Partiya sədri:-Milli həmrəyliyimizi, birliyimizi davam etdirək

Partiya sədri:-Milli həmrəyliyimizi, birliyimizi  davam etdirək

Biz İkinci Qarabağ müharibəsindən qalib xalq, qalib dövlət, qalib ordu kimi ayrıldıq. Bu birmənalı və mübahisəsiz həqiqətdir. Odur ki, heç kim nə Qələbəmizə şübhə ilə yanaşsın, nədəki 10 noyabrda imzalanmış birgə bəyanatın müddəalarından narahat olmasın. Hər kəs əmin ola bilər, o bəyanatda Azərbaycanın maraqlarına zərrə qədər də zidd olan hər hansı bir neqativ məqam tapmaq mümkün deyil.

Bilirəm, bəziləri Xocalıya, Xocavəndə, Ağdərəyə, Xankəndiyə, Laçın dəhlizinə bizim nəzarət edib-etməyəcəyimizə görə əndişələnir. Digərləri Rusiya sülhməramlılarının burada hərbi baza qurmaq və ölkəmizdə həmişəlik qalmaq istəyəcəklərindən narahatdır. Elə insanlarımız da var ki, onlara elə gəlir ki, yəqin qardaş Türkiyənin sülhməramlıları prosesdə iştirak etməyəcək.
Xeyr, bu narahatlıqların və gümanların hamısı əsassızdır. Türkiyə sülhməramlıları ilə Rusiya hərbçiləri bölgədə atəşkəsin qorunmasına birlikdə nəzarət edəcək. Bununla əlaqədar olaraq artıq Hulusi Akarla Sergey Şoyqu arasında memorandum da imzalanıb.
10 noyabr bəyanatında Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tam təmin olunub. Odur ki, Xocalıya da, Xankəndiyə də, yuxarıda adlarını qeyd etdiyim digər yaşayış məntəqələrinə də biz nəzarət edəcəyik. Oralarda bizim üçrəngli bayrağımız dalğalanacaq və bizim dövlət qurumlarımızın fəaliyyəti təmin ediləcək.
Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı birgə Bəyanata əsasən, məcburi köçkünlərimiz də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıdacaqlar. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. Hamımız Şuşaya, Ağdama, Xocalıya, Qubadlıya, Kəlbəcərə və digər yurd yerlərimizə qayıdacağıq. Mən bunu təkcə partiya sədri kimi yox, həm də bir məcburi köçkün kimi tam əminliklə deyirəm.
Eyni zamanda, Rusiya sülhməramlılarının Qarabağa gəlişinə görə təşviş keçirməyə, narahat olmağa ehtiyac yoxdur. Onsuz da bütün hallarda bölgəyə sülhməramlıların yerləşdirilməsi vacib idi. Odur ki, heç kim rusiyalı sülhməramlıların gəlişini 1920-ci ilin 27 aprelində 11-ci Qırmızı Ordunun gəlişi ilə eyniləşdirməyə, yersiz panika yaratmağa cəhd göstərməsin. İndi nə ötən əsrin 20-ci illəri, nədəki 90-cı illəri deyil. Dünya dəyişib, geopolitik reallıqlar dəyişib və Rusiya da dəyişməkdədir. Rusiya dövləti hazırda bizə qarşı ekspansiya siyasəti yürütməkdə yox, sıx əməkdaşlıq və mütəfiqlik etməkdə maraqlıdır. Bu baxımdan, bizim istəyimiz və razılığımız olmadan ərazilərimizdə Rusiya hərbi bazasının yaradılması əsla mümkün deyil.
Birdəki, indi bizim yanımızda qardaş Türkiyə Cümhuriyyəti kimi qosqoca müttəfiqimiz və qarantorumuz var. Türkiyə də Rusiya ilə birlikdə bölgədə sülhün zəmanətçisidir. Qardaş ölkə bizə qarşı hər hansı bir təcavüzkarlığın baş verməsinə, şərtlərin dəyişdirilməsinə yol verməz. Həm də indi Azərbaycan dövləti, Azərbaycan Ordusu da 90-lardakı zəif dövlət və dağınıq ordu deyil. Son 44 günlük müharibədə Dövlətimiz və Ordumuz nəyə qadir olduğunu bütün dünyaya göstərdi. İndi bizimlə heç kim zor dili ilə danışa bilməz. Odur ki, hər kəsin içi rahat olsun və hamı möhtəşəm Qələbəmizin dadını çıxarmağa çalışsın. Şayiələrə və təxribatçı fikirlərə uymağın zamanı deyil. Milli həmrəyliyimizi, birliyimizi əvvəlki ruh yüksəkliyi ilə davam etdirək.
Əlisahib Hüseynov 
Milli Həmrəylik Partiyasının (MHP) sədri.
Share: