(Bərbər İlham Cəsurun bədahətləri haqqında)
Bölgənin sevilən gənc şairlərindən biri İlham Cəsurdur. Adıgözəlov İlham Ədalət oğlu 1988-ci il noyabrın 9-da Cəlilabad rayonunun Maşlıq kəndində anadan olub. Əvvəllər meyxana sənəti ilə məşğul olsa da, sonradan əruz vəzninin incəliklərini öyrənərək dini şeirlər yazır. Yaşadığı Maşlıq kəndində bərbər peşəsi ilə məşğul olan İlhama “Cəsur” təxəllüsünü onun meyxanaçı dostları verib.
İlham Cəsur üz tutduğu şeir dünyası klassik ənənələrə sadiqliyi ilə seçilir. Əruza meyil edən bu gənc şairin forma seçimi müraciət etdiyi mövzulardan irəli gəlir:
Mövludun olsun mübarək, kainatın sərvəri,
Ey həqiqət məktəbi,ey varlığın peyğəmbəri.
Külli aləm içrə sənsən ali, sənsən başərəf,
Sənsən e’caz aləmin təkrar olunmaz gövhəri.
Bəstərindən ləblər üstə sayə salmış xalına,
Ənbiyalar, övliyalar, yeksər olmuş müştəri.
Gərçi şah olmuş Süleyman ömrü dünya mülkünə,
Bir həqiqət mülkü var əlbət ki, sənsən rəhbəri.
Fəxridirsə həzrəti İsmailə zəm-zəm sənin,
Hər qədəmgahın müəttər bir behiştin kövsəri.
İsmi Mahmud Həqq özü, ismi Muhəmməd elçisi,
Fərq odur sən xəlq olansan, Həqq edən yox bənzəri.
Zikr edir İlham səni daim, bilir qəm eyləməz,
Hər kimin son mənzilində olsa ismin əzbəri.
İstər meyxanalarında, istərsə də dini şeirlərində ritm, intonasiya, hətta musiqi əsas yer tutduğundan onun şeirləri sevilə-sevilə dinlənilir. El şənliklərində bədahətən ritmik meyxanalar söyləyən İlham Cəsur, təziyə məclislərində, məhərrəmlik dövründə həzin səslə, kədərli avazla dini şeirlər deyir:
Bir kağız parçasına yazdı qələm: Ya Hüseyn,
Aldı hicrilə yanan qəlbimi qəm, Ya Hüseyn.
Var ümidim sənə eşqilə dolan gözlərimi,
Qoymaz Allah ola məhşər günü nəm, Ya Hüseyn.
Mende yoxdur o ləyaqət sənə pərvanə olam,
Səndə qüdrət var, özün eylə kərəm, Ya Hüseyn.
Yoxdur izzətdə, şərafətdə, şəhadətdə tənin,
Görməyib kimsə sənin qədri sitəm, Ya Hüseyn.
Qoydun islami xilas etmək üçün təhlükədən,
Qumlu səhraya şücaətlə qədəm, Ya Hüseyn.
Etdin öz canını, pak qanını islama fəda,
Batdı küfrün səsi, yüksəldi ələm, Ya Hüseyn.
Paki cisminlə ətirləndi bütün kərbübəla,
Oldu aşiqlərə eşq adlı hərəm, Ya Hüseyn.
Dərsi eşqin kim alar sən kimi bir Mövladan,
Verər öz başını, etməz veli xəm, Ya Hüseyn.
Bizi biçarələrin dərdinə dərman et, Ağa,
Verir İlham səni Zəhraya qəsəm, Ya Hüseyn.
İlham Cəsur bölgənin klassik din şairi Seyyid Miryusif Ağanın ənənələrini məharətlə davam etdirir:
İstəyir könlüm sala kuyində məskən, ya Rza,
Daxil olmaq izni ver mehmanına sən, ya Rza.
Zülmət ardından sabah vardır, deyə səbr eylədim,
Yetmək üçün vəslə etdim ömrümü tən, ya Rza.
Təşnədir titrək vücudum ol cəmalın görməyə,
Mən ləyaqət görmürəm halımda bə’zən, ya Rza.
Bir kəramət bəxşi qıl ensin gözümdən pərdələr,
Bənzəri Yusif cəmalın seyr edim mən, ya Rza.
Qəlbimin viranə olmuş xanəsin abad elə,
Qoy qədəm, bitsin susuz səhrada gülşən, ya Rza.
Öylə bir mehman olum, eşq ilə ruhum qəbz olub,
Ta qiyamət mənzilim olsun müəyyən, ya Rza.
İstəmir İlham behiştin ətri məst etsin onu,
Gər nəsib olmazsa dərgahında mədfən, ya Rza.
Dini şeirlərdə, adətən, Kərbəla şəhidlərinin müsibəti, şiələrin imamları haqqında əhvalatlar yer alır:
Nuru imamətsən, imam Əsgəri,
Həqqi vilayətsən, imam Əsgəri.
Cilveyi nur ilə, bəzənmiş üzün,
Həqdən əlamətsən, imam Əsgəri.
Gül də sənin ətrinə məstanədir,
Öylə təravətsən, imam Əsgəri.
Ərşi Xudavənd(i) bəzər namına,
Böylə şərafətsən, imam Əsgəri.
Fəth edən elm içrə bütün sahəni,
Qeybə işarətsən, imam Əsgəri.
Süfreyi ehsanın açan xilqətə,
Ali səxavətsən, imam Əsgəri.
Dərdi olan səndən alar hacətin,
Babı kəramətsən, imam Əsgəri.
Zikrin edir Həqqə yaxın bəndəni,
Qəlbə hərarətsən, imam Əsgəri.
Həşridə biçarə olan İlhama,
Eylə şəfaət sən, imam Əsgəri.
Meyxanaçı İlham qəzəlxan Cəsura qədər yüksələ bildi, yazdığı dini şeirlər isə el içində onun hörmətini artırdı. Bədahətən meyxana deməklə sənətə gələn İlham Cəsur məclisləri poetik sözlə bəzəyən bir el şairidir. Onun yaradıcılıq dünyasına baş vurmaq üşün məclislərində olmaq kifayət edir. Yaradıcılığına maraq göstərənlər üçün isə İlham Cəsuru dinləmək azdır, onu öyrənənlər onun bədahətən dediklərini yazıya almağa çalışmalıdırlar, çünki bədahətən deyilən şeirlər sonralar təkrar söylənilmir. Həm də İlham Cəsur şairliyi özünə sənət seçməyib, o öz elinin gözəlliyi qayğısına qalan bərbərlik peşəsilə ailəsini dolandırır.
Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru