Milli Kitabxanada ilin son kitab sərgisi açıldı

Dekabrın 30-da Azərbaycan Milli Kitabxanasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar tədbir keçirilib.

Kulis.az xəbər verir ki, mərasimdə bu günün Azərbaycan tarixindəki önəmindən, Ulu Öndər Heydər Əliyevin dünya Azərbaycanlılarının birliyinin möhkəmləndirilməsindəki rolundan, xalqımızın harada yaşamasından asılı olmayaraq daima birlik nümayiş etdirməsindən, haqq səsimizin dünyaya çatdırılması işində həmrəyliyimizin əhəmiyyətindən, azərbaycançılıq ideologiyasından, ölkəmizin uğurlarından, diasporların fəaliyyətindən danışılıb.

Tədbirdə 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən həm respublikamızda, həm də xarici ölkələrdə Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərini, dünyada tanıdılmasını və azərbaycançılıq ideologiyasına sadiqliyini tərənnüm edən tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb. Mərasimdə vurğulanıb ki, qarşıda duran əsas vəzifələrdən biri Milli Kitabxananın 100 illik yubileyinin qeyd edilməsidir.

Tədbir çərçivəsində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı kitab sərgisinin açılışı olub.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Share: