Millət vəkili Anar Məmmədovun təşəbbüsü və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının dəstəyi ilə Goranboy şəhəri Olimpiya İdman Kompleksində 20 müəssisənin iştirakı ilə əmək yarmarkası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əmək yarmarkasında Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının direktoru Elməddin Qurbanov, əlaqədar idarə, müəssisə və təşkilatların nümayəndələri və işaxtaran vətəndaşlar iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib.
Daha sonra Anar Məmmədov, Məhərrəm Quliyev və Elməddin Qurbanov çıxış edərək əmək yarmarkasında əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb, işəgötürülənlərə və iş axtaranlara uğurlar arzulayıblar.
Yarmarka çərçivəsində, ümumilikdə 170 nəfər iştirak edib və işlə təmin olunmaları üçün müraciət edən 100 nəfərin müvafiq sənədləri qəbul olunaraq, qeydiyyata alınıb.