Söz verdiyim kimi “Taraktor Sazi Təbriz” və ya indiki adı ilə “Traktor Azərbaycan”-dan yazmaq istəyirəm. Bəli, iki-üç gün əvvəl bu komandanın adı dəyişdirildi. “Traktor Azərbaycan” oldu. 1970-ci ildə yaradılmış klub son illərdə İranın xarici – yaxın qonşuluq siyasətində əsas kataliz reaktoru rolunu oynayır – desək yanılmarıq. Mən demişdim ki, komandanın adının dəyişməsi SEPAH-ın – İranın xüsusi xidmət orqanının – ideyasıdır. Niyə? Nə əlaqəsi var? – deyə sual edə bilərsiniz.
Ona görə ki, “Traktor – Azərbaycan” adını klub rəhbərliyi milli mücadiləyə görə götürməyib. Təbrizlilərin “Tiraxtur” klubu İranın Qərbi Azərbaycan ostanının (Təbriz də bu ostana daxildir) komandasıdır. İran dövlətinin “iddiasına və istəklərinə” görə bu ostanın şimalı işğal altındadır (?). Yəni, indiki Azərbaycan Respublikasını da bu ostanın tərkib hissəsi hesab edirlər. İlıq suyu da üfürə-üfürə içən rəsmi Tehranın bu istəyini mətnaltı futbol ismarışı ilə dilə gətirməsi o qədər də anlaşılmaz deyil. Ən azından mən belə başa düşürəm.
Digər tərəfdən Təbriz komandası Güney Azərbaycanın milli dava “maşını”dır. İran da bundan məharətlə istifadə edir. Necə olur ki, ana dili davasına görə Abbas Lisani başda olmaqla on minlərlə fəal zindanlarda “çürüdülür” amma “Tiraxtur”un azarkeşlərinin aramsız “birlik”, “bütövlük”, “Ana dili” şüarları “boğulmur”? Deməli, işin içində iş var. Molla rejiminin bu işdə ƏMMAməsi ondan ibarətdir ki, azarkeşlərin çoxluğunu görür və bundan pul qazanıb büdcə doldurur. Vergi yolu ilə. Bu öz yerində…
Hətta, türkiyəli futbol mütəxəsisi Mustafa Dənizli də bu məqsədlə komandaya baş məşqçi postuna dəvət edilib. Çünki komandanın Azərbaycanda və Türkiyədə kifayət qədər azarkeşi var. Onların indiki sanksiyalar dönəmində turist kimi İrana gəlişi “bizim milli davamızdan, coşğumuzdan İran büdcəsinə pul qazandırmağa” hesablanıb. Qəliz danışdımsa, fikir verməyin. Üstündən keçin.
Eyni zamanda, güneyli soydaşlarımız “mənfi enerji”lərini çıxarsın, rahatlaşsın, hər şey – o qorxulu vulkan püskürməsi hər həftə “Tiraxtur – Təbriz” stadionunda coşub sönsün deyə onlara əl vurmur. Toxunmur. SEPAH işini ustaca görür.
Əgər -bunlar cəfəngiyyatdır – desəniz, o zaman sualınıza sualla cavab vermək istəyirəm? Bəs 27 ildir (1991) niyə bir nəticə yoxdur? Əgər bu “potensial enerjinin kinetik enerjiyə çevrilməsi” deyilsə, niyə on minlərin coşğusu İran rejimini titrətmədi?
Qardaş, qulağınızı bəri gətirin bir söz də deyim. “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun” şüarı da İran SEPAH-ının işləyib ortaya atdığı şüardır. Məsələ, Azərbaycanın bütövlüyü deyil, Azərbaycan Respublikasının İranın Qərbi Azərbaycan ostanının tərkibinə qatılması ilə bağlıdır. İnanmırsınız? İnanmırsınızsa bir dəfə də “Azərbaycan bir olsun, paytaxtı Bakı (və ya Gəncə) olsun!” – deyin. Görün rəsmi Tehran necə əl-ayağa düşür. O saat tədbir mərəkə qurub tədbir tökəcək. Şuluq “Traktor” azarkeşlərini kotana qoşub xış-xış, xıncım-xıncım edəcək.
P.S: Bu söhbəti vaxtından əvvəl açdığım üçün hamınızdan üzr istəyirəm.
Tural Turan
AYB-nin üzvü,
Prezident təqaüdçüsü