Meyxoş ABDULLAH: Bakı məni heç vaxt sevməyib, mənə ögey oğul kimi baxıb…

Meyxoş ABDULLAH: Bakı məni heç vaxt sevməyib, mənə ögey oğul kimi baxıb…

Müstəqil.Az Təranə MƏMMƏDİN  “Səmimi söhbət” layihəsində tanınmış yazıçı Meyxoş Abdullahla söhbətini təqdim edir

Meyxoş Abdullah, (Abdullayev Meyxoş Kamil oğlu) 02 fefral 1962- ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olub. İxtisasca iqtisadçıdır. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

“Doktor Qəzənfər”, “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu”, “Əsir qadın” və “Qapısı gecə döyülən qadın” kitablarının müəllifidir. Əsərləri rus, türk, fars, qırğız dillərinə tərcümə olunub.

2002 – ci ildə Azərbaycan Yazıçılar Birliyinin keçirtdiyi müsabiqədə onun “Alagöz” povesti 2-ci yeri tutmuş və “Yaddaş” mükafatına layiq görülüb.“Alagöz” povesti 2021-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi ssenari müsabiqəsində 1-ci yerə layiq görülüb .

-Meyxoş müəllim, “Səmimi söhbət”in ilk ənənəvi sualı belədir: Meyxoş Abdullah kimdir?
-Bu suala cavab vermək mənim üçün çox çətindir. Ona görə yox ki, mən özümü tanımıram. Əksinə, mən özümü çox yaxşı tanıyıram. İnsan özünü tanımayanda yaşamaq onun üçün çox asan gəlir. Çünki özünü tanımayan adam, başqalarını da tanımır və heç nəyin fərqinə varmadan necə gəldi yaşayır. Özünü tanımaq, dərk etmək isə, dünyanın ən əzablı işidir. Zahiri görkəmimlə, daxili aləmim arasında təzad vardır. Daxilən çox saf və kövrək adamam, adi sızıltıdan ürəyim ağrıyır. Yaşlansam da, içimdəki o məsum uşaqlıq hissləri hələ də qalmaqdadır.
Bəzən mənə elə gəlir ki, mən yer adamı deyiləm… Hardansa uzaq planetlərdən gəlmişəm. Bu həyata heç uyğunlaşa bilmirəm… Bu həyat mənlik deyil… Mən bu dünyada özümü qərib kimi hiss edirəm. Tərkidünyalığı sevirəm… Bəzən də, mənə elə gəlir ki, mən Şamanam, ruh adamıyam…
-Maraqlıdır. Özünə şaman demək çox böyük iddiadır. Demək siz hardasa ruhlarla ünsiyyətə inanırsınız. Düzmü anladım sizi?
-Bəli. Düz anladınız. Mən ruhların varlığına inanıram və onlarla ünsiyyətə də inanıram.
-İş belə gətirib ki, siz yazıçı kimi tanınmısınız artıq. Yazıçı olmasaydınız nə edərdiniz?
-Məni qınamayın, mənə elə gəlir ki, mən elə anadan yazıçı doğulmuşam. Mənim yaşam tərzim düşüncələrim, sevgim və davranışım bu hisslərlə köklənmişdir. Təbiəti, insanları və Tanrını çox sevirəm. Bu sevgi qeyri-adi bir sevgidir, yəni heç kəsin sevgisinə bənzəməyən və oxşarı olmayan bir sevgi. Və ən təəccüblüsü də budur ki, mənim həyatda çəkdiyim bütün ağrı-acıların baisi, məhz insanlara olan rəğbətimdən və onları həddən artıq çox sevdiyimdən irəli gəlir.
Siz mənə bir insan göstərin ki, dünyada baş verən bütün haqsızlıqların günahını öz boynuna götürsün. Sizcə, elə insan varmı?! Təbii ki, yox deyəcəksiniz!.. Amma nə qədər qəribə də olsa, o insan mənəm. Ömrü boyu başqalarının etdiyi günahların əzabını çəkirəm. Amma bundan gileylənmirəm. Çünki, yazıçının həyatı, taleyi belə olmalıdır. Axı, yazıçı milyonlarla insanın fikir və düşüncələrini, ağrı və açılarını öz qəlbinin süzgəcindən keçirib yazan bir şəxsdir.
Mən mütləq yazıçı olmalıydım! Yazıçılıq mənim taleyimdir, həyat tərzimdir.
-Hər yazıçının bir ampluası olur. Siz nədən yazmağı sevirsiniz?
– Yazdıqlarım az-çox oxuculara tanışdır. Müharibə mövzusu, ailə məişət məsələləri, təbiət və sevgi məcaraları, dedektiv əsərlər… Və təbi ki, öz həyatımın ştrixləri… Ümumiyyətlə, ithaf, sifarişli yazı və məddahlıqdan başqa hər mövzudan yazmağı xoşlayıram.
-Sizin bir çox maraqlı qəhrəmanınız var. Həmin gəhrəmanların adlarını hardan götürürsünüz?
-Həyatdan. Tanıdığım, bildiyim və xoşladığım insanların adlarını əsərlərimin baş qəhrəmanı kimi seçməyi xoşlayıram. Amma bir adı özüm kəşf etmişəm. “Yatmış vicdanın oyanışı” hekayəmin qəhrəmanı Odyurddur. Bax, bu adı mən özüm kəşf etmişəm. Bu ad çox xoşuma gəlir.
-Hə. Yadımdadır Odyurd. Məncə adı kimi özü də qeyri-adi idi o qəhrəmanın . Ancaq məhz o, canı bahasına vətən torpağını azad etmək istəyənlərdən idi.
-Bəli. Elədir. O vaxtlar çox istəyirdim ki, hər bir azərbaycanlı mənim qəhrəmanım kimi cəsur olsun. Sonra bildim ki, əsgərlərimizin hamısı Odyurd qədər və ondan da cəsarətlidirlər.
-Bir hekayənizdə deyirsiniz ki, cənub bölgəsindən olanlar tez küsürlər. Siz də cənyb bölgəsindənsiniz. Küsəyənsinizmi?
-Yəqin ki, bu hal cənub bölgəsinin havasatındandır. Axı, biz tərəflərdə havalar dəyişkən və nəmişkənlik olur.
Hə, bir az küsəyənəm. Qəlbimə söz tez dəyir. O da ola, dostum və yaxud da xatirini çox istədiyim insanın sözü.
Uşaq vaxtları tez-tez küsərdim. Bir dəfə anamdan küsmüşdüm. Anam uşaq vaxtı nazımı çox çəkirdi. Bir dəfə çox nazımla oynadı ki, küsməyimin səbəbini bilsin. Axırda dedim ki, ayrandan suyu ayır mən də küsməyim. Bax belə küsməyim var idi əvvəllər. Yəqin soruşacaqsınız ki, bu yaşdadamı küsürsünüz? Cavab verim ki, yox, bu yaşda daha küsmürəm, amma inciyirəm… Hər halda, bu da ksməyin bir növüdür, elə deyilmi?!
-Elədir. Siz özünüz belə kövrək biri olarkən heç düşünmüsünüzmü ki, sizdən də inciyən, küsən olar. Küsdürdüyünüz olubmu heç?
– Əlbəttə olub. Daha çox anlaşılmazlıqdan olub yəqin ki. Amma olub.
– Meyxoş müəllim səmimi deyin, günahlarınız çoxdur?
– Əlbəttə… Hər bir insanın günahları vardır. Günahsız insan ola bilməz. Mənim günahlarım isə daha çoxdur. Axı, bayaq sizə dedim ki, mən özümü yaxşı tanıyıram. Ona görə də, etdiyim günahların hamısı mənim üçün böyük qəbahət sayılır. Amma bir məsələ var ki, bu günahların hamısını mən etməmişəm, bunu mənə məcbur ediblər. Elə hallar olub ki, mən o günahın sahibi olmasaydım, kimlər üçünsə faicə olardı. Amma hər halda günahlarım çəkimdən ağırdır, bunu etiraf edirəm..
– Yazıçılar, şairlər və rəssamlar gözəlliyi görür, sevir və vəsf edirlər. Desəydilər ki, gözəlliyin şəklini çəkin, nə çəkərdiniz?
– Gözəl qadın rəsmi… Təmiz səma… Dəniz… Su şırıltısı… Göy çəmən… bir də Yasəmən çiçəkləri çəkərdim…
– Yasəməni mən də çox sevirəm. Siz sevgi yazıçısı deyilsiniz. Yəni əsərləriniz daha əhatəlidir. Sevginin varlığına inanırsınızmı?
– Sevgi gözəl hissdir… Onun varlığı olmur, gözlə də görünmür. Havası, hissi, tamı olur, bir də ağrı-acısı… Amma bu hisslərin hamısı sonda şirin bir xəyala çevrilir. Bax, mən o şirin xəyalları sevirəm. Mənim üçün ən gözəl sevgi əl çatmayan, ünyetməyən sevgidir. O sevgi daha müqəddəs, şirin və unudulmaz olur. İnsanın Allahına olan sevgisi kimi…
– İki əsərinizi, “Alagöz” və “Əsir qadın” əsərlərinizi mən çox sevirəm.  Bu əsərləri yazarkən keçirdiyiniz hissləri anlamamaq mümkün deyil. Bu əsərlər haqda özünüz nə deyə bilərsiniz?
-“Alagöz” və “Əsir qadın” əsərlərim mənə uğur gətirən və oxucular tərəfindən rəğbətlə qarşılanan əsərlərimdir. “Alagöz” əsərim Kəlbəcər işğal olunanda, öz sevimli Alagöz atından ayrı düşən məcburi köçkün, Həsən kişinin başına gələn müsibətlərdən bəhs edir. O, itkin düşmüş Alagöz adlı atını axtarır. Bu əsər, AYB – nin 2002 – ci ildə keçirtdiyi müsabiqədə ikinci yerə layiq görülüb, “Yaddaş” mükafatını almışdır. Sonra da müxtəlif kino birlikləri tərəfindən o əsərə ssenarilər yazılıb flim çəkilməsi üçün müəyyən qurumlar qarşısında məsələ qaldırılmışdır. Sonuncu dəfə kino-rejissor Mariya İbrahimov tərəfindən bu əsərə film çəkilmək üçün səylər göstərilibdir. Amma hələ ki, ortada bir nəticə yoxdur. “Əsir qadın” əsərim isə erməni əsirliyində üç il işgəncələr görmüş Səidə adlı gənc bir azərbaycanlı qadının keşmə-keşli həyatından bəhs edir. Bu əsər də oxucular tərəfindən rəğbətlə qarşılanıbdır.
“Əsir qadın” romanım sizin tərəfinizdən rus dilinə tərcümə olunub və Leyla xanımın redaktorluğu ilə 500 nüsxə ilə nəşr olunubdur. Hər halda hər iki əsərin uğurlu olub, olmaması barədə doğru sözü oxucular deyə bilərlər.
-Musiqini sevirsinizmi? Əgər sevirsinizsə, daha çox hansı musiqini?
-Musiqini çox sevirəm. Musiqi mənim ruhumdur. Muğama qulaq asıram. Muğamlarımız ana laylası qədər mənə şirin gəlir. Ən çox sevdiyim, Sabir Mirzəyevin “Cahargah” ıdır. Onun zəngulələri bir başqa aləmdir.
Şopenin vurğunuyam. Soltan Hacıbəyovun “Karvan” suitası məni həmişə həyəcanlandırıbdır. Estrada müğənlilərimizin bəzilərinə də rəğbətim böyükdür. Şövkət Ələkbərova və Yalçın Rzazadənin mahnılarının vurğunuyam. Bir də, rəhmətlik Şəfanın “Qayıt gəl” mahnısını yaman çox xoşlayıram.
-Meyxoş müəllim, sizin dəniz sevginiz möhtəşəmdir. Niyə sevirsiz dənizi?
-Dəniz mənim xəyallarımın gerçəyidir. O mənim üçün Allahın yaratdığı bütün varlıqlardan əzizdir. Çünki o sirrli-sehirlidir. Paklıq, sevgi rəmzidir. Sirr saxlayandır. Dəniz insanın ruhunu oxşayır. Amma təlatümlü dəniz məni xoflandırır. Dənizin təlatümlü, coşub-daşan fırtınalı vaxtlarını görəndə, mənə elə gəlir ki, Allah qəzəblənibdir.
Dənizi sakit, qırçınlı ləpələriylə sevirəm. Dəniz belə vaxtlarında məsum bir gözələ bənzəyir. Bir hekayəm var; – “Sevgilim mənim”. Bu hekayəmi dəniz sevgimə həsr etmişəm.
– Həyatınızda heç vaxt unuda bilməyəcəyiniz nəsə varmı?
-Doğrusu, bu qısa ömürdən çalışmışam ki, həmişə faydalı istifadə edim. Ona görə də, yadımda qalan çoxlu irili-xırdalı hadisələr olubdur. Bəli, elə hadisələr var ki, onu ömrüboyu unutmaq olmaz. Məsələn, 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni necə unutmaq olar? Bu qələbənin sevincini bir ömür boyu yaşayacağam. Çoxdur yaddaqalan və unudulmayan hadisələr. Tək qardaşım olan və özümə həmişə arxa bildiyim Xəqani qardaşımın faciəli ölmünü elə bilirəm ki, heç vaxt unuda bilməyəcəyəm.
-İmkanınız olsa, Bakıya köçüb şəhər mühitində yaşayrdınızmı?
-Gənc vaxtlarımda bu istək məndə çox güclü olubdur. Bakıda yaşamaq, orada yazıb, yaratmaq arzusunda olmuşam. Amma məsələ burasındadır ki, Bakı məni heç vaxt sevməyibdir. Mənə həmişə ögey oğul kimi baxıbdır. Bakıdan bu soyuqluğu həmişə hiss etmişəm. İndi isə mənim elə yaş dövrümdür ki, bu yaşda olanlar doğulub boya-başa çatdığı torpağa daha çox bağlanırlar… Nədənsə, bu hiss məndə, artıq ölübdür. İndi daha çox çalışıram və istəyirəm ki, bundan sonra Bakı mənim üçün darıxsın…
-Əsərləriniz maraqla oxunur. Rusiyada nəşr olunanları da var. Oxucularınıza sözünüz.
-Təbii ki, hər bir yazıçının istəyi və arzusu oxucusunun çox olması və kitablarının geniş oxucu kütləsi arasında yayılmasıdır. Bu baxımdan mən də buna səy göstərmişəm. 40-a yaxın hekayəm, iki povestim və iki romanım rus dilinə tərcümə olunmuşdur. Bu əsərlərin tərcümə olunmasında Leyla xanım Qədirzadənin, siz Təranə xanım Məmmədin, dostum Giya Paçxataşvilinin böyük xidmətləri olmuşdur. Bundan əlavə türk dilinə hekayəmi tərcümə edən ünlü türk yazarı Eminə xanım Öksüzoğluna, “Alagöz” əsərimi fars dilinə tərcümə edən Sahra Rezayi xanıma, “Altıncı mərtəbə” hekayəmi qırğız dilinə tərcümə edən Maksun Satıldıbəyova, yenə “Altıncı mərtəbə” və “Üşüyən yarpaqlar” hekayəmi türkmən dilinə tərcümə edən Oraz Muratova təşəkkür edirəm.
-Sizin bir dəliyə həsr etdiyiniz əsər var. Səhv etmirəmsə, “Dəlixanadan gələn sevgi məktubları” əsərinizdir. Ağıllı olaraq dəlinin dəliliyini müəyyən etmək nə dərəcədə mümkündür?
-Bilirsiniz, mənim qənaətimə görə, bizim hamımızda dəlilik sindromu vardır. Yol gedə-gedə öz-özümüzə danışmağımız, adi bir sözdən əsəbləşməyimiz. Öz-zöümüzə gülümsəməyimiz və s. bunlar elə dəlilik əlamətidir. Mənim bu mövzuda iki əsərim vardır, “Dəli Bəybala” və “Dəlixanadan gələn sevgi məktubları”. Hər iki əsər oxucular tərəfindən rəğbətlə qarşılanıbdır. Mən bu əsərləri yazarkən ruhi xəstə insanların həyatından bəhs edən çoxlu ədəbiyyat oxumuşdum. Qismən də olsa onların həyat şəraiti ilə tanışlığım vardı. Hətta, rayonumuzda yaşayan və Dəli Bəybala adlı adamla hər gün görüşüb söhbət də edirdim. Onunla dostlaşmışdım da. Əslində, dəlilik düzlük anlamındadır. İnsanlar ağıllarının azlığından yox, ağıllarının çox olmasından ruhi xəstəyə çevrilirlər. Məsələn, çox eşitmişik deyirlər, filankəs o qədər çox bilirdi ki, axırda ağlı pozuldu. Və yaxud da, həddən artıq düşüncə və fikir sahibləri də sonda bu problemlərlə üzləşirlər. Ədəbiyyata gəldikdə isə, istər klassik, istərsə də, müasir ədəbiyyatımızda dəliliklə bağlı çoxlu əsərlərlə tanışıq.
– Dəli Bəybala obrazı sizə öz sözünüzü dəlinin diliylə demək imkanı verir bəlkə? Belə deyə bilərikmi?
– Bəli. Elədir. Bəzən demək istədiyimi onun diliylə deməli olmuşam.
-“Su şırıltıısı” hekayənizdəki o qadın, yaradıcılığınızda müəyyən bir rol oynadımı? Yoxsa, bu yazıçı təxəyyülüdür?
-O qadın, yaradıcılığımda yox, taleyimdə bir rol oynamaqdadır!
-Bir tanınmış yazıçıyla söhbət edərkən günah olardı ki, Şanlı Qələbəmizdən danışmayaq. Xatırlayırsınızsa, Şuşa şəhəri işğaldan azad olunanda siz mənə zəng etmişdiniz. Biz hər ikimiz bu möhtəşəm qələbəni göz yaşlarımızla qarşıladıq. O hissləri yaşamaq necə gəlir sizə?
-Bəli. O günü yaxşı xatırlayıram. O gün xalqımız üçün çox qürurverici bir gün idi. O gün xalqımızın, mən deyərdim ki, yatmış vicdanının oyanışı günüydü. Elə hisslər var ki, onu sözlə ifadə etmək mümkün deyil. Onu ancaq insanın ilk yaranışında olduğu kimi, qışqırmaqla, ağlamaqla və dəlilər kimi atılıb-düşməklə qeyd etmək olur. Başqa cür mümkün də deyildi. Həmin gün xalqımız o qələbəni o cür qeyd edirdi, həmçinin də biz. Bu qələbə möhtəşəm bir qələbə idi. Elə əlçatmaz idi ki, indinin özündə də, adama yuxu kimi gəlir. Bu qələbə yüzmin illərdən bəri aşılanan türk gücünü, türk yenilməzliyini bir daha sübut etdi.  Açığını etiraf etmək lazımdır ki, 30 illik işğal dövründə bir çox mənəvi dəyərlərimizlə yanaşı, insanların səbri də yavaş-yavaş yox olub gedirdi. Hər şeyə qarşı bir inamsızlıq yaranmışdı. Millət gücsüzlüyü, qeyrətsizliyi ilə barışmaq üzrəydi. Amma birdən-birə, elə bil xalqın yatmış vicdanı oyandı və misli görünməmiş bir qələbə qazandıq. Məni ən çox sevindirən o idi ki, iki nəfərin bir nöqtədə kəsişməyən sözləri, artıq, bu döyüşdə milyonlarla insanın sözü, hədəfi, amalı bir oldu. Bu, böyük bir nəailiyyətdir. Xalqımız heç vaxt bu qədər birlik nümayiş etdirməmişdi. Xüsusən gənclərimizə minnətdar olmalıyıq. Bu döyüşdə onlar misli görünməmiş əzmkarlıq, igidliklər göstərdilər.
Bu qələbə barədə çox danışmaq olar. Bircə, öz şəxsimdə onu deyə bilərəm ki, bu qələbə, 30 illik məğlubiyyət xiffəti çəkən bir yazıçısını, qalib bir dövlətin yazıçısına çevirdi. Buna görə mən hər kəsə minnətdaram.
– Qalib dövlətin yazışısı olaraq Meyxoş Abdullah özünü yazıçı kimi sevirmi?
– Bir insan kimi özümü sevmirəm. Yox. Sevmirəm. Amma bir yazıçı kimi, bəli, sevirəm. Əzmkarlığımı, işgüzarlığımı, dönməzliyimi çox sevirəm. Mən yazmağı yaşamaq hesab edirəm. Ona görə yazşıçı Meyxoş Abdullahı sevirəm deyə bilərəm.
-Sizə uğurlar və yeni nailiyyətlər arzusuyla ayrılıram sizdən. Yeni əsərlərinizi, yeni hekayələrinizi gözləyirik.
-Təşəkkür edirəm…
Söhbətləşdi: Təranə MƏMMƏD
Share: