Milli Həmrəylik Partiyasının (MHP) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANATI

Milli Həmrəylik Partiyasının (MHP) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANATI

Bu günə qədər dünyada bir sıra xalqlar ya qonşu ölkələr tərəfindən, yadaki dünyanın imperialist gücləri tərəfindən milli və irqi zəmində, dini və etnik nifrət müstəvisində dəhşətli təqiblərə, istismara, işğala, terrora və soyqırımına məruz qalmışdır. Xüsusən də bir sıra Avropa xalqları və yəhudilər bu acı həqiqəti İkinci Dünya müharibəsinin fonunda hamıdan daha yaxşı bilirlər. Çünki Hitlerin rəhbərlik etdiyi alman faşizmi bilavasitə milli və irqi nifrətə əsaslanırdı. Alman faşistləri yəhudiləri və slavyanları məhz yəhudi olduğuna görə, slavyan əsilli olduqlarına görə kütləvi şəkildə qırırdılar.

Əfsuslar olsun ki, bu acı aqibəti ötən yüzillikdə biz də dəfələrlə yaşamışıq. “Böyük Ermənistan” yaratmaq xülyasına düşən erməni millətçiləri və siyasiləşmiş erməni terror dəstələri (“Daşnaksütyun”, “Hnçak” və s.) əvvəlcə 19-cu yüzilliyin sonlarında və 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Həmin dövrdə Rusiya çarizminin fitvası ilə hərəkətə keçən ermənilərin törətdiyi kütləvi qırğınları bütün Azərbaycanı vəeləcə də indiki Ermənistan ərazisindəki azərbaycanlı kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Lakin onlar bununla kifayətlənməyiblər. Əlverişli məqam gözləyən və Birinci dünya müharibəsində məğlubiyyətə uğrayan Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. Bunun nəticəsində 1918-ci ilin mart ayında bolşeviklərin Bakı Kommunasının qanadı altına sığınan erməni bolşevik-daşnak dəstələri xalqımıza qarşı misli görünməmiş soyqırımını törədib, əksinqilabçılarla mübarizə şüarı altında ilk növbədə Bakı quberniyasının azərbaycanlılardan tamamilə təmizlənməsinə cəhd göstərib. Ancaq erməni azğınlığının çərçivələri təkcə Bakı ərazisi ilə məhdudlaşmayıb. Şamaxı, Quba, Salyan, Lənkəran, Gəncə, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, digər şəhər və qəzalarımızda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Bir sözlə, qana susayan erməni faşistləri hər yerdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra, 1918-ci ilin mart hadisələrinin tədqiqi və bu faciəyə siyasi qiymət verilməsi məqsədi ilə Nazirlər Şurası iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Beləliklə, bu, ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə yürüdülən soyqırımına ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses bolşevik-daşnak birliyi tərəfindən dayandırılıb, bu dəhşətli soyqırımına müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb.
Aradan 80 ilə yaxın vaxt keçdikdən sonra, 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda nəhayət ki, həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” olaraq elan edilib.
Sözügedən fərmanda tamamilə haqlı olaraq qeyd edilirdi ki, “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.
Bəs bu soyqırımının detallı şəkildə araşdırılması və siyasi qiymətini alması nəyə görə bizim üçün – Azərbaycan xalqı, Azərbaycan dövləti üçün mühüm, prinsipial əhəmiyyət daşıyırdı? Çünki ermənilər bu vəhşiliklərini ört-basdır edib siyasi-mənəvi məsuliyyətdən yaxa qurtaracaqlarını və xalqımıza qarşı kütləvi məhvetmə kampaniyalarını yenə də rahat surətdə davam etdirə biləcəklərini düşünürdü. Onlar müəyyən mənada bu çirkin məqsədlərinə nail olmağı bacarmışdılar. 1992-ci ilin fevralın 26-da törədilən Xocalı soyqırımı da məhz bunun nəticəsi idi. Ermənilər cəzasız qalacaqlarına əmin olduqları üçün Xocalı faciəsini xüsusi amansızlıqla törətmişdilər. Təəssüflər olsun ki, dünya birliyi həmin vaxt bu faciəyə səssiz qaldı. Ancaq 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması ilə xalqımıza qarşı 100 ildən çox davam edən erməni vəhşiliklərinin, erməni vandalizminin ifşa edilməsi prosesinə start verildi.
Ulu Öndər Heydər Əliyevin də vaxtilə qeyd etdiyi kimi xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur. Odur ki, bu istiqamətdə müntəzəm iş aparılır. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb.
Quba şəhərində tapılan kütləvi məzarlıq da bu faciənin miqyasını və amansızlığını sübut edən real faktlardan, maddi qaynaqlardan biridir. Bu cür dəhşətli izlərə ölkəmizin müxtəlif guşələrində rast gəlmək mümkündür. Məsələn, tükürpərdici faktları ilə zəngin olan Şamaxıda törədilmiş soyqırımı dünyanın ən məşhur yazarlarının romanları üçün mövzu ola biləcək qədər misli görünməmiş bir faciədir. Tarixçilərimiz, araşdırmaçılarımız bu faciələrin ayrı-ayrı detallarını, məqamlarını getdikcə tam şəkildə üzə çıxarırlar. Üzə çıxarılan yeni faktların erməni faşizminin zaman-zaman xalqımıza qarşı qanlı faciələr törətdiyini dünya miqyasında sübut etmək üçün yetərlidir. Tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu tam sübut edir.
Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışı zamanı haqlı olaraq qeyd etmişdi ki, “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, – onların da mənfur adları orada göstərilir, – Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
Əlbəttə, bu faciələri xatırlamaq hər bir insanın mənəvi borcudur. Lakin sadəcə xatırlamaq yetərli deyil. Bu faciələrin törənməsinə səbəb olan erməni faşizminin cəzalandırılması istiqamətində də ciddi iş aparılmalıdır. 44 günlük Vətən Müharibəsində təcavüzkar və terrorçu Ermənistan dövləti üzərində qazandığımız parlaq Qələbə erməni faşizminin, millətçiliyə və irqçiliyə söykənən ermənizmin (erməni faşizminin) cəzalandırılması baxımından olduqca mühüm hadisədir. Ancaq erməni faşizminin kökünü qurutmaq və ermənilərin son 200 ildə Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğınlara hüquqi-siyasi qiymət vermək təkcə Azərbaycanın işi deyil. Əlaqədar beynəlxalq təşkilatlar da bu işin altına əl qoymalı, erməni faşizminin cəzalandırılması üçün gərəkən prosedurları həyata keçirməlidir.
Ümumiyyətlə, faşizmin bütün formalarına qarşı birgə mübarizə təşkil edilməlidir. Bu baxımdan Milli Həmrəylik Partiyası dünya birliyini erməni faşizminin iç üzünü görmək və müasir Ermənistan dövlətinin son 30 ildə Azərbaycan xalqına qarşı yürütdüyü işğalçı-terrorçu siyasətinə hüquqi qiymətin verilməsi üçün yubanmadan hərəkətə keçməyə, Azərbaycanla həmrəylik nümayiş etdirməyə və əməkdaşlıq etməyə çağırır. Unutmayaq ki, faşizm hamımızın gələcəyini təhdid edən ümumi bəladır!
Milli Həmrəylik Partiyasının İdarə Heyəti.
Bakı şəhəri. 30 mart 2022-ci il.
Share: