Milli azadlıq hərəkatının qəhrəmanlıq salnaməsi

Milli azadlıq hərəkatının qəhrəmanlıq salnaməsi

Kaspi Liseylərində 20 Yanvar hadisələrinə həsr olunan tədbirlər keçirildi

“Gənclərimiz tarixi həqiqətləri bilməlidir. 1990-cı ilin 20 Yanvar hadisələri də böyüyən nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən şərəf səhifəsi və Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır”. Kaspi Təhsil Şirkətinin liseylərində 20 Yanvar hadisələrinin 33-cü ildönümünə həsr olunan tədbirlərdə səslənən fikirlər Azərbaycan xalqına qarşı törədilmiş cinayəti və müstəqilliyimizə gedən qəhrəmanlıq yolunu iştirakçılar üçün bir daha vərəqlədi. Qeyd edildi ki, 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də müstəsna rolu olub.

20 Yanvar dərsi

Yanvarın 19-da Kaspi Liseyinin Bakıxanov filialında keçirilən “20 Yanvar dərsi” tədbiri  faciənin milli yaddaş dərsi olduğunu bir daha xatırlatdı.

Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva qeyd etdi ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil, həmçinin  Azərbaycan xalqının şan və şərəf günüdür: “20 Yanvar hadisələrindən 33 il ötür. Hər birimiz 20 Yanvar hadisələrində qəhrəmanlıqla həlak olan insanlarımızı dərin hörmət hissi ilə anırıq. Onlar bizim azadlığımız, suverenliyimiz uğrunda şəhid olan vətəndaşlarımızdır. 20 Yanvar matəm günü deyil, milli azadlıq hərəkatının qəhrəmanlıq salnaməsidir”. Təsisçi ümummilli lider Heydər Əliyevin həmin günlərdə özünün və ailəsinin həyatını təhlükəyə atdığını, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, kommunist partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədiyini, xalqımıza qarşı törədilən cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirdiyini, təqsirkarların cəzalandırılmasını tələb etdiyini xatırlatdı: “Ulu öndər həmin günlərdə Azərbaycan xalqının kədərini bölüşməklə yanaşı, qanlı 20 Yanvar hadisəsinə ilk həqiqi siyasi qiymət verdi”. S.Vəliyeva şagirdlərə səslənərək 20 Yanvarın istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu bildirdi: “20 Yanvar hadisələri ilə bağlı eşitdikləriniz həmişə yaddaşınızda kök salacaq, sizi həmişə Vətənin təəssübünü çəkməyə, onu daim sevməyə və qorumağa sövq edəcək. Hər birimiz yaşımızdan, tutduğumuz mövqedən asılı olmayaraq, öz tariximizi, milli kimliyimizi təfsilatı ilə bilməliyik. Siz xalqımızın yaşadığı tarixi faciələrdən xəbərdar olmalısınız. Bu, sizin vətənpərvər ruhda böyüməyinizdə, torpaqlarımızın təəssübünü çəkməyinizdə, yaxşı vətəndaş olmağınızda mühüm rol oynayacaq”.

Baş verən hadisələri özünün “Bakı buxtası-20 Yanvar” və “Kəsilməyən həyəcan fiti” kitablarında qələmə alan gəmi kapitanı, şair-publisist, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli və 20 Yanvar hadisələri zamanı gəmi kapitanı olaraq etiraz aksiyalarında iştirak edən, hərbiçilər tərəfindən həbs olunaraq Rusiyanın Ulyanovsk şəhərinə sürgün olunan təqaüdçü kapitan Hidayət Atakişiyev tədbirdə iştirak edərək liseyin müəllim və şagirdlərinə, valideynlərə o günlərin ağrıları ilə dolu xatirələrini danışdılar.

Liseyin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya 20 Yanvar hadisələrini dolğun əks etdirdi. Şagirdlərin yaratdığı və xronoloji ardıcıllığı ilə davam edən qanlı yanvar olaylarının səhnədəki təqdimatı mükəmməlliyi ilə diqqət çəkdi. Belə ki,
20 Yanvar hadisələri zamanı Bakı buxtasında rus-sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən şəhərə soxulmasına, insanlarımızı qətlə yetirməsinə, qəddar və faşist münasibətlərinə etiraz olaraq Xəzər Dəniz Neft Donanmasının 100-dən artıq gəmisinin Bakı buxtasına toplaşması da şagirdlərin hazırladığı səhnə işində çox dolğun ifadə olundu. Bir qrup dənizçinin “Sabit Orucov” gəmisində apardıqları müzakirələr, sos siqnalı üçün hazırlanan mətnin hazırlanması və açıq efir vasitəsi ilə də Bakının qan içində olması, bütün dünya ictimaiyyətinə ötürülməsi də “şagird-kapitanlar” tərəfindən inandırıcı olaraq təqdim olundu.
Azadlığın carçıları

Kaspi Ağ Şəhər Liseyində “Azadlıq carçıları” adlı tədbirdə də 33 il əvvəl baş verən qanlı faciənin xalqımızın azadlıq uğrunda mübarizliyində mühüm rol oynadığı vurğulandı: “Yanvarın 20-si Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. O müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar”.

20 Yanvar şəhidi Zahir Nuriyevin bacısı Təranə Nuriyeva və şəhid Ülvi Bünyadzadənin bibisi, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Almaz Binnətova 20 Yanvar tarixinin xalqımızın qəhrəmanlıq tarixində mühüm yer tutduğunu qeyd etdilər, xatirələrini danışdılar: 20 Yanvar hadisəsi milli məfkurəmizin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Neçə-neçə igid oğul-qızlarımız məhz Qarabağ torpağı, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid oldular. Onların həyatı və qəhrəmanlığı gənclərimiz üçün örnəkdir”.

A.Binnətova Azərbaycanın azadlıq mübarizəsindən, ölkəmizin ərazi bütövlüyü uğrundakı döyüşlərdən, böyük Azərbaycan sevgisindən bəhs edən, şəhid Ülvi Bünyadzadənin xatirələrindən və şeirlərindən ibarət kitabları liseyin kitabxanasına hədiyyə etdi.

Lisey şagirdlərinin hazırladıqları kompozisiyalar və səhnəciklər 20 yanvar hadisələrini kinolenti kimi iştirakçıların gözü önündən keçirdi. Şəhidlərimizin ruhu ehtiramla anıldı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Kaspi.edu.az

Share: