Müstəqi. Az tanınmış yazar, tədqiqatçı alim, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının özünün sosial şəbəkədəki divarnda paylaşdığı yazını olduğu kimi yayınlayır:
“Ərəblərin Azərbaycanda xaraba qoyduqları, əhalisi ilə birlikdə yerlə yeksaan etdikləri şəhər və kəndlərin siyahısı bir kitablıqdır.
Fərqi nədir, orada hansı millət, yaxud hansı dinə ibadət edənlər məhv ediliblər!
Əsas odur, din pərdəsi altında amansız işğalçılıq siyasəti həyata keçirilib.
Babək bu vəhşiliyə qarşı vuruşub, ərəb vəhşiliyinə qarşı!
İndi milliyəti bilinməyənlər qalxıb Babəkin milli mənsubiyyətini araşdırırlar.
Azərbaycan tarixinin böyük bir mərhələsinə kölgə salmağa çalışırlar.
Mən sual etmək istəyirəm: Nə dəxli?!
Əgər milli mənsubiyyət axtarırsınızsa, əvvəl Qərbə, sonra Şərqə baxın: elə millətlər var ki, onlar orta yüzilliklərdə millət kimi formalaşıblar. İndi neyləməlidirlər? Ölkələrinin milli formalaşmadan öncəki tarixini tarix səhnəsindən silməlidirlər?
Və əsas məsələ: Tariximizi alt-üst edənlər, tarixi şəxsiyyətlərimizi gözdən salanlar millətimizin daxili düşmənləridir.
Bunun başqa adı yoxdur!
Babək Azərbaycan ərazisində vuruşub, Azərbaycanın şəhər və kəndlərini işğaldan qorumağa çalışıb, Azərbaycanda yaşayan əhalinin azadlığı uğrunda mübarizə aparıb.
Onu hansısa etnik qrupla bağlamaq belə bu mübarizənin mahiyyətini azaltmır.
Nə baş verir?
Tarix İnstitutu hardadır?
Alimlərimiz ayılmaq istəmirlər?
Ya alimlərlə hesablaşan yoxdur?!
Deyəsən, nadanın, cahilin sözü daha keçərlidir.
Bəlkə bu, nadana, cahilə dəstək verən nadan və cahil səlahiyyətlilərdən gələn təklifdir?!
Millətin düşünən təbəqəsi, gözünü qapama, maddi sərvət sahibləri cemodanlarını götürüb gedəcəklər, bizə qalan mənəvi sərvətimiz olacaq. Yanlışlıqlara boyun əyməyə haqqımız çatmır.
Millətimiz üçün müqəddəs olanları məhv etmək millətimizi məhv etmək deməkdir”.
P.S: Xatırladaq ki saytların birində “Babək qızlarla şərab içib. SEVİŞİRDİ”:”Babək qəhrəmandırmı” sərlövhəli sorğuya cavab dərc olunmuşdu və Babəkin şəxsiyyəti, qəhrəmanlığı haqda müxtəlif fikirlər səsləndirilmişdi