MHP sədri xalqımızı təbrik etdi

MHP sədri xalqımızı təbrik etdi

Milli Həmrýlik Partiyasının (MHP) mətbuat xidmətindən verilən məlumata görə, partiyanın sədri, Birinci Qarabağ müharibəsinin qazisi Əlisahib Hüseynov müqəddəs Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:
“Əziz bacı və qardaşlarım, hörmətli həmvətənlərim!
Sizi bütün müsəlmanların, bütün Türk-İslam dünyasının ən müqəddəs bayramlardan biri olan Qurban Bayramı münasibətilə ürəkdən təbrik edir, kəsdiyiniz qurbanların və etdiyiniz duaların Uca Yaradanımız tərəfindən qəbul edilməsini diləyirəm.
Bu il 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığımız Şanlı Qələbəmizdən digər bayramlarda olduğu kimi müqəddəs Qurban Bayramına da pay düşür. Bu dəfəki Qurban bayramı Zəfərimizlə çulğaşan, torpaqlarımızın azadlığı ilə zinətlənən, bir sözlə, dəyər üzərinə dəyər qazanan bayramdır. Bu ilki Qurban Bayramını 30 illik həsrətdən sonra ilk dəfədir Qarabağsız yox, Qarabağla birlikdə qeyd edirik. Doğma Qarabağına qovuşan xalqımız indi əvvəlki illərdən fərqli olaraq Qurban bayramını milli əziklik, natamamlıq hissilə deyil, böyük qürur hissi ilə qeyd edir. Odur ki, bu ilki Qurban bayramı tarixə Qarabağlı – Şuşalı, Ağdamlı, Qubadlılı, Kəlbəcərli bayram kimi düşəcək.
Bu il qalib əsgərlərimiz işğaldan azad edilmiş rayonlarımızın hər birində Allah eşqinə, şəhidlərin şərəfinə, dövlət və millət naminə qurban kəsəcəklər. Yəni ki, biz bu dəfə əsgəri ilə, ziyalısı ilə, fəhləsi ilə, siyasətçisi ilə – bütövlükdə toplum olaraq Qurban bayramını sadəcə ənənəviləşmiş bir bayram kimi, ölkəmizdə rəsmi qeyd olunan dövlət bayramlarından biri olaraq yox, ruhla bədənin (Qarabağla bütün Azərbaycanın) yenidən birləşməsini, bütövləşməsini ehtiva edən bir kult kimi, dirçəliş ayini kimi qeyd edirik. Bu mənada mənim də istər bir qazi kimi, istərsə də 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış bir azərbaycanlı kimi ən böyük arzumlarımdan biri də qarşıdakı illərdə Qarabağımızın və Şərqi Zəngəzurumuzun işğaldan azad edilmiş hər bir rayonunda qurbanlar kəsmək, torpaq uğrunda canlarını qurban verən oğul və qızlarımızın ruhları üçün o torpaqlarda, o döyüş yerlərində dualar etmək, o torpaqları bir daha görmədən həsrətlə bu dünyadan köçən böyüklərimizin əvəzindən oraları qarış-qarış gəzmək, diz çöküb torpağı öpmək, yurd yerlərimizi salamlamaqdır. Çünki şəhidlərimiz bunu haqq ediblər. Böyüklərimiz də bunu haqq ediblər. Onlar sözün gerçək mənasında fədakarlıq etdilər. Şəhidlərimiz canları ilə, böyüklərimiz isə həsrətli gözləntiləri ilə fədakarlıq etdilər, ömürlərini fəda etdilər. Bu mənada bu il Qurban bayramını məhz onlara görə xüsusi ehtişamla və şükranlıqla qeyd etməyimiz vacibdir.
Qurban bayramında Allah yolunda hər cür fədakarlığa hazır olmağın məntiqi davamını biz 44 günlük müharibədə qəhrəman əsgər və zabitlərimizin şücaətində, fədakarlığında gördük. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi altında döyüşən hərbçilərimizin, könüllülərimizin hamısı bir nəfər kimi Vətən naminə öz canından keçməyə hazır olduğunu göstərdi, üç min nəfərə yaxın Vətən övladımız şəhidlik zirvəsinə ucaldı. Bu, yer üzündəki bütün qurbanların ən ucası, ən ülvisi və ən kamilidir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan oğullarının öz canlarını torpaq uğrunda, Vətən naminə sevə-sevə fəda etmələri bütövlükdə xalqımızın Qurban bayramı kimi milli-mənəvi dəyərlərə bağlılığının təzahürü idi. Biz bu müharibədə Şuşa uğrunda əliyalın döyüşən, sıldırım qayaları dırmaşaraq düşmənə gen dünyanı dar edən Xüsusi Təyinatlılarımızın öz canını Vətən yolunda qurban vermək, şəhidlik şərbətini sevə-sevə içmək nümunələrinin şahidi olduq.
Dünya da bu xariqüladə qəhrəmanlıq və fədakarlıq örnəklərinə, səhnələrinə şahidlik etdi. Hər kəs azərbaycanlı anaların, ataların öz övladlarını hansı ruhda, hansı dəyərlər üzərinə tərbiyə etməsini, böyütməsini əyani olaraq gördü. Övladını Allah yolunda qurban verməyə mənən və cismən hazır olan İbrahim Peyğəmbərlə öz övladlarını Vətən uğrunda döyüşməyə yollayan, şəhid olmağa göndərən azərbaycanlı valideynlər arasındakı eyniyyət, qüdsiyyət özünü göstərdi. Onlar öz övladlarının canını, qanını torpaq uğrunda, milli irzimiz və namusumuz uğrunda halal etdilər. Bundan böyük qurban, bundan ötə fədakarlıq ola bilməz. Vətən müharibəsində öz şücaətilə tarix yazan şəhidlərimiz millətimizin Qurbanlıq fəlsəfəsini, özünü fəda etmək xüsusiyyətini yeniləmiş oldular və onu daha da gücləndirdilər. 3 min nəfər igid azərbaycanlı Qarabağda ilahi missiyanı – özünü haqq uğrunda fəda etmək missiyasını sözdən əmələ çevirdi, tarix yazdı və əfsanəvi Xarı bülbülü də şəhidliyin rəmzi olaraq gündəmimizə daşıdı.
Bu bayramda bizim yanımızda yer almış, bizimlə çiyin-çiyinə dayanmış, 44 günlük müharibədə bizə dəstək vermiş, həmrəylik göstərmiş dost və qardaş ölkələri də təbrik etmək mənəvi borcumuzdur. Söhbət ilk növbədə qardaş Türkiyədən və Pakistandan gedir. Bu ölkələr İkinci Qarabağ müharibəsində əsl müsəlman həmrəyliyini sözdə deyil, əməli olaraq göstərdilər. Bu həmrəylik gücümüzə güc qatdı, bizim haqq işimizin uğurla nəticələnəcəyinə bəslədiyimiz inamı (daha doğrusu, özünəinamı) ikiqat artırdı. Biz bu ölkələrin müharibə günlərində bizə münasibətində Qurban bayramının tərənnüm etdiyi əsl qardaşlığı, həmrəyliyi müşahidə etdik. Eyni zamanda Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan etməsinin, 2009-cu ildə Bakının, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının və ən nəhayət, IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli nəticələrini məhz 44 günlük müharibədə gördük. Türkiyə və Pakistan 44 gün ərzində Azərbaycana dayaq durmaqla yerdə qalan bütün islam ölkələrinə də real həmrəylik dərsi keçdi. Türkiyə və Pakistanın bu fədakarlığını qədirbilən xalqımız heç zaman unutmayacaq.
Zənnimcə, digər müsəlman ölkələrinin və türk cümhuriyyətlərinin islami həmrəylik məsələsində Azərbaycan, Türkiyə və Pakistandan öyrənəcəyi, örnək götürəcəyi çox şey var. Azərbaycan müsəlman dünyasının aparıcı mərkəzlərindən biri kim həmişə, tarix boyu İslam mədəniyyətinin inkişafına, digər dinlərə və mədəniyyətlərə qarşı tolerant münasibətin formalaşmasına, multikulturalizmin və mədəniyyətlərarası və dialoqun təşəkkül tapmasına, islami dəyərlərin təbliğinə böyük töhfələr verib. Xalqımız həmişə milli-mənəvi dəyərlərə, ənənələrə sayğı hissilə yanaşıb, eləcə də Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edib. Bu gün bütün soydaşlarımız Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhları üçün dualar oxuyur, onların məzarlarını ziyarət edirlər. Biz bu gun Qələbə əhval-ruhiyyəsinə köklənməyimizə görə, bu gözəl duyğuları və fəxarət hissinii bizlərə yaşatdıqlarına görə bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyir, eyni zamanda dövlət başçımız və Ali Baş Komandanımız İlham Əliyevə də sayğılarımızı bildiririk.
Bu bayramı Qələbə ruhu ilə qeyd etməyimizdə İlham Əliyevin də rolu hədsiz dərəcədə böyükdür. Prezident İlham Əliyevin bir neçə il bundan öncə Qurban bayramı münasibətilə xalqa müraciəi zamanı böyük uzaqgörənliklə söylədiyi fikirlər indi sözün tam mənasında gerçəyin özünə çevrilib: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
Az öncə də qeyd etdiyim kimi indi həmin dua və diləklər hamısı gerçəyə çevrilib. Bu gün biz mənfur erməni işğalına son qoymuş, vandalizmin kökünü kəsmiş qalib xalqıq. Vətən müharibəsində qazandığımız Qələbə dualarımızın gerçəyə çevrildiyini təsdiqləyən inkarolunmaz faktdır. Odur ki, mən deyərdim ki, müstəqil Azərbaycanımız bu gün öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Kaş ki, bundan sonra soydaşlarımızın kəsəcəkləri bütün qurbanlar həmişə yalnız Qalibiyyət qurbanları, uğur qurbanları olsun. Qurban bayramı Azərbaycan xalqının mənəvi vəhdətinin və birliyinin ifadəsi kimi gələcək nəsillər tərəfindən də hər zaman böyük ehtiram və coşqu ilə qeyd edilsin. Çünki Qurban bayramı ölkədə həmrəylik mühitinin təşəkkül tapmasında müstəsna rol oynayan az sayda bayramlarımızdan, dəyərlərimizdən biridir.
Biz dəyərlərimizi yaşatmaqla, qan yaddaşımızı diri saxlamaqla həm də bilavasitə milli varlığımızı, dövlətçiliyimizi yaşatmış oluruq. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, suverenliyinin möhkəmləndirilməsi də xalqımızın öz milli və dini ənənələrinə sadiqliyindən qaynaqlanır. Milli və dini ənənələrinə sadiq olmayan xalq torpaq qədri bilməz və heç vaxt da ərazi bütövlüyünü bərpa etməyin qeydinə qalmazdı. Biz göstərdik ki, həqiqətən də dəyərlərimizə sadiq xalqıq. Nə yaxşı ki, bu cür gözəl bayramlarımız, ülvi dəyərlərimiz var. Mən fürsətdən istifadə edib bir daha hər birinizi bu əziz bayramımız münasibətilə təbrik edir, bütün xalqımıza hər zaman uğur və Qələbə qurbanları diləyirəm. Qoy milli birliyimiz və mənəvi-ruhani həmrəyliyimiz hər zaman sarsılmaz olsun.
Bayramınız mübarək!
Hörmətlə,
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
20 iyul 2021-ci il, Bakı şəhəri”
Share: