Milli mətbuatın yaranmasından 149 il ötür. Bu il Azərbaycan mətbuatı “Milli Mətbuat və Jurnalistika Günü” nü ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda bütün ölkə ərazisində qeyd edir. “Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız dövlətçilik tariximizdə milli-mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında önəmli rol oynayıb. Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə “Əkinçi” qəzetinin nəşrə başlandığı gün– 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Bu fikirləri saytımıza açıqlamasında VI çağırış Milli Məclisin üzvü Tamam Cəfərova deyib
Tamam Cəfərova bildirib ki, müstəqilliyin ilk illərindən başlaraq mətbuatın inkişafı ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və mətbuatın davamlı inkişafı, mətbuat və söz plüralizmi hər zaman təmin olunur. Azərbaycan müstəqillik qazandıqdan qısa bir müddət sonra, Prezident Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi ilə Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlanmış və kütləvi informasiya vasitələrinin rasionallığının artırılmasında ciddi addımlar atılmışdır. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb.
O, qeyd edib ki, ölkə rəhbərliyinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Mətbuat işçilərinin fədakarlıq və qəhrəmanlıq rəmzinə çevrildiyini deyən Tamam Cəfərova vurğulayıb ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi Ermənistanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün olmuşdur. Təxminən üç il öncə öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri böyük Qələbədən sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olmuş ərazilərdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barəsində ictimaiyyətin məlumatlandırılması, qələbədən sonra ölkədə vətənpərvərlik ruhunun daha geniş təbliğ olunması istiqamətində yorulmadan çalışırlar.
“Bu gün Azərbaycan mətbuatı fəaliyyətində Zərdabinin “hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun” sözlərini unutmadan onun mənəvi mirasını gələcək nəsillərə uğurla ötürür. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğindəki fəaliyyətində bütün mətbuat nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.