Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, Aprel döyüşləri zamanı yüzlərlə əsgər və zabitin həyatını xilas etməkdə xüsusi qəhrəmanlıq göstərən tibb xidməti mayoru Teymur Cəfərov koronavirusa yoluxub.
Müstəqil.Az bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə həkimin müalicəsi nəzarətə götürülüb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudovun sözlərinə görə, Teymur Cəfərov hazırda Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulub: “Son günlər Mərkəzi Hərbi Hospitalda müalicə alan reanimasiya həkimi Teymur Cəfərovun vəziyyəti pisləşib. Dünən gecə xəstə hospitalda müayinə olundu və vəziyyəti kritik hesab edildi. Saat 03: 00-dan səhərədək Gömrük Hospitalının mütəxəssisləri Mərkəzi Hərbi Hospitaldakı xəstəni EKMO aparatına qoşdular. EKMO cihazına qoşulduqdan sonra xəstənin qanında oksigen səviyyəsi 31-ə düşsə də, vəziyyəti hemodinamik olaraq sabitləşdi. Bədənin oksigen təchizatı qənaətbəxşdir. Hazırda dərin komada olan Teymur Cəfərovun müalicəsi Mərkəzi Hərbi Hospitalda davam edir”.
Millət vəkilinin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Teymur Cəfərovun müalicəsi nəzarətə götürülüb: “COVİD-19 ilə mübarizədə tibb işçilərinin təhlükəsizliyi və xəstəliklərinin müalicəsi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi nəzarətindədir. Və bu gecə də biz, Prezidentin köməkçisi Anar Ələkbərovun nəzarəti altında, Dövlət Gömrük Komitəsinin Tibbi xidmətlər şöbəsinin müdiri və müvafiq qurum rəhbərlərinin razılaşdırılmış hərəkətləri nəticəsində ən təhlükəli məqamda ölüm ayağında olan Teymur Cəfərova kömək edə bildik”.
Tural Balabəyli