“Zirə” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
– Kubokda ilk oyunu şərh etməyi heç sevmirəm. Birinci hissədə oynayırsan, sanki fasilədə oyunu şərh edirsən. Meydanda amansız mübarizə getdi. Əsl kubok avb-havası var idi. Mərhələ ikinci matçda həll olunacaq. Böyük hesab yoxdursa, demək, məsələ cavab görüşündə həll ediləcək. Qarşıda bizi “Şamaxı” oyunu gözləyir. İşimizi gördük. “Neftçi” haqda indi düşünməyə vaxtımız yoxdu. Futbolçularımı yaxşı mübarizəyə görə təbrik edirəm. Sadəcə ilk hissəni oynamışıq, qalıb ikinci yarı. Konsentrasiyanı itirmək olmaz.
– İlk yarıda hücuma çıxa bilmirdiz. Səbəb nə idi?
– “Neftçi” pressinq edirdi. Onlar bizi ikinci zonada qarşılayırdı. Qapılara zərbə yoxdu. İkinci hissədə iki hücum oldu. Hər iki komanda bir-birinə oynamaq imkanı vermədi. Bu da gözlənilən idi. Əvvəlki matçlar da amansız mübarizə şəraitində keçmişdi.
– Paxtman yenə zədələndi. Bu, nədən irəli gəlir?
– Bizi məyus edir. Amma onun istedadına inanıram. Allah qoysa, zədələri geridə qoyub, öz potensialını açacaq.
– Sizcə, hakim oyuna çox vaxt əlavə etdi? Sanki narazı idiniz…
– Meydanın kənarında mənə elə gəldi. Amma sonradan dəyişikliklər olduğunu , həkimlərin meydana daxil olduğunu bildirdi.