Milli dəyərlərimizdən olan kəlağayı – Rəfail Tağızadə yazır

Milli dəyərlərimizdən olan kəlağayı – Rəfail Tağızadə yazır

 

Kəlağayı insanla canlı varlıq kimi danışır. Sözüylə, baxışıyla, susqunluğuyla. Butalarıyla, naxışlarıyla, sayalığıyla. Sevdiyinə gözünü qırpmadığın kimi baxırsan kəlağayıya.
Baxdıqca görmədiyin min illər öncəki səhnələr canlanır göz önündə. Bu təsəvvür olsa da, adama reallıq kimi görünür.
Kəlağayı millətin qan yaddaşıdı. Gendən gələn qan yaddaşı. Burda müqəddəslik, fərqli bir sevgi var. Bunlar olmasaydı kəlağayı bu günə qədər gəlib çıxmazdı. Bu qədər sevilməzdi.

Biz heç bir örpəyə gözümüzü qırpmadan bu qədər diqqətlə baxmırıq. Və gedəndə də nəyimizsə qalıb deyə geriyə dönüb rəngi, naxışları yaddaşımıza möhürləmirik.
Kəlağayıda izaholunmaz bir cazibə var. Kəlağayı parça maqnit kimi adamı özünə çəkir.

Son vaxtlar məclislərdə, tədbirlərdə adamların diqqətini çəkən kəlağayılı bir qadın görünür. Hər dəfə də fərqli kəlağayıda. Çoxsaylı xanımların içində seçilən kəlağayılı xanımın mütləq Güllü xanım olduğunu düşünürsən.
Kəlağayıya olan sevgini, marağı öyrənmək üçün Güllü Eldar Tomarlı ilə – “Kəlağayılı xanım”la kəlağayıdan danışmaq qərarına gəldik.

Kəlağayı Güllü xanın üçün nədir? Sizdə kəlağayı sevgisi hardandır?

Kəlağayı min illərdən bəri bizə ərmağan edilən ən ulu dəyərlərimizdən biridir. Xanım- xatınlığımızın simvoldur, yaraşığıdır kəlağayı.
Kəlağayı mənim üçün çox əzizdi, doğmadı. Kəlağayını ilk dəfə nənəmdə görmüşəm, nənəmdə sevmişəm. Nənəmin iki kəlağayısı vardı, biri noxudu, o birisi qara rəngli. Nənəmin çoxlu nəvə-nəticələri olub, hər birini də çox sevib, hamısına da toxuduğu naxışlı corablar hədiyyə verib. Ancaq noxudu kəlağayısını mənə hədiyyə etdi və dönə-dönə tapşırdı ki, bu nənənin gəlinlik hədiyyəsidi, nənənin urvatıdı, bunu yaxşı saxla, qoru. Qara kəlağayısını da sandığında saxladı ki, onun da öz məqamı var. Mən o vaxtı kəlağayının anlamını bilmirdim. Sadəcə, nənəmin başında yaraşıq kimi gör ürdüm. Nənəmin çoxlu bacılıqları vardı, özü də çox mehriban idilər. Hamısı da kəlağaylı, tirmə şallı.
Həyatımda çox çətinliklər çəkmişəm. Evimiz olmayıb, kirayələrdə qalmışıq, o kirədən bu kirəyə daşınmışıq. Nələrsə, ola bilsin itib, batıb. Ancaq nənəmin mənə verdiyi əmanəti göz bəbəyi kimi qorumuşam. O kəlağayını hərdən örtərdim. Nənəm deyərdi: “Atam-anam, kəlağayı sənə nə gözəl yaraşır. Balama, al da geysə yaraşır, şal da“.
Bu sözlərlə, bu nəvazişlə başlandı mənim kəlağayı sevgim. Doğrusu, əvvəllər kəlağayıdan istifadə etməyə çəkinirdim. Ürəyimdən keçsə də, necə qarşılanacağını düşünürdüm.
Nəhayət, hər gün kəlağayı, tirmə şal örtdüm. Necə sevgiylə qarşılandığını gördüm. O sevginin sehrinə düşdüm. Kəlağayı axtarışına çıxdım. Harda satıldısa, kim satdısa, pulum oldu-olmadı aldım. Pay verən də oldu ki, sən kəlağayını özünə nə gözəl yaraşdırırsan. Bütün bu sevgilər içində kəlağayını daha çox sevdim və hər gün istifadə etdim. Bəlkə də Azərbaycanda yeganə ictimai qadınam ki, hər gün kəlağayıdan istifadə edirəm. Kolleksiyamda 150 kəlağayı var. Hamısını qoruyuram, əzizləyirəm, sığallayıram.
Kəlağayı mənim üçün mədəniyyətimiz, tariximiz, yaraşığımızdır. Kəlağayımızda nənələrimizin ətri var.

2. Son vaxtlar kəlağayı deyəndə Güllü Eldar qızı Tomarlı yada düşür. Bunun özəllikləri?

Əgər belə düşünürsüzsə, nə xoş mənə.
Aşıq Pəri Məclisinin 7 il bədii rəhbəri, sədr müavini, mətbuat katibi, qələm əhli kimi fəaliyyət göstərirəm. Bu məclisdə məclisin rəhbəri Pərvanə xanım Zəngəzurlu ilə qərara gəldik ki, məclisin üzvləri kəlağayı örtsünlər. Bununla razılaşmayanlar oldular. Xanımları dilə tutmaq, onlara kəlağayını sevdirmək mənim üzərimdə idi. İlk öncə, böyük sevgiylə özüm örtdüm. “Sizə də çox yaraşacaq, məclisimizin qərarıdı, – deyirdim. Əgər sizi tamaşaçılar alqışlamasalar, bəyənməsələr gələn dəfə örtməzsiniz”. Örtürdülər.
Televiziyada verilişimiz gedəndən sonra yaşlı nəslin nümayəndələri zəng edirdilər ki, kəlağayı sizə çox yaraşır.
Beləcə, məclisimizin üzvləri bugünəcən kəlağayıdan istifadə edirlər. Xanımlar bəzən kəlağayılarının olmamalarını bəhanə gətirirdilər. Elə o an çantamdan rənbərəng onlarla kəlağayı çıxarıb “hansını istəsəniz örtün”, deyirdim və yaraşdırırdım. Özlərinə də xoş gəlirdi. Sonralar çoxlarının özlərinin kəlağayıları olduğunu gördüm. Məncə, hər bir Azərbaycan xanımının kəlağayısı olmalıdı.
Hələ bunlar harasıdı? Qonaqlığa gedirəm, bizə qonaq gəlirlər. Televiziya, radio verilişlərində, tədbirlərdə oluram, hamısında da kəlağayıda. Xanımlardan kimsə bəyənib tərif edən kimi deyirəm, sənə də gözəl yaraşar. Kəlağayının onlara necə yaraşdığını görüb sevinirlər, mən də sevinirəm. Almaq istəyirlər. Bəzən sevdiyim xanımlara hədiyyə edirəm. Mənə də hədiyyə edirlər. Dəyərli Fəridə xanım Ləman 20 ildən çox əzizləyib sevə-sevə saxladığı kəlağayılarını mənə hədiyyə etdi. Bu fərqli kəlağayılar kəlağayılar arasında özlərinə xüsusi yer tutdular.
Kəlağayıda nə sehr, nə sirr varsa, onun adı gələndə, göz görəndə körpə qızlar da sevinir. Elə bil bir az böyük görünürlər, özlərini artıq böyümüş kimi hiss edirlər. Əslində, insan körpəlikdə tez böyüməyə can atır, bir yaşa çatdıqdan sonra keçmişə həsrətlə, həsədlə baxır. Qız balalarımızın kəlağayıya sevgisini, hörmətini alqışlayıram. Bilirsiniz, mənə ən xoş olan nədir? Gül ətirli qızlarımız mənə ”Kəlağayılı nənə” deyirlər. Mən bununla qürur duyuram, sevinirəm.
Kəlağayıdan uzaqlaşmaq öz keçmişimizdən uzaqlaşmaq deməkdir. Ona görə də buna imkan verməməliyik. Kəlağayımızın təhlilini, təbliğini, tətbiqini təmin etməliyik. Kəlağayımız həm keçmişimiz, həm bu günümüz, həm də sabahımızdır. Sabahlara ötürmək isə bizlərin borcudur. Sözdə yox, əməldə, işimizdə göstərməliyik kəlağayıya sevgimizi.
Kəlağayını dünyaya tanıtmaq üçün çox güclü təbliğ olunmalıdı. Sərhədləri aşmalıyıq. Türkiyəyə dəvət almışam, “Uluslararası Türk Dünyası simpoziumu”nda iştirak edəcəm. Ora balaca bir film-çarx da hazırlayacağıq. Bu da kəlağayının təbliğində bir vasitə olacaq.
Mənim heç bir bəzək düzəyə nə könlüm, nə də ehtiyacım var. Kəlağayını atdım başıma, çıxış etdim, göndərdim Bineli Yıdırım adına Erzincan iniversitetinə. Dedilər, kəlağayıyla lap gözəlləşdirdiniz çıxışınızı. İnşallah, 500 Türk dilli alimlərin qatıldığı simpoziumda kəlağayımla, saz sənəti haqqında məqaləylə çıxış edəcəm.
Bütövlükdə, bu sadaladıqlarım kəlağayımızın təbliği yolunda bir addımdır.
Bu yaxınlarda bir nişan mərasimində Ağdamdan məcburi köçkün olan Şəhla anayla tanış oldum. Məni kəlağayıda gördü, xatirələri çözələndi. İlahi, nələr dedi, nələr danışdı. Həm qürurlandım, həm kövrəldim. Eynən nənəm kimi dedi: “Qızım, 3 kəlağayım var, 1-i mənim, 2-sini verməyə bir etibarlı mənbə gəzirdim. Sənə verəcəm. Sən kəlağayıda necə gözəl görünürsən”. Qaça-qaçda Şəhla ana evindən o qədər şeylərin içində məhz kəlağayını götürmüşdü. Budur, kəlağayıya məhəbbət, dəyər.

3. Rəhbəri olduğunuz “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi Azərbaycan Respublikasıniı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəniz qalib elan olunub. Niyə müsabiqəyə məhz bu layihə ilə qatıldınız?

2022-ci il kiçik qrant müsabiqəsində layihəm qalib elan olunduğuna görə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm. Əslində, bu Agentlik tərəfindən milli-mənəvi dəyərlərimizə həm diqqət, həm də böyük ehtiramdır. Çox sevindim. Çünki arzularımın gerçəkləşməsi, milli-mənəvi dəyərlərimizi önə çəkmək üçün geniş bir yol açılır. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, inkişaf etdirilməsi, təbliğ olunması hər birimizin vətəndaşlıq borcudur. Kəlağayı da nənələrimizdən bizə mirasdı – üz aydınlığımızdı, babamın babasının öz ömür-gün sirdaşına hədiyyə etdiyi gözəllik və yaraşıq mücəssəməsidir. Dədəm Qorqudun boyu uzun Burla Xatuna cehiz verdiyi ipək yaylıqdı. Min illərdi qızlarımızın cehiz xonçasının ən dəyərlisidi kəlağayı. Bütün zamanların hər kəs kəlağayını göz bəbəyi kimi qoruyub, baş tacı kimi öz başına örtüb. Həm qeyrət ölçüsü, həm də urvat ölçüsü kimi ömrümüzə xoş məqamlar bəxş edib. Onun hüzurunda davalar yatırılıb, qanlılar barışıb.
Analar Vətəni, yurdu qorumaq, namusa ləkə gəlməməsi üçün kəlağayını əllərində tutub, and içdirib, ərlərini övladarını namusumuzu qorumağa göndərib. Kəlağayımız ululuğu, müqəddəsliyini milli şərəf kimi yaşatmağı özümə şərəf bilirəm. Buna görə də, “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı layihə təqdim etdim. Bu yolda hələ çox işlərimiz var. Layihə çərçivəsində kəlağayı haqqında film də çəkiləcək və 26 noyabr Azərbaycan Kəlağayısı Günü kimi qəbul olunduğundan həmin gün şəhərimizin böyük mədəniyyət ocaqlarının birində ictimaiyyətə təqdim olunacaq. Bu yöndə layihədən kənar da görəcəyimiz çox işlər var, hələ açıqlamaq istəmirəm. İnşallah, Allah qüvvət versin, öhdəsindən gələk.

XXI əsrdə kəlağayıya bu qədər diqqət ayırmağınızın nədənləri?

XXI əsrdə kəlağayıya diqqət ayırmağım kəlağayıya olan böyük sevgimdən irəli gəlir. Biz milli dəyərlərimizi qorumaqla bərabər onları gələcək nəsillərə ötürməliyik. Kəlağayı milli sərvət olmaqla yanaşı gözəllik mücəssəməsidi, yaddaşlarda mürgü döyən şirin xatirələri dilə gətirir. Məclislərdə yaşlı nəslin nümayəndələri mənim başımda kəlağayını görəndə elə heyranlıqla baxırlar, məni elə mehribam qarşılayırlar ki.
Toy məclislərinin birində, bir uşaq mənə yaxınlaşdı ki, qoca babam səni çağırır. Getdim. Dedi ki, qızım, sən məni haralara apardın, nənəmi, anamı yadıma saldın, keçmişimə səyahət elədim. Ömrümə ömür calandı.
Doğrusu, çox duyğulandım, həm kövrəldim, həm qürur duydum. Qoca baba alnımnan öpdü. “Həmişə ört, sənə çox yaraşır. Bu toyun gözəlliyi sənin kəlağayındı”, – dedi.
Əmim Qələndər İncə dərəsində el şənlikləri, toylar yola salıb. Zurnaçılar dəstəsi olub, ellər-obalar dolaşıb. Gürcüstan toylarına gələndə bizim evdən gəlib gedərdilər. Toydan gələndə gətirdiyi balaca qırmızı kəlağayıları bizə verərdilər. Sən demə, toylarda kəlağayılar zurna çalanların, dəf vuranların qoluna bağlanarmış. Nənəm o kəlağayıları əlləri ilə sığallaya-sığallaya qatlayıb sandığa yığardı. Hərdən biz beş bacı o kəlağayıları çıxarıb özümüz üçün oyun qurub, istifadə edərdik. Başımıza nənələr kimi örtərdik, sonra nənəm kimi qatlayıb yerinə qoyardıq. Nənəm bunu sonralar bilirdi, axı, biz onun kimi qatlaya bilmirdik. Nənəm kəlağayını necə sevə-sevə qatlayırdısa, bu gün mən də elə qatlayıram. Fərqi ondadır ki, nənəmin iki kəlağayısı vardı, mənim 150 kəlağayım var.
Bəzən xoşuma gələn kəlağayını satışda görəndə ürəyim yanında qalır, pulum olmasa da, gedib hərdən kəlağayıya baxıram, satılıb, ya yox. Görürəm satılmayıb, sevinirəm. Pulum olanda gedib o kəlağayını alıram. Hərdən də kədərlənirəm ki, axı niyə bu gözəllik mücəssəməsini alan yoxdur. Əlbəttə ki, söhbət əntiq kəlağayılardan gedir. Yeni istehsalı o qədər sevmirəm. Rənglər çox qarışıqdı. Kəlağayının yeləni, butası, xarı bülbülü bir rəngdə olanda daha gözəl olur, diqqəti daha çox cəlb edir. Əlbəttə ki, bu mənim fikrimdi, zövqlər müxtəlifdi.
Bu günlərdə şəhərin mərkəzində böyük kitab mağazasından kəlağayı haqqında kitab istədim. Çox axtardılar, tapılmadı. Təəssüfləndim. İndi kəlağayı haqqında bir kitab ərsəyə gətirmək istəyirəm. Bir ildi kəlağayı haqqında yazılar hazırlayıram, maraqlı nələr varsa yığıram. Sosial şəbəkələrdə kəlağayı haqqında paylaşımlar ediləndə, ilhama gəlib çoxlu şeirlər yazılır. İnanıram, yenə yazılacaq.
Bu il layihəmizdən kənar kəlağayı haqqında kitab da kəlağayısevərlərə, milli mənəvi dəyərlərimizə dəyər verənlərə hədiyyə, töhfə olacaq.
Bir kəlağayıdan çox xoşum gəlmişdi, yasəmən rəngindəydi, yeləni də çox qəşəng idi. Çox baha satırdılar, yasəmən rəng də mənim çox sevdiyim rəngdir. Anam gördü qaşqabaqlıyam, soruşdu ki, nə olub? Dedim ki, çox gözəl kəlağayı vardı, almağa pulum çatmadı. Anam o kəlağayını mənə aldı. O kəlağayıdan indi sevə-sevə istifadə edirəm.
Bizim üçün adi görünən kəlağayı çox çətinliklə hazırlandığı üçün onun istehsalı ilə ancaq kişilər məşğul olurlar. Bəlkə də kəlağayını kişilər hazırladığı üçün belə gözəl alınır.
Kəlağayının çəkisi 150 qram olur. Əsl kəlağayı üzüyün ortasından keçməlidir.

Kəlağayıya sevgi bütün zamanlarda olub. XXl əsdə də kəlağayını təbliğ etmək lazımdı ki, unudulmasın.

5. “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalına çox böyük həvəslə qatıldınız. Təbii ki, festivala hazırlığın da öz əziyyətləri olmamış deyil. Bu festivalda iştirak sizinçün və təşkilatınız üzün nəyə görə vacib idi? Festival haqqında məlumat verərdiniz.

Mənim üçün ən gözəl sual oldu, əziz qələm dostum. Sizə təşəkkür edirəm, ürəyimdən xəbər verdiniz. Özümdən danışmağı heç sevmirəm, amma elə suallar verirsiz ki, heç çəkinmədən özümdən danışıram. Bəlkə də yazı mətbuata gedəndə bunlardan çox utanacam. İllərdi içimdə düyünlənən kələfləri açdınız.
II Milli Yaylaq Festivalında ömrümün ən gözəl günlərini yaşadım. “Cavad xan” Tarix və Mədəniyyət fonduna, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və bir sıra başqa dövlət qurumlarının təşkilatçılarına çox təşəkkür edirəm. Mənim üçün əsl sınaq meydanı oldu. İllərdi yığdığım kəlağayılar ilk dəfə idi sərgilənirdi. Düşünürdüm, bu qədər kəlağayını neynəyəcəm. Düzdü, hamısını istifadə edirəm. Məni getdiyim məkanda gözləyirdilər ki, görəsən Güllü hansı kəlağayıyla gələcək.
Kəlağayılarımla əl işlərimlə sərgiyə qatıldım. Sevdiyim kəlağayılarım da ağ günə çıxdı. Festivalda hamının diqqətini cəlb etdi. Bəli, festivala hazırlığın əziyyətləri çoxuydu. Amma şirin əziyyət idi. Bəlkə düz bir həftə kəlağayıları sahmana saldım, gah ağları bir, sarıları bir, qırmızıları bir, balacaları bir yığırdım, gah da düşünürdüm ki, qarışıq olsun. 150 kəlağayı 150 sığal istəyir. Özü də bir həftənin hər günü.

Festival öncəsi iplər aldım, nələrsə toxudum. Yayda toxumaq asan deyil, özü də dar məqamda.

6. Bu arada bir az da əl işlərinizdən, toxuduqlarınızdan danışardız, sonra yenə festivala keçid edərik.

Mənim göz oxşayan gözəl əl işlərim var. Axı, mən həm də toxucuyam. Onları da sərgi üçün götürmüşdüm. Toxuduqlarım Beynəlxalq sərgilərdə sərgilənib. Pandemiya vaxtı başımda kəlağayı, corab toxuya-toxuya, nənəmin dediklərindən zümzümələr edərək onlayn müsahibə vermişəm.
Xalq şairimiz Nəriman Həsənzadə ilə tez-tez görüşlərimiz olur. Məni hər dəfə kəlağayıda görəndə deyir ki, sən kəlağayı ilə hamımızın anamızsan.

Anam kəlağaylı bir muğamıydı,
Muğam da doğmaca öz anamıydı.

Bu sözdən, bu ifadədən elə qürurlanıram ki.
Bir dəfə ürəklənib əl işlərimi Nəriman müəllimə telefonda göstərəndə şair Dədəm dedi ki, qızım, bu əl işləri sənə elə-belə gəlməsin, gəl sərgini təşkil edək. Deyirəm, əlimdə tək-tək nəsə var, toxuduqlarımın hamısını hədiyyə vermişəm. Heyfsləndi: “Qızım, sənin toxuduqların o qədər gözəldi ki, ona yalnız tamaşa etmək lazımdı”.
Mən həmişə hərəkətdəyəm. Evə qonaq gələndə də, söhbət edəndə də, televizora baxanda, xörək bişirəndə də, həm işimi görürəm, həm də toxuyuram.
Şair Dərviş Osman Əhmədoğlu da mənim çox ehtiram bəslədiyim insan, şair olub. Burda da, Gürcüstanda bizə gələrdi. Dərviş Osman mənim toxuduqlarıma heyranlıqla baxardı. Deyirdi ki, rəssam işidi, zərgər dəqiqliyidi bunlar. Səndən, sənin əl işlərindən böyük bir yazı yazacam. Ömür vəfa etmədi. Həm də məni hər kəlağayıda görəndə alnımnan öpərdi. Ruhu şad olsun.
İndi qusmətə baxın, Allah sizə möhkəm can sağlığı versin. Mənim kəlağayı sevgim, əl işlərim haqqında siz yazırsınız.
Onu da deyim ki, toxumağı da nənəmnən öyrənmişəm. Sonra bir illik kurs keçmişəm, təkmilləşmişəm. Allah qoysa, bu haqda da nələrsə düşünürəm. Çünki bu da millilikdir. Əvvəllər nənələrin hamısı toxuyurdu. Toxumayan qız-gəlin yoxudu. İndi isə toxuyan çox azdı.

7. İnsana ağrıları unutduran, görülən işin nəticə sevincidir. Siz bunu festivalda yaşadınızmı?

Görmək istəyənlər üçün yetərincə işıq, istəməyənlər üçün yetərincə qaranlıq vardır.
Paskal

Əlbəttə. Festivalda bəzi çətinliklər də oldu. Bizə ayrılan avtobusun minik maşınlarının çox olmasından məkana qədər qalxa bilməməsi bizə çətinlik yaratdı. Yaylaq yolları hamar, düz, əksər hallarda da alfavt olmur. Yaylaq görməyənlərə bu yolların çətinliyi qəribə gələ bilər.
İlk gün gecə həm yol getdik, həm də bizə ayrılan məkanı nizamladıq. Yorğun idik. Təbrizdən olan müğənni Arif Mehmandostla piyada 3 km-dən artıq yol qət etdik. Ancaq orda millətimizin birliyini, millətimizin ruhunu diri görmək, o zirvədə belə möhtəşəmliyi yaratmaq böyük fərəh idi. Yaylaqdakıların ilboyu yaşadıqlarının 3 gününü yaşadıq. Hər işdə nöqsan tapmaq asandı. Gərək gözəlliyi görməyi bacarasan. Mən yeri gəlmişkən Milli Yaylaq festivalında ”Sənətkarlıq guşəsi”nin kordinatoru Gülnar xanım Məmmədovaya təşəkkür edirəm. Gənc bir xanım yaylaqda böyük fədakarlıq göstərdi. 90 nəfər sənətkar bir arada olduq. Çox hörmətlə ayrıldıq. Gələcək festivallara da dəvət aldım. Mən birinci dəfə idi ki, bu sənət adamları ilə bir aradaydım. Çətinliklərə baxmayaraq nəticə uğurlu, həm də sevincli oldu. Kəlağayılarımıza olan rəğbəti gördüm, gənc qızların kəlağayıda şəkil çəkdirmələri, kəlağayı ilə maraqlanmaları da çox xoş idi. Onların sevinclərini bir görəydiz.

8. Festivalda yadda qalan və daha çox diqqətizi çəkən məqamlar.

Festivalda yadda qalan insanların milli ruha kökləməsi idi. Mən deyərdim, bu sanki Vətənçün toy-düyün idi. O anları bir az da dünyanın gözüylə seyr etmək lazımıdır. At belində igidlərin yürüşü, bayrağımızın göylərdə dalğalanmasının möhtəşəmliyi bambaşqaydı. Dalğalanan bayraqlarda şəhidlərimizin nəfəsi vardı. Şəhidlərimizin ruhları şad olsun!
Sevindim ki, bayramlar içində bir bayramım da var. ”Milli Yaylaq Festivalı” bayramı, el bayramı, elat bayramı! Bu birlik, dirilik, həmrəylik bayramıydı!
Gücümüzə güc qatan, taleyimizə uğurlar gətirən bu birliyimiz hər zaman bizi xoş sabahlara aparacaq.
Dünya Azərbaycanlılarının və Türk dünyasının ”Milli Yaylaq Festivalı” bayramı günləri hər zaman uğurlu olsun. Bu bayram milli birliyimiz naminə sabahlara doğru ən doğru yoldur.

9. Xarici qonaqların kəlağayıya marağı və münasibəti. Onları kəlağayıda görəndə hansı hissləri keçirdiniz?

Türk dövlətlərindən çoxlu qonaqlar gəlmişdi. Əl işlərimizlə maraqlanırdılar, soruşurdular. Mənimçün maraqlı olan Ukranyadan olan tarixçi alim Tatyana Krupanın öz milli geyimlərində və bizim kəlağayıda gəzdiyini görmək oldu. Maraqlandım, xeyli söhbət etdik. Dedi ki, illər öncə Şəkidə olub, kəlağayını ona hədiyyə veriblər. O kəlağayıdan həmişə istifadə edir. Elə bu da kəlağayımıza sevgidi, sədaqətdi. Hər Azərbaycana gələndə rəfiqələrinə hədiyyə kəlağayı alır. Qazaxıstandan olan musiqiçi Aqnar Kobis kəlağayıda bir neçə şəkil çəkdirdi, kəlağayı haqqında suallar verdi, onunla bərabər gələn professor Metuyert (Mirvari) Kurmangaliyeva ilə də maraqlı söhbətlərimiz oldu. Kəlağayıdan, Mirvarid Dilbazi yaradlcılığından danışdıq. Sabahısı gün də görüşdük. Beləcə, qaynadıq, qarışdıq, xoş anlar yaşadıq. Axı, biz dili bir, dili bir, dini bir olan millətin nümayəndələriyik. Zaman-zaman ayrı düşmüşük. Özbəkistan mətbuatı üçün məndən müsahibə götürdülər. Onların gündəlik milli geyimlərdən istifadə etmələri alqışa layiqdir. Vaxt varıydı başqa ölkələrdə bizim milləti kişilərin buxara papağıyla, qadınlarımızı isə baş örtükləri ilə müəyyənləşdirirdilər.
Gürcüstanın Rustavi şəhərində doğulmuşam, böyümüşəm, yaşamışam. Biz olan binada hər millətdən var idi. Rus qonşumuz vardı. Bir axşam anama dedi ki, mən işə gedəndə bir azərbaycanlı kişi ilə bir azərbaycanlı qadın bloka girdi. Sizin qohumlardan deyildi, tanımadım. Mən də dəcəl qızı idim, dedim ki, nə bildin azərbaycanlıdılar, bəlkə başqa – rus-gürcü evinə gəliblər. Mənə dedi ki, kişinin başında Azərbaycan papağı, qadının başında azərbaycan şalı varıdı. Həqiqətən, bizə elçi gəlmişdilər. İndi nə elə papaq qoyan var, nə də o gözəl baş örtüklərindən istifadə edən.
Özbəkistandan Dilbər xanım gəlmişdi. Kəlağayını görən kimi elə sevindi ki. Söhbətləşdik. Bildirdi ki, Özbəkistanda toy-düyündə qız-gəlinlərə Azərbaycan kəlağayısı hədiyyə edilir. Mən heç bilmirdim.

Bəli, Rəfail müəllim, Türk xalqlarının bir arada olması dünyaya bir mesajdır.
Mənim üçün həm qonaqları, həm yaxından-uzaqdan, bizi sosial şəbəkələrdən izləyib görüşümüzə gələnləri, həm də sənət əsərlərini görmək çox maraqlı idi.
Maraqlı bir də o oldu ki, tanımadığım bir insan mənə yaxınlaşdı ki, xanım olarmı bizim veriliş üçün çəkiləsiniz, biz istədiyimiz milli geyimdəsiniz. Bir yerdə ki, söhbət millilikdən gedir razılaşdım. Olar, dedim. Gördüm çəkilişi aparan aparıcı, tanınmış kulinariya ustası, RNT kanalının jurnalisti Stalik Xankişiyevdi. Azərbaycanımızın tanınmış kulinariya ustası Tahir Əmiraslanov da orda idi. Soruşdum, neynəməliyəm? Dedilər ki, kərə yağı haqqında veriliş hazırlayırıq, nehrə çalxamalısan. Bir-iki lay-lay desən gözəl olar. Azərbaycan qadınlarının necə çalışqan olduqları haqda məlumat verir və eyni zamanda körpəyə lay-lay oxuya-oxuya nehrədə yağ da hazırlayırlar. Nə isə, yerindəcə nənniləri düzdüm-qoşdum, özüm də oxudum. Dediklərinə görə yaxşı alındı. S.Xankişiyev dedi ki, yüz adam da hazırlasaydıq səndəki kimi alınmayacaqdı. Şükür Allaha ki, sən varıdın. Sevindim ki, alındı. İnşallah, sentyabrda təqdim olunacaq.
Xarici qonaqları kəlağayıda görəndə çox sevindim. Ən qürurverici məqamlardan biri də o idi ki, yaylağa gələn xanımların çoxu boyunlarına, başlarına kəlağayı atmışdılar. Həm də efirdən mənim orda olacağımı bilənlərin məni axtarmalarıydı. Məni deyib gələnlər çox idi. Gələn qonaqları tədbirlərdə, eldə-obada tez-tez görürəm. Ancaq yaylaqda könülə yaxın könül adamlarını görmək başqa sevincdi. Deməklə anlatmaq olmur. O anları gərək yaşayasan. Dədə Ələsgər Ocağı olaraq səhnədə 3-cü günü çıxış etməliydik. Mən onları 3-cü gün gözləyirdim. 2-ci günü mənə dəstək olmaq üçün Vüsal Sehranoğlunun, Aydın Əmirovun tezdən yanımda görməyimin sevinci başqa aləm oldu. Mənimlə bərabər festivala müğənni kimi qatılan Təbrizli Arif Mehandost, Mədəniyyət Nazirliyinin Salnamə studiyasının kinorejissoru Kəmalə Musazadə ilə və anamla yolçuluğumuz unudulmaz oldu. Anamın ömrünə o xoş anlardan ömürlər calandı. O yaşda anam da çətinlikdən şikayətlənmədi. Analar qüdrətlidi, həm də qüvvətli.
Maraqlıdı, məni qələm əhli kimi də tanıyırdılar. Bəzən şeir də istəyirdilər. Söyləyirdim.

İpdən corab başladım,
Rənglərlə naxışladım,
Bayram günü gələndə,
Yarıma bağışladım.

10. Ən güclü silah təbliğatdır. Təbliğatınızın nəticələri hiss olunmaqdadırmı? Xanımlarda kəlağayıya sevgi artıbmı? Özünəqaydışı hiss edirsizmi?

Təbliğat ən güclü vasitədir. Onun da yolları var. Hər iş sevərək olmalıdır. Təbliğat xatirinə təbliğat olmaz. Təbliğat düzgün aparılmalıdır. Sözlə əməl vəhdət təşkil etməlidir.
Təkcə veriliş xatirinə kəlağayı örtməklə iş bitmir. Daha geniş təbliğat üçün kəlağayı haqqında həm danışmaq, həm də yazmaq lazımdır.
Anaların vəfası var kəlağayıda. Kəlağayı örtən qadının özü nümunə olmalıdır. Kəlağayını, bayrağı geyim forması kimi istifadə etməyi qəti qəbul etmirəm. Bayraq ucalarda dalğalanmalıdır. Şəhidlik zirvəsinə ucalanlar bayrağa bükülür. Kimsə mahnı oxuyur, bayraq forması geyinir, mən bunu qəbul etmirəm. Kəlağayıdan don tikdirib geyinənlər də var. Kəlağayını başa örtmək, boyuna salmaq lazımdı.
Təbliğatımızın nəticələri əlbəttə hiss olunur. Festivaldan öncə televiziyalar kəlağayı ilə maraqlandılar. Çəkiliş etdilər, yayımladılar, sonra da məni televiziyalara dəvət etdilər. Çıxışlarım maraqla qarşılandı, qəzetlər, saytlar yayımladılar. Mən həm də sosial şəbəkələrdə çox aktivəm. Maraqlıdı ki, kəlağayı haqqında çoxlu şeirlər yazıldı. Bu da məni çox sevindirir. Qələm dostlarımın kəlağayı sevgisi də qürurvericidi. Yazılan şeirlər mahnılara çevrilir. Mənim kəlağayı haqqında şeirimi aşıq Gözəl Kəlbəcərli çox gözəl oxuyub. İndi Rəhilə Bəndəliyeva Südabə İrəvanlının, Nargilə Mehdiyeva Səadət Butanın, Solmaz Kosayeva Səringül Sadənin kəlağayı haqqında şeirlərinə musiqi bəstələyib oxuyacaqlar. Bu da bir təbliğatdır.
Layihə çərçivəsində kəlağayı filmimiz, kəlağayı haqqında kitabımız inanıram ki, daha çox səs salacaq.
İlk dəfə “Azərbaycan Kəlağayısı Günü”nü keçirmək təşəbbüsünü mən irəli sürmüşəm. “Aşıq Pəri Məclisi” olaraq Rəşid Behbudov adına Mahnı teatrında tədbir keçirdik. Çox möhtəşəm oldu. Azərbaycan televiziyası çəkiliş edərək yayımladı. Bu da dövlətimizin həm bizə dəstəyi, həm də milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyi böyük sevgi idi.
Kəlağayı keçmişimizin minillərdən bəri bizə ərmağan elədiyi ən ulu dəyərlərimizdən biridir. Forma, zaman nə qədər dəyişsə də, kökə, soya bağlılığımız dəyişməzdi. Xanımlığımızın, xatınlığımızın yaraşığıdı kəlağayı. Kəlağayımızdan uzaqlaşmaq keçmişimizdən uzaqlaşmaq kimidir.
Kəlağayıdan yazmaq, kəlağayını yada salmaq milli-mənəvi dəyərlərimizin özümüzə qayıtmasına xidmət edir və artıq özünəqayıdış hiss olunur. Mən inanıram ki, kəlağayımız gələcək qız-gəlinlərimizin başında tac olacaq. Nənələrə, analara sədaqət göstərərək kəlağayıları bu günə qədər evin ən gözəl guşəsində əzizləyərək saxlayırlar. Alqışlayıram. Amma bu azdı. Kəlağayıdan istifadə etmək onu saxlamaq, qorumaq qədər vacibdir.
Ümumiyyətlə, millilik yolunda gördüklərimiz hələ çox azdı. Bunun üçün çox çalışmaq lazımdı. Artıq gələcəyi düşünürəm, yeni layihələr planımın təməlini indidən qoymağa çalışıram. Milli nə varsa dəyərdi, dəyərlidi, əbədidi. Ona görə də milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Gözəllik bundadır. Qadınlarımızın millilikdən uzaqlaşmaq haqqı yoxdur. Çünki nənələr, analar gələcək qızlar üçün ilk məktəb olmalıdırlar. Qız balalarımız analara, nənələrə bənzəmək istəyirlər.
Yaradan bizim qadınları elə gözəl yaradıb ki, heç bir qondarma bəzəyə ehtiyac yoxdur. Onları daha da gözəlləşdirən, elə Azərbaycan kəlağayısıdı.
Gözəlliyin, yaraşığın Azərbaycan kəlağayısı olsun, Azərbaycan qadını!

Qazax kökənli olsa da, Gürcüstanın Rustavi şəhərində doğulan, böyüyən, Rustavi şəhər 7 saylı məktəbi əla qiymətlərlə bitirən, məktəb səhnələrində nənə rolu oynayanda da kəlağayı örtən Güllü xanım indi də doğma Borçalıya hər gedəndə müəllimləri, iş yoldaşları ilə görüşür. Kəlağayımızı orda da təbliğ edir.
Güllü Eldar qızı Tomarlının arzularından biri də kəlağayımızla bağlı M.F.Axundzadənin ev muzeyində tədbir keçirməkdir.
İndiyədək istədiklərinə, arzularına nail olanın bu arzusunun da reallaşacağına inanırıq. Sağlıq olsun.

Güllü xanımın əl işləri – toxuduqları da gözəldi, özünəməxsusdur. Fərqlidir. İlmələr, naxışlar adamı özünə çəkir. Bu müxtəlif əl işlərin hər birinə xüsusi yanaşmanın olduğu hiss olunur.
Bu evdə özünü muzeydəki kimi hiss edirsən. Güllü xanımın muzeyində bilmirsən nədən başlayıb, nədən qurtarasan.
Əliniz yorulmasın, ruhunuz və ovqatınız daim təzələnsin, Güllü xanım!
Kəlağayınız bol, əl işləriniz çox olsun, milliliyi qoruyan, yaşadan yorulmaz insan!

Rəfail Tağızadə

Müstəqil.az

Share: