Mayın 19-da Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov deyib: “Bu gün “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının, eləcə də Nizami adına Ədəbiyyat İnstitutunun yeni nəşr etdiyi “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiyanın təqdimatına toplaşmışıq. Sabir Rüstəmxanlı bütün duyğularını, azadlıq arzularını, vətəndaşlıq borcunu, xalqının taleyindən nigaranlığını öz əsərlərində qələmə alıb”.
Tərtib edilmiş biblioqrafik göstərici haqqında məlumat verən direktor vurğulayıb ki, bu vəsait yazıçı haqqında ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada Sabir Rüstəmxanlının kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, rus və başqa dillərdə çap olunmuş əsərləri, habelə ədibin həyat və yaradıcılığını, ictimai-siyasi fəaliyyətini əks etdirən bütün nəşrlər toplanıb. Vəsaitdə şairin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Sabir Rüstəmxanlının yubileyi münasibətilə Nizami adına Ədəbiyyat İnstitutu “Xalq şairi Sabir Rüstəmxanlı” adlı monoqrafiya nəşr edib. “Sabir Rüstəmxanlı bütün oxucu kütləsinin etibarını qazanan bir sənətkardır. Vətəndaşlıq poeziyası, milli istiqlal ruhu, müstəqillik ideyaları, dövlətçilik onun yaradıcılığının əsas ana xəttini təşkil edir. Fəxrlə deyə bilərəm ki, Sabir Rüstəmxanlı Azərbaycanın milli istiqlal mübarizəsinə çox böyük töhfələr verib. O, həm şair, həm də deputat kimi fəaliyyət göstərərək şair ideyaları ilə siyasi ideyalarını birləşdirib. Bu gün də Sabir Rüstəmxanlı hər iki cəbhədə – həm ədəbiyyatda, həm də siyasi müstəvidə öz fəaliyyətini uğurla davam etdirməkdədir”,- deyə akademik vurğulayıb.
İ.Həbibbəyli Milli Kitabxananın nəşri olan “Sabir Rüstəmxanlı. Biblioqrafiya” kitabının məzmunundan, mövzu əhatəliliyindən, eləcə də onun həcminin böyüklüyü barədə danışıb.
AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas alim, professor Tehran Əlişanoğlu çıxış edərək biblioqrafiyaların tədqiqatçılar üçün əhəmiyyətli nəşr olduğunu vurğulayıb. Monoqrafiya barədə məlumat verən T.Əlişanoğlu bildirib ki, kitabda Sabir Rüstəmxanlının həyat və yaradıcılığını tam əhatə etməyə çalışıblar.
Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli Sabir Rüstəmxanlı haqqında belə gözəl tədbiri təşkil etdiyinə görə Milli Kitabxanaya öz təşəkkürünü bildirib. Qeyd edib ki, S. Rüstəmxanlı yaradıcılığını 3 dövrə bölmək olar. Birinci mərhələ 70-ci illəri əhatə edir ki, bu mərhələdə Sabir Rüstəmxanlının şairlik keyfiyyətləri ortaya çıxır. İkinci mərhələ şairin yaradıcılığında yeni mərhələ hesab edilə bilər. Bu mərhələdə onun yaradıcılığının yeni xüsusiyyətləri “Gəncə qapısı”, “Qan yaddaşı”, “Sağ ol, ana dilim” kimi əsərlərdə əks olunur. Ən nəhayət üçüncü mərhələdə o, Azərbaycan türk poeziyasının “atəş xəttinin” önünə keçir. Bildirib ki, Sabir Rüstəmxanlı daim bəşəri ideyalarla yaşayıb-yaradıb, ürəyi daima xalqı, milləti üçün döyünüb.
Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Yazıçılar Birliyi adından Sabir Rüstəmxanlını doğum günü münasibətilə təbrik edib. O, S.Rüstəmxanlının ictimai fəaliyyətindən, cəsarətli çıxışlarından və onunla bağlı olan xatirələrdən bəhs edib.
Tədbirin davamında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, şair Məmməd İsmayıl, Milli Məclisin deputatları Nizami Cəfərov, Əlövsət Ağalarov və başqaları çıxış ediblər.
Sonda Xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək tədbirdə iştirak edən hər kəsə, təşkilatçılara təşəkkürünü bildirib. Biblioqrafiya, onun bölmələri, əhatə genişliyindən bəhs edərək əməyi keçən hər kəsə minnətdarlığını çatdırıb.
Sonda iştirakçılar Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.
Müstəqil.az