MHP sədri Prezident İlham Əliyevi təbrik etdi

MHP sədri Prezident İlham Əliyevi təbrik etdi

Müstəqil.Az xəbər verir ki, Milli Həmrəylik Partiyasının (MHP) mətbuat xidmətindən verilən məlumata görə, partiyanın sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Partiya sədrinin təbrik yazısında deyilir:
“Əvvəllər 24 dekabr bütün azərbaycanlılar üçün sıradan bir gün, təqvimin adi günlərindən biri hesab olunurdu. Lakin indi biz bu günü tarixi hadisə kimi qeyd edirik. Bunun da əsas səbəbkarı Prezident İlham Əliyevdir. Açığı, öz doğum gününün tarixi hadisə kimi qeyd olunmasına nail olmaq heç də hər liderə qismət olmur. İlham Əliyev isə son 17 il ərzində buna nail olmağı bacardı. Özü də əmrlə, göstərişlə yox, əz əməlləriylə, öz İMZAsıyla, şəxsi nümunəsi ilə buna nail oldu. Bəli, son 17 ildə Azərbayanın bütün sahələrdə qazandığı uğurlar bu gün bu fikri böyük inam və fəxr hissi ilə söyləməyə əsas verir ki, Prezident İlham Əliyev öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, əsl qurucu Liderdir. Dövlət başçımız hələ 2003-cü ildə ilk dəfə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanı Qafqazın lider dövlətinə çevirə bildi. O bununla eyni zamanda “Güclü dövlət, uğurlu Lider“ konsepsiyasını reallaşdırmış və nümayiş etdirmiş oldu.
Məhz son 17 ildə qazanılan uğurların məntiqi yekunu olaraq 44 günlük müharibədə qazanılan tarixi Qələbəmizin sayəsində Azərbaycan Respublikası 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Həmrəylik gününü özünün ərazi bütövlüyü çərçivəsində, Qarabağımızla birlikdə qarşılayacaq. İstənilən bir azərbaycanlı üçün, dünyadakı bütün azərbaycanlılar üçün bundan daha möhtəşəm nə ola bilər ki? Ərazisində münaqişə ocaqları yerləşən bir çox ölkələrdən fərqli olaraq Azərbaycan hərb və siyasət tarixində bir ilkə imza atdı, 30 illik (əslində isə 200 illik) tarixçəsi olan ağır bir münaqişəni cəmi 44 gün ərzində apardığı qalibiyyətli müharibə yolu ilə həll etdi və beləliklə, dünya diplomatiyasının, böyük güclərin illərlə çözə bilmədiyi münaqişəni effektiv surətdə çözdü. Bu isə bir Liderin bütün azərbaycanlılara həqiqətən də ən böyük hədiyyəsi və əvəzsiz xidməti oldu.
Beləliklə, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik etdiyi İkinci Qarabağ Müharibəsinin Zəfərlə sona çatması zədələnmiş milli qürurumuzu, milli özgüvənimizi, savaş ruhumuzu yenidən özümüzə qaytardı. Biz ruhumuzun oyanışının canlı şahidləri olduq. Millət yenidən doğuldu. Tarix yenidən yazıldı. Məğlubiyyət tariximiz Zəfər tarixi ilə əvəzləndi. Utanc hissimiz qürur hissimizlə əvəzləndi. Millətimizin, Dövlətimizin, Ordumuzun, Ali Baş Komandanımızın düşmənin başını əzən “Dəmir Yumruğ”u azərbaycanlıların milli xarakterini və savaş gücünü bütün dünyaya göstərdi, dostlarımızı sevindirdi, düşmənlərimizi isə məyus etdi.
Bu möhtəşəm Qələbənin ssenarisini hələ illər öncə məhz İlham Əiyev yazmışdı. Onun son 17 ildə ardıcıl şəkildə yeritdiyi siyasət və qazanılan uğurlar Vətən Müharibəsindəki qələbəmizi təmin etdi. 2003-dən yazılmasına başlanılan Zəfər ssenarisi 2020-ci ildə Azadlıq meydanında Zəfər Paradı ilə başa çatdı. Dünya xalqları 2020-ci ili öz tarixlərinin ən pis ili kimi, pandemiya ili, fəlakət ili kimi qiymətləndirdikləri halda, Şanlı Azərbaycan Ordusu və bu Ordunun müdrik sərkərdəsi, Ali Baş Komandanı 2020-ci ili Qələbə ilinə çevirməyi bacardı. Bəli, biz dünyanın yeganə xalqıyıq ki, eyni vaxtda iki şərə qarşı mübarizə apardıq. Bir tərəfdən koronavirusa qarşı var gücümüzlə mübarizə aparmağa çalışdıq, digər tərəfdən isə daha böyük şərin – erməni faşizminin başını əzdik. Beləliklə, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şəhid və qazilərimizin canı, qanı bahasına Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad edildi. Millətimiz, Dövlətimiz və Ordumuz mümkünsüzü mümkün etdi, gerçəyə çevirdi. Biz Zəfər qazandıq. Bu Zəfər tarixinin isə bir müəllifi var – Prezident və Ali Baş Komandan İlham Əliyev!
Cənab Prezident tarixə torpaqlarımızın xilaskarı kimi düşdü. Son 300 ildə bu şərəfli Missiya Azərbaycan xalqının heç bir liderinə nəsib olmamışdı. Necə deyərlər, tarix əyani şahiddir. İlham Əliyev çox qısa bir zaman kəsiyində – 44 gün ərzində Azərbaycanın ən yeni tarixini – Uğur və Zəfər tarixini yazdı. Qədirbilən Azərbaycan xalqı da öz növbəsində ona Zəfər Gününün sevincini yaşadan dövlət başçımızın ətrafında yumruq kimi birləşdi. Eləcə də 50 siyasi partiya əsl Milli Həmrəylik nümunəsi göstərərək Ali Baş Komandanımızın yanında yer aldı, Ordumuza dəstək oldu. Sədri olduğum MHP də bu partiyaların cərgəsində idi. Bəli, İlham Əliyev öz liderlik xarizması ilə biz siyasiləri də bir araya gətirməyi bacardı.
Bundan sonra İlham Əliyevin tarixdə həmişə öz xüsusi yeri olacaq. Çünki o Qarabağımızı yenidən bizə qaytarmış Liderdir. Heç də təsadüfi deyil ki, 44 günlük müharibə dönəmində xarici telekanallara verdiyi müsahibələrinin birində jurnalistin “Tarixdə necə qalmaq istərdiniz” sualınını cavablandırarkən Prezident İlham Əliyev tarixdəki yerini və rolunu da məhz Qarabağ məsələsinin həlli ilə əlaqələndirmişdi: “Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub”.
Prezidentin bu cavabı mükəmməl və səmimi cavab idi. Prezident bu sözü ilə məhz xalqın fikirinin onunçün həmişə əsas olduğunu bir daha nümayiş etdirmiş. Deməli, Prezidentin tarixdə necə qalacağını da məhz xalqın fikiri müəyyən edəcəkdi. Xalqın fikiri isə artıq bəllidir. Xalqımız İlham Əliyevi hər zaman fateh Lider kimi xatırlayacaq. Biz əminik ki, İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz də tezliklə yenidən canlanacaq, dirçələcək. Qarabağ yenidən Azərbaycanın füsunkar bir parçasına çevriləcək. Xatırlayırsınızsa, Prezident İlham Əliyev Şuşanın işğaldan azad edildiyi gün demişdi ki, “Əziz Şuşa, biz səni yenidən dirçəldəcəyik!”. Prezident bu sözünü, bu vədini inşAllah tezliklə gerçəyə çevirəcək.
Mən bu gün fürsətdən istifadə edib bütün məcburi köçkünlər adından, bütün Qubadlı camaatı adından cənab Prezidentə bir daha öz təşəkkürümüzü bildirmək istəyirəm. Çünki “məcburi köçkün” adının ağır və əzici yükündən artıq xilas olmuşuq. İndi də tezliklə öz evlərimizə qayıdacağımız, öz ocaqlarımıza qovuşacağımız günü gözləyirik.
Eyni zamanda bütün MHP üzvləri adından möhtərəm Prezidentimizi doğum günü münasibətilə ürəkdən təbrik edirəm! Biz Milli Həmrəylik Partiyası olaraq Sizinlə fəxr edirik, cənab Prezident! Bütün Azərbaycan xalqı, bütün Türk dünyası Sizinlə qürur duyur! Doğum gününüz mübarək olsun! Çox yaşayın!
Hörmətlə:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri”
Share: