Bu gün Azərbaycanda Milli Mətbuatın yaranmasından 144 il ötür.
XIX əsrin ortalarında ölkəmizdə aparılan siyasi-iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaradıb. Görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də Azərbaycan dilində nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazdırıb.
Cəmi iki il fəaliyyət göstərən və 56 nömrəsi çapdan çıxan, öz mütərəqqi ideyaları ilə Rusiya hakim dairələrini narahat etdiyi üçün bağlanan “Əkinçi” qəzeti qabaqcıl ideyaları təbliğ edib, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırıb, onların ictimai-siyasi və bədii düşüncəsinin inkişafına böyük təkan verib. Bu fikirlər iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Göyçayda keçirilən görüşdə səsləndirilib. Toplantı rayon icra hakimiyyətinin inzibati binasında baş tutub.
Bir qrup jurnalistin, ziyalının, veteranın və gəncin iştirak etdiyi görüşdə rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə çıxış edərək “Əkinçi” ilə dünyamıza gələn milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. Qeyd edilib ki, ötən yüz illiyin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən milli mətbuatımızın inkişafında da əsaslı dönüş yaranıb.
Sonda bir qrup mətbuat işçisi mətbuat sahəsində səmərəli fəaliyyətinə görə və Milli Mətbuat Günü münasibətilə rayon icra hakimiyyətinin təşəkkürnaməsi ilə təltif olunub.
Davud Tarverdiyev
Müstəqil.az