Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş insanlarla yaxın təmasda olanlara bir müddət səyahət etməməyi tövsiyə edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən mətbuat konfransında çıxış edən ÜST-ün meymunçiçəyi üzrə mütəxəssisi Rosamund Levis iyulun 23-də epidemiyanın qlobal fövqəladə vəziyyət (PHEIC) elan edilməsi qərarından danışan zaman deyib.
Jurnalistlərin suallarını cavablandıran Levis qlobal fövqəladə vəziyyət elan etmə qərarının meymunçiçəyi epidemiyasına qarşı daha mütəşəkkil beynəlxalq mübarizə aparmaq üçün alındığını vurğulayıb.
“Virusa yoluxmuş insanlar bir müddət özlərini təcrid etməli və buna görə də səyahətə çıxmamalıdırlar. Bundan əlavə, xəstələrlə yaxın təmasda olanların 9 gün ərzində bədən temperaturlarına nəzarət etmələri tövsiyə edilir”, – deyə o əlavə edib.