“Aqrar siyasət komitəsi üzvlərinin işğaldan azad edilmiş torpaqlarda iclas keçirmək istəyini Tədbirlər Planına salmışıq”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Komitə sədrinin sözlərinə görə, ərazilər minalardan təmizlənəndən sonra bu işlər gerçəkləşəcək:
“Hesab edirəm ki, komitə üzvləri işğaldan azad edilmiş ərazilərdə işlərin gedişatı ilə tanış olmalıdırlar. Məlumat var ki, Ağdamda 1165 hektar taxıl əkilib. Bu çox yaxşı rəqəmdir. Bu kampaniya Füzuli və digər yerlərdə də aparılacaq. Aqrar sahənin inkişafı ilə bağlı tədbirlər görüləcək. Hazırda ərazilər minalardan təmizlənir. Təmizlənmə tam başa çatandan sonra razılıq əsasında həmin regionlarda olmağı planlaşdırırıq. Bu ay da olmasa, növbəti aylarda komitə olaraq apreldə, mayda, iyunda həmin yerlərə bir neçə dəfə baş çəkəcəyik”.
Tahir Rzayev fevralda işğaldan azad edilmiş ərazilərə qısamüddətli səfər edəcəyini də söyləyib:
“Fikrimdə var ki, fevralda komitə üzvləri ilə birgə Ağdama, Füzuliyə gedək. İşlərin gedişi ilə tanış olmaq istəyirik”.