Az qala dünyanın yaranması ilə yaşdaş olan Azərbaycan xalqı ta qədim dövrlərdən bu günə qədər uzun, keşməkeşli, çətin, şərəfli tarixi olan bir yol keçmişdir. Bu yolu müxtəlif dövrlərdə dünyada 1000-dən çox xalq keçsə də, onlardan Azərbaycan da daxil, yalnız 200-ə yaxını öz müstəqil dövlətini qura bilmişdir.
Azərbaycanın milli dövlət qurub öz müstəqilliyinə nail olması həm də onunla şərtlənir ki, tarixin bütün dövrlərində öz milli-mənəvi dəyərlərini diri tutmuş və bu dəyərlər uğrunda mübarizə aparmışdır. Bu milli-mənəvi dəyərləri xalqımız müstəqil dövləti olmadığı zamanlarda belə adət-ənənələrində, şifahi-yazılı ədəbiyyatında və digər xalq yaradıcılığı növlərində qoruyub saxlamış, nəsildən-nəslə ötürmüşdür.
Dövlətin yaranması, qurulması, inkişafı sözün əsl mənasında bir xalqın öz milli-mənəvi dəyərlərinə nə qədər bağlı olmasından asılıdır desək, yanılmarıq. Ulu Öndər Heydər Əliyevin aşağıdakı fikirlərində milli-mənəvi dəyərlər üstündə formalaşan milli ideologiyamızın gələcəyə yönəlik konturları tarix adından strateji dəyərlər sisteminə keçmişdir: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır”.
Bu fikirdən yola çıxaraq, milli-mənəvi dəyərlərin komponentlərini aşağıdakı şəkildə sıralamaq istəyirəm: tarix, dil, din, adət-ənənələr, şifahi və yazılı xalq ədəbiyyatı. Milli kimliyimizi xarakterizə edən bu komponentlər milli ideologiyamızın təməl prinsiplərini təşkil edərək onun strateji hədəflərinə işıq tutur. Tariximizi və gələcəyimizi milli ideologiyada birləşdirən milli-mənəvi dəyərlərin işıq mahiyyətinə nəzər salaq.
Tarixi yazmadan, öyrənmədən, yaşatmadan onun qəhrəmanlarını sevmədən və tarixdən ibrət götürmədən milli ruh tərbiyələnməz.
Milli dövlətin tarixi və onun uğrunda mübarizə aparan tarixi şəxsiyyətlərin qəhrəmanlıq yolu milli –ideoloji təfəkkürün formalaşmasında əsas qaynaqlardan biridir. Milli dəyərlərə sadiq olan babalarımız əbəs yerə deməmişlər ki, “Keçmişə güllə atsan, gələcək səni topa tutar”. Mən deyərdim ki, bu, tarixdən qopmamağın və işıqlı gələcəyin tarixlə bağlı olmağının strateji düsturudur. Çünki tarixdən qopmaq gələcəyi itirməkdir. Necə ki rəşadətli ordumuz cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə xalqımızın əsrlərdən gələn qəhrəmanlıq ruhundan od alaraq 30 illik erməni işğalında olan torpaqlarımızı 44 gün müddətində azad etdi.
Dil xalqın varlığı, özünü oxuması və oxutması, inkişaf etdirməsi, nəsillər arasında ən etibarlı körpüdür. Dil xalqın varlığını təsdiq edən, milli kimliyini göstərən tarixi mənəvi dəyər, tarixi, mədəniyyəti, mənəvi dəyərləri özündə saxlayan ən etibarlı xəzinədir. Bu xəzinəni qoruyub saxlamaq, inkişaf etdirmək isə dövlətlə bərabər həm də yazıçıların, şairlərin, mütəfəkkir şəxsiyyətlərin gizli-açıq məqsədləri olub. Məhz bu cür strateji düşüncənin sayəsində ana dilimiz qorundu, duruldı, inkişaf etdi. Hazırda da mükəmməl şəkildə çağdaş mərhələsini yaşamaqdadır. A.N. Tolstoyun dediyi kimi: “Dil mədəniyyətlə birgə boy atır”.
Din milli-mənəvi dəyərlər sistemində cəmiyyətin mənəviyyatında əxlaq dəyərlərini yüksəldən ideoloji konsepsiyanın əsas qoludur. Din ideoloji ruhu əxlaq prinsiplərinin işığında formalaşdıran mənəvi yol, həqiqət, ədalət, doğruluq, insanlıq və s. kimi mənəvi dəyərlər dünyagörüşünə kökləyib, onu inanclı insan əqidəsinə çağırış edən fundamental dəyərlər sistemidir. Məncə, dini doğru anlamaq, elmi şəkildə çağdaş dəyərlərlə əlaqəsini qurmaq, onu çağdaş mədəniyyətin tolerantlıq mərtəbəsinə yüksəldər.
Adət-ənənələr xalqı öz kökünə bağlayan, yaşadan, özünü özünə sevdirən ən səmimi milli meyardır. Adət-ənənələr xalqı ana südü kimi bəsləyən milli qidadır. Adət-ənənələrini qoruyan xalq ucadır, yenilməzdir. Çünki adət-ənənələr özü də xalqı bətnində qoruyan ana kimidir. Və elə bir müasir mədəniyyət nümunələri yoxdur ki, onun naxışında milli adət-ənənələrin nişanələri olmasın.
Şifahi və yazılı xalq ədəbiyyatı xalqımızın mənəvi dəyərlərini uzaq keçmişdən bu günə, bu gündən gələcəyə götürən ədəbi karvandır.
“Azərbaycan xalqı müdrik xalqdır” deyimi heç də təsadüfi yaranmamışdır. Belə ki, müdrik xalqımız istər milli, istər fərdi taleyüklü məsələlərdə sevincini, kədərini yazılı ədəbiyyata qədər şifahi xalq yaradıcılığı nümunələrində (laylalar, bayatılar, holavarlar, atalar sözləri, rəvayətlər, nağıllar, dastanlar, xalq oyunları, xalq tamaşaları, şəbihlər və s.) ifadə etmişdir. Bu həm də xalqımızın mənəvi zənginliyini yazılı ədəbiyyata götürən böyük sınaqlardan keçmiş uzun tarixi yolun nəticəsidir. Bu yolun ilk yazı zirvəsi milli mənlik şüurunu milli özünüdərk dünyagörüşünə yüksəldən və bu günədək qoruyub saxlayan yazılı abidəmiz “Kitabi – Dədə Qorqud “ dastanıdır ki, yazıldığı tarixdən bu günədək milli ruhumuzda eyni təravətlə öz təsirini göstərməkdədir. Milli şüurumuzun qibləsi olan “ana kitabımız” ”Kitabi – Dədə Qorqud” dastanını böyük yazıçımız Anar hələ Sovet dövründə Moskvanın təzyiqlərini gözə alaraq müasir ədəbiyyatımızın povest janrında xalqımıza yenidən təqdim etdi. Bu, milli-tarixi dəyərlərimizin çağdaş fonda xalqa təqdim etmənin ən uğurlu ədəbi üsulu idi. Daha sonra əsərin motivləri əsasında yazıçının ssenari müəllifliyi ilə filmin çəkilməsi o zaman müstəqil olmayan xalqımızın 7-dən 77-yə milli şüurunun diri qalmasında xüsusi rol oynadı.
Milli-mənəvi dəyərlərin bütün komponentləri çağdaş tariximizdə, ədəbiyyatımızda milli-mədəni irs adı ilə qorunmaqdadır.
Milli-mədəni irsə tariximizin milli-mənəvi qoruğudur desək, yanılmarıq. Belə ki, milli-mədəni irsin ta qədimdən gələcəyə ölçüsüz zaman daxilində diri qalması xalqın bütün dövrlərdə öz kökünə sadiq qalmasının nəticəsidir. Milli dəyərlər toplusu olan milli-mədəni irsin yuxarıda adı çəkilməyən digər komponentlərindən tarixi-dini abidələri, qədim-müasir incəsənət nümunələrini də əlavə etsək, xalqımızın qədim dünya xalqları ilə yaşdaş olduğunu görəcəyik. Bir xalqın böyüklüyünü sübut edən ən önəmli amillərdən biri də onun yaradıcı xalq olmasıdır. Bizim xalqımız da məhz belə xalqlardandır ki, milli-mədəni irs ilə ümumbəşəri dəyərlər sisteminə zənginlik qatmış, dünyaya tarix, ədəbiyyat və elm sahəsində böyük şəxsiyyətlər bəxş etmişdir.
Tarixi ruhunda yaşadıb, gələcəyi ideyalarında quran xalqımız çoxmədəniyyətli çağdaş dünyada yaşasa da, yalnız milli ideologiyamızın hədəflərini ali məqsəd kimi qəbul edən vətəndaşımız millətimizi, dövlətimizi layiqincə təmsil edə bilər.
Xatirə Fərəcli.
AYB Sumqayıt bölməsində məsləhətçi, şair.