Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olan və yaralananlarla bağlı özünün “Instagram” səhifəsində paylaşım edib.
Müstəqil.Az xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar.
“Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb.
Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!”