımdır ki, bu günümüzdə nəzarətsiz media bir çox alınmaz qalalar və müqtədir ölkələr üçün “Troya atı” kimidir…
Müxtəlif media qurumları da, təyin edilmiş qanun və hüdudlara ciddi şəkildə riayət etməlidirlər. Onların fəaliyyət proqramı çərçivəsində insanlara vaxtı-vaxtında doğru, dəqiq və qərəzsiz xəbərləri çatdırmaq, xalqın dünya görüşünü yüksəltmək, insanlar arasında vətənpərvərlik hissi, elm və bilik, müasirlik, mədəniyyət, etika və əxlaq, nikbinlik və insani dəyərləri rəvac vermək, insanları müxtəlif vasitəsilə maarifləndirmək və s. sadalamaq olar.
Media qurumları həm də, öz fəaliyyətində tam ciddi olmalı, heç bir halda izləyici sayını artırmaq və s. bu kimi cılız hədəflərə görə müxtəlif proqram, yazı, reportaj, məqalə və s. ilə ailələrin təməl prinsiplərini sarsıtmamalı, həmçinin kütlənin əxlaq və etik normalarına qarşı təcavüz etməməlidirlər.

2023-cü il: “Heydər Əliyev ili” və DQİDK…

Ölkə Prezidenti tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2023-cü il “Heydər Əliyev ili” adlandırılmışdır. Bununla bağlı ölkə daxili və xaricində çoxsaylı tədbirlər təşkil olunur, kitab və məqalələr yazılaraq nəşr edilir.
Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Dövlətçiliyinin memarı, Azərbaycanın siyasi, hərbi, iqtisadi və mədəni baxımdan dirçəllişi və inkişafı üçün önəmli addımlar atmış, eyni halda Azərbaycançılıq məfkurəsini təbliğ və tərvic etmiş dünya şöhrətli lider olmuşdur. Onun ən önəmli xidmətlərindən biri də, Azərbaycan dövlətçiliyini gizlin və aşkar təhdidlərdən sığortalamaq üçün gördüyü işlərdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin din kimi həssas və önəmli məsələyə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və dini icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi.
Bu baxımdan, düşünürəm ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlətçiliyi və eləcə də, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ən böyük və tarixi xidmətlərindən biri heç şübhəsiz 21 iyun 2001-ci il tarixində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması idi. Çünki həmin tarixə qədər yenicə müstəqilliyini əldə etmiş Odlar Yurdu Azərbaycan Respublikasında mövcud olan geniş azadlıq və demokratiya imkanlarına görə ayrı-ayrı ölkələrin doğma Azərbaycanda missioner fəaliyyətləri dayanmadan genişlənmiş, böyük vüsət almışdı. Ölkəmizə xarici ölkələrdən külli miqdarda, həm də çox nəfis şəkildə nəşr olunmuş dini ədəbiyyat idxal edilərək pulsuz şəkildə insanlar arasında yayımlanır, hətta, ölkəmizin bir sıra dini-ibadət ocaqları və eləcə də bəzi media orqanları xarici missionerlərin, əslində isə yabançı dövlətlərin xidmətində idi. Təbii ki, həmin dövr ərzində hər bir xarici dövlət öz dini missioner və təbliğçi qüvvələri vasitəsilə ölkəmizdə yalnız öz siyasi, ictimai, mədəni, hərbi və iqtisadi maraqlarını təmin etməyə çalışırdı. Bu da hər şeydən öncə Azərbaycan Respublikasının dövlət suverenliyi üçün olduqca ciddi təhdid sayılırdı.
Bu gün artıq DQİDK-nin yaradılmasından 22 il ötür. Bu illər ərzində Dini Komitə dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi, dini ekspertizanın təşkili, dini qurumların dövlət qeydiyyatına alınması, ölkədə dini işlərlə bağlı fəaliyyətin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi, sağlam dini ədəbiyyatın nəşri və s. bu kimi sahələrdə böyük, həm də parlaq uğurlara imza atmışdır. Lakin hələ qarşıda görüləsi çox ciddi vəzifələr də var…

Azərbaycanda media və dini təhlükəsizlik…
Azərbaycan Respublikasında din dövlətdən ayrı olsa da, Azərbaycan Dövləti dinə xüsusi hörmət və qayğı ilə yanaşır. Ötən illərin statistikalarına görə, Azərbaycan əhalisinin təxminən 93,4% müsəlman, 3,1% xristian, 3% isə hər hansı bir dinə bağlı olmayanlardır. Yerdə qalan 0,5% isə digər dinlərin mənsubları sayılır.
Hər halda əhalisinin təxminən 97% faizi dinə inanan bir ölkədə din və dini mövzularla bağlı olduqca diqqətli və həssas davranmaq lazımdır. Din özü-özlüyündə və xüsusilə də, ona saf və təmiz niyyətlə yanaşdıqda olduqca sadə, ülvi və çox faydalıdır. Lakin dinə radikallıq, siyasətbazlıq, məzhəbçilik və digər bu kimi ifrat və natəmiz niyyətlərlə yanaşdıqda bəlkə də atom və kütləvi qırğın silahlarından təhlükəli amilə çevrilə bilər. Bunun acı və tükürpədici nəticələri həm Orta əsrlərdə baş vermiş “Səlib yürüşləri”ndə, həm də yaxın tariximizdə Orta Şərqdə baş qaldırmış dini radikal-terrorist qruplaşmalarda özünü tam çılpaq şəkildə göstərmişdir.
Bu gün müasir və azad Azərbaycan Respublikası daxilində DQİDK-nin ciddi və ardıcıl fəaliyyəti nəticəsində ayrı-ayrı ölkələr və xarici dairələrin Azərbaycan xalqını bəzi dağıdıcı quruplaşmalar, ziyanverici dini tədbirlər, kitablar, söhbətlər və s. vasitəsilə yad və mənfi təsir dairəsində saxlamaq şansı kifayət qədər azalsa da, onların media üzərindən, xüsusilə də sosial şəbəkələr vasitəsilə təsir imkanları geniş, həm də inkaredilməzdir.
Düşünürəm ki, Azərbaycan Respublikası DQİDK-nin hal-hazırda ən mühüm vəzifələrindən biri də, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyalar və icmalara aid media vasitələri, xüsusilə də, ayrı-ayrı ölkələrdən idarə olunan media qurumlarına nəzarəti ələ almasından ibarət olmalıdır. İndiyədək bununla bağlı ölkə daxilində bir sıra addımlar atılsa da, hələlik sosial media üzərindən fəaliyyət göstərən fərqli sayt, səhifə və platformalara nəzarət yoxdur. Bu da, təbii ki, ölkə daxilində dinlə bağlı müəyyən problemlərə yol aça bilər və əslində açır… Qeyd etmək lazımdır ki, bu, təkcə DQİDK-nin deyil, onunla yanaşı təhlükəsizlik və digər aidiyyatı qurumların da, vəzifəsi sayılır.
Əslində müasir dövrümüzdə media üzərindən dini təhlükəsizliyi məhv etmə imkanı daha ciddi və daha böyükdür. Bu baxımdan dini sahədə fəaliyyət göstərən sayt, səhifə və sosial media qurumlarının nəzarətə götürülməsi qaçılmaz və inkaredilməz bir zərurətdir.
Heç şübhəsiz, digər sahələrdə olduğu kimi bu sahədə də yalnız məhdudlaşdırıcı yollardan istifadə tam mənada faydalı sayıla bilməz. Uyğun sahədə Dövlət orqanları tərəfindən icra edilən məhdudlaşdırıcı (xəbərdarlıq, filterləşdirmə və s.) əlavə, həm də insanlar arasında dinin mahiyyəti, dini maariflənmə, dövlət və din münasibətləri tam şəffaf və səmimi şəkildə insanlara aşılanmalı, təbliğ edilməlidir. Bunun üçün DQİDK tərəfindən dindar və inanclı kəsimin dini baxımdan doğru-dürüst və yetkin şəkildə maariflənməsini təmin edə biləcək əhatəli bir internet portalının yaradılması təklifini də, irəli sürmək olar.
Orta məktəblərdə dini bilgilərin tədrisi məsələsi də, bu mövzu ilə bir-başa əlaqəlidir. Dövlət din mövzusunu nəzarətə götürməklə onu ilkin və ibtidai mərhələdən sonadək nəzarətdə saxlamalı, məsələyə tam mənada sahib çıxmalıdır. Təbii ki, ibtidai və orta təhsil zamanı normal şəkildə dini bilgilərə yiyələnən övladlarımız din sahəsində sığortalanar, dinlə bağlı mövcud olan boşluğu ayrı-ayrı internet saytları və xüsusilə də, sosial şəbəkələr üzərindən yayımlanan dini səhifələri izləməklə doldurmağa təşəbbüs göstərməz.

Medianın dini təhlükəsizliyə verə biləcəyi töhfə…

Medianın ölkəmizdə dini təhlükəsizliyə verə biləcəyi ən mühüm töhfələrdən biri də, sağlam düşüncəyə sahib olan mötədil, vətənpərvər, dövlətçi və mədəni gənc nəsil yetişdirməkdir. Övladlarımız evdə valideyn, məktəbdə müəllimlər, gündəlik həyatımızda isə müxtəlif media vasitələri tərəfindən düzgün şəkildə tərbiyələnib sağlam və normal formada dini bilgilərə yiyələndikdə, eyni halda Vətən, Dövlət və Dövlətçilik ənənələrinin əhəmiyyəti və müqəddəsliyini öyrəndikdə, ayrı-ayrı media qurumları onları öz zəhərli təbliğatı ilə təhlükəli vadilərə sürükləməyə, ölkə daxilində xalqın dini təhlükəsizliyinə xələl yetirməyə qadir ola bilməz.
Media vasitələri yeniyetmə və gənc nəsil arasında Vətənə, Dövlətə və milli-mənəvi dəyərlərə sevgi hissi yaratmağa, ifratçı və irticaçı deyil, sağlam və mötədil dini dünyagörüşünü onlara aşılamağa çalışmalıdır. Bu mənada aşağıdakı bilgilərin hər kəsdən öncə yeniyetmə və gənc nəslimizə təlqin və təbliğ edilməsi bir zərurətdir:
– Vətəni təkcə sadə vətəndaşlar deyil, həm də kimliyi və vəzifəsi, eləcə də siyasi, ictimai və dini mənsubiyyətindən asılı olmayaraq mənsub olduğu və üzərində yaşadığı torpağın çörəyini yeyən və suyunu içən hər bir kəs sevməli və qorumalıdır.
– Hər bir vətəndaş öz vətəni, milli mənafei və dövlətçiliyinin keşiyində dayanmalı, onları sevməli və heç bir zaman onları heç bir xarici dövlət və ya dairənin maraqlarına qurban verməməlidir.
– Vətəni və dövlətçiliyinə qarşı hər hansı bir xəyanətə imza atan şəxs öz varlığı və namusuna qarşı xəyanətkarlığa da çox asanlıqla imza atar. Bu baxımdan Vətənə və Dövlətə xain kəsilənlər arasında vicdanlı vətəndaş axtarmaq mənasızdır.
– Vətəndaş dövlətçiliyi öz namusu və hətta, namusundan daha önəmli şəkildə qorumalıdır. Çünki dövlətçilik insanların asayişi, ölkənin suverenliyi, əmin-amanlığı, təhlükəsizliyi, milli-mənəvi dəyərləri, irqi və milli kimliyi, adət-ənənələri, mədəniyyəti, inancı və namusunu qoruyacaq əsas amildir. Mərkəzi dövlətçilik zəiflədiyi təqdirdə isə yuxarıda sadalananlardan heç biri amanda qalmaz və sarsılar. Unutmayaq ki, hər bir ölkə və onun milləti üçün əmin-amanlığı, rifahı və xoşbəxtliyi təmin edən əsas qüvvə dövlətçilik və hakimiyyətdir.
Heç şübhəsiz bütün bunları müasir dövrümüzdə müxtəlif media orqanları vasitəsilə təbliğ etmək və insanlara aşılamaq məktəb və valideyn tərbiyəsi qədər önəmli və kəsərli, bəlkə də daha çox təsirlidir…

İlqar İsmayılzadə (Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və “Qızıl Qələm” Media Mükafatı Laureatı)
[email protected]
12.06.2023

Share: