F.e.d, dosent, şairə Təranə Əzim qızı Həşimova
Kim elm öyrənib tətbiq etmir, yeri əkib becərən, amma məhsulundan istifadə etməyən adama bənzəyir.
Əlişir Nəvai
Allahın yaratdığı hər bir canlıya sevgi və şəfqətlə yanaşan elə mənəviyyatlı insanlarla, elə məzmunlu hadisələrlə qarşılaşırsan ki, təəssüratlarına, düşüncələrinə, keçirdiyin hisslərə, duyğulara nizam verə bilmirsən. Fikirlərin, hisslərin haşiyə-haşiyə haçalanır, budaqlanır. Aldığın təəssüratları bir məqsəd üzərində, bir olayın müstəvisində ötürə bilmək, ümumiləşdirmək çətin olur. Hardan başlayasan, necə davam edəsən ki, bu fəxarət, qürur, sevinc dolu olayı yaşadanların haqqını verəsən.
Yaddaşıma həkk olunacaq olayın astanasında, Konya–İstanbul səfərindəyəm. Hansı ki, bu səfərdən aldıqlarım mənəvi qazancım, milli qürurumun ana zirvəsinə götürən məqam olacaq. Bu səfərin təəssüratları bir azərbaycanlı, vətən-millət sevdalısı, elm və təhsil insanı kimi milli qürurumu vəcdə gətirəcək. İçimdən böyüyüb, güclənib, qürurlanıb, qürrələnəcəyəm. Bu kəz böyük azərbaycanlı ifadəsi deyil, azərbaycanlı olmaq elə böyük olmaqdır, həqiqətini zəka lövhəmdə canlandıracaq. Xalqının başını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu haqq mübarizəsi, Vətən uğrunda canlarını, sağlamlıqlarını fəda edən şəhidlərimizin, qazilərimizin ucalığı, dünyanın harasında olursansa ol, vətənin təəssübkeşi olmalısan gerçəyi, qalib bir ölkənin vətəndaşı olmaq qüruru ruhumdan böyüdəcək məni.
Yolum İstanbul şəhərində fəaliyyət göstərən, müəyyən səbəblərdən təhsildən uzaq düşmüş, bu istiqamətdə müxtəlif çətinliklərlə qarşılaşmış vətən övladlarını bir təhsil ocağında birləşdirən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Azərbaycan tədris ocağına doğrudur. Bu təhsil qurumu Türkiyədə Azərbaycan Respublikasının ümumtəhsil proqramı əsasında fəaliyyət göstərən ilk rəsmi Azərbaycan tədris müəssisəsidir. Bir müddət Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərmiş, ötən ildən etibarən isə “Palmali Holding”in Prezidenti, tanınmış xeyriyyəçi, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə yardımını əsirgəməyən Mübariz Mənsimovun dəstəyi ilə rəsmi təhsil qurumu kimi fəaliyyət göstərir. İstanbulda minlərlə azərbaycanlı uşağın təhsildən kənarda qaldığı, 10-15 yaşında uşaqların oxumağı, yazmağı bilmədikləri faktlarından yola çıxdığımızda bu dəstəyin, himayənin faydalılığını sözlə ifadə etməyə ehtiyac qalmır. Çünki Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”. Təhsilə qoyulan əmək, sərmayə millətin, xalqın gələcəyinə qoyulan sərmayədir.
Uzun zamandır könlümdə arzu olaraq qalan, uzaqdan mənim üçün müqəddəsləşən təhsil ocağına, vətən övladlarının görüşünə gedirəm. Bütün varlığımla hiss edirəm ki, tarixi anlar yaşayıram. Bəzilərinin olayların asan tərəfindən baxıb gördükləri kimi deyil, bu məktəbin hansı ali məqsədlərlə, hansı fədakarlıqlarla, əziyyətlərlə, bəzən mücadilələrlə yaradıldığından xəbərdar olduğum üçün sevinc, qürür, fəxarət, minnətdarlıq hisslərim biribirinə qarışıb. Məktəbin müdiri Aygün xanımdır. Yazışı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru Aygün Həsənoğlu – millətinin, vətəninin, dövlətinin sevdalısı, qələmiylə, varlığıyla, taleyinin qasırğaları ilə vətəni və vətənin övladları üçün durmadan döyüşən, qədərini girov qoyan ziyalı, yazıçı, qadın. Sözü və əməli eyni müstəvidə birləşən, cəmiyyətimizin böyük ehtiyac duyduğu məsuliyyətli, dürust insan. On illərlə məqsədinə gedən yolda fırtınalara səbriylə, möhkəm əqidəsiylə, ali məqsədlərindən aldığı güc ilə tab gətirən mətin qadın.
Hər bir yerin, məkanın öz aurası, enerjisi olur. Amma, çox böyük fədakarlıqlar bahasına, dürüstlük və halallıqla yaradılan hər bir yapının enerjisində bir işıq olur. Sanki səni bu işıq qarşılayır, ilk izlənimini yaradır. Dəhlizləri və sinif otaqları çox da geniş olmayan bu təhsil müəssisəsində həmin işıqlı enerji məni qarşılamaqdaydı. Bu işıq dar dəhlizləri, çox geniş olmayan sinif otaqlarını gözümdə genişləndirir, böyüdürdü. Daha irəlidə Vətən övladlarıyla görüş vardı…
Siniflərdə şagirdlərlə görüşürəm və əsl nəticəni, qazanılan əsas uğurun canlı şahidi oluram. Dr. Aygün Həsənoğlunun vətənin övladlarını necə görmək istəyi hamıya sirayət edib. Azərbaycanda Dövlət universitetlərindən məzun olmuş təcrübəli müəllimlərdən, fəlsəfə doktarlarından (3 müəllim fəlsəfə doktorudur), yazıçı, ixtiraçı kimi ziyalılardan ibarət müəllim kollektivi şagirdlərin şəxsiyyət kimi yetişməsi üçün əllərindən gələni əsirgəmirlər, onların hər problemləri ilə maraqlanırlar. Məktəb bir mehriban ailə təəssüratı yaradır. Hamı doğmadır, hamı bir məqsədə – məktəbi yeniləmək, şagirdlərin təhsilini yüksək səviyyəyə çatdırmaq üçün fədakarlıqlara köklənib. Şagirdlərin hərtərəfli inkişafı, xüsusilə, şəxsiyyət kimi yetişmələri üçün ən vacib tərbiyə mexanizminin parametrləri əsasında qurulan tədris artıq bəhrələrini verir. Qarşımda zehinlərinin aydınlığı, öyrənmə fərasətləri, təfəkkür çevikliyi, idraki təhlil, dərketmə bacarığı ilə seçilən şagirdlər dayanıb. Təbiidir ki, müəllimlərindən öyrəndikləri sayəsində gözəlliyi duya bilən, estetik duyğuları inkişaf edən şagirdlər öyrənməyə çox həvəsli, öyrəndiklərini təqdim etmək üçün çevikdirlər. Milli-mənəvi dəyərlərimizin qorunduğu təhsil ocağında şagirdlərin mənəvi zənginliyi, əxlaq saflığı, milli əqidəyə sahib olmaları hər addımda, hər kəlimədə üzə çıxır. Anladım ki, bütün qurulan tədrisin ana mahiyyəti sağlamlıqdır, şagirdlərin ruhən, vücudla, zəkayla sağlam olmasıdır. Buna görə də, tədrisin əsas təməli xalqımızın milli ruhunu, estetik duyumunu, mənəvi qüdrətini özündə ehtiva edən milli adət-ənənələrimiz, zəngin folklor nümunələrimiz, onların tədrisdə təbliği üzərində qurulmuşdur. Vətən mövzusunda şeirlər bilməyən şagird yoxdur, onları dinləməm üçün, öyrəndiklərini böyük bir sevgilə təqdim etmələri üçün bir-biri ilə yarışırlar. Siniflərdə “Azərbaycan, Vətən, Qələbə” sözləri yangılanır. Düşüncəmdə Aristotelin bir fikri şəkillənir: – “Təhsilin kökləri acı, meyvələri şirindir.” Bu “meyvələrin” şirinliyini çatdırmaqda söz acizləşir… söz ruhuna axır insanın. Ruhunda bu əzmkar, saf əqidəli, ilhamlı, məqsədli şagirdlərin gələcəkdəki uğurlarına ümidinin kəhkəşanı yaranır. Bu kəhkəşan gecələr göy üzündə ağ yol şəklində görünən ulduzlar topası deyil, bu kəhkəşan gündüzlər yer üzündə aldıqları təhsillə, tərbiyəylə yolları aydınlanan Azərbaycan övladlarının gələcək uğurlarının ağ ünvanıdır.
Bu dünyada sözündə, gözündə, niyyətində haqqı var. Gördüyünün, duyduğunun, verdiyin sözün haqqını verməsən hansısa məqamda gözündən nuru, sözündən təpəri, dizindən bağı qaçırar. Bəlkə də gələcəkdə həyat dənizinin sərt dalğalarına təhsilsizlikdən tab gətirə bilməyəcək vətənin övladlarının əlindən tutan xeyirxah insanlar olmasaydı nə kimi enişlərlə qarşılaşacaqdılar. Bu gün isə fədakar insanların dəstəyi ilə onlar işıqlı sinif otaqlarında gələcəklərinin uğurlu təməllərini atırlar.Tədris müəssisəsinin rəsmi status almasında, çoxtərəfli dəstək göstərməsində “Palmali Holding”in Prezidenti, xeyirxah insan Mübariz Mənsimova, şirkətin sözçüsü diqqətini və qayğısını məktəbdən əsirgəməyən Fidan Quliyevaya, Türk dünyasının fədakar ziyalısı, yazıçı-dramaturq, fəlsəfə doktoru Aygün Həsənoğluna, Azərbaycan dərnəyinin, tədris ocağının fəaliyyətində xidmətləri olan Azərbaycan sevdalısı Battal Durana, tədrisin inkişafı proqramına öz fəaliyyətləri ilə təkan verən məktəbin bütün kollektivinə – Elnurə Özcana, Ülviyyə Kuyumcuya, Dilarə İsmayılovaya, Natəvan Çəfərovaya, Arzu Baloğlanovaya, Humay Adıgözəlovaya, Nərgiz Qarayevaya, Şahin bəyə dərin təşəkkürlərimi çatdırır, ali məqsədlərinin reallaşmasında sağlamlıq, mənəvi güc və yeni-yeni uğurlar diləyirəm.