Avqustun 25-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı olub.
***
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:
– Hörmətli xanım Kansler.
Hörmətli qonaqlar.
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.
Biz Sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün Siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir.
İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər – yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək.
Bir daha xoş gəlmisiniz.
Almaniya Kansleri Angela Merkel çıxış edərək dedi:
– Hörmətli cənab Prezident.
Hörmətli Azərbaycan tərəfinin nümayəndələri.
Mən çox şadam ki, Azərbaycandayam. Biz artıq bir neçə dəfə görüşmüşük. Amma mən ilk dəfədir ki, bu ölkəyə səfər edirəm.
Bizim çoxtərəfli münasibətlərimiz var. Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək.
Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.
Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.
Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.
Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik.
x x x
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Almaniyanın Federal Kansleri Angela Merkelin şərəfinə nahar verildi.
***
Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Angela Merkeli qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verdi.
Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamladı.
Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Federal Kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin qarşısından keçdi.
Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri rəsmi foto çəkdirdilər.
***
Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Müstəqil.Az