Fəxri Uğurlu, yazıçı-tənqidçi
Kulis.az Fəxri Uğurlunun Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti haqqında yazısını təqdim edir.
Doğrudanmı bizim taleyimiz əlimizdə deyil? Doğrudanmı insan oğlunun həyatı fələyin lotereyasında çıxan rəqəmlərin təsadüfi ardıcıllığından asılıdır? Doğrudanmı ömrümüz nə əvvəli, nə də sonu görünən səbəb-nəticə silsiləsinin zəncirinə vurulub?
Yerlə-göylə əlləşən başlar min illərdir bu kimi bəsit sualların cavabını axtarır. Qonşu planetə köçməyə hazırlaşan bəşəriyyət bunca sadə məsələləri çözməkdə hələ də acizdir.
Mənə qalsa, belə deyərdim: əgər varsa, azadlıq insan ruhunun xassəsidir, maddi, fiziki aləmdə, təbiətdə heç bir azadlıq yoxdur. Şəxsən mənim mənəviyyat qanunlarına, yəni təbiətə alternativ qanunlara (yəni ruha, Allaha) inamımın bünövrəsində duran budur. Başqa bir tanrını təsəvvürə gətirmək çox çətindir, çünki bütün başqa hallarda pak ruhumuzu napak əməllərimizin çirkabına bulamış olacağıq. İnsan oğlu tanrısını öz günahlarından tam arındırmayınca gerçək azadlığın dadını, yaxud da azadlığın gerçək dadını duymayacaq.
Bir çox fikir adamı Tanrı, Allah anlayışlarıyla tale, qismət kimi anlayışları eyniləşdirir, halbuki insan oğlunun azad mənəvi iradəsi tanrılıq zirvəsinə ucalıb taleyin, qismətin əsarətindən qurtulmağa yönəlib. Məsələn, bizə genetik yollarla, yəni taleyin, qismətin hökmüylə ötürülən mərəzlər indi artıq bir çox halda azad insan ruhunun təcəllası olan elmin qüdrətiylə ya tam zərərsizləşdirilir, ya da gücdən salınır. Bu, ruhun bədənə, Tanrının təbiətə qarşı mübarizəsi deyilsə, bəs nədir?
Hərçənd hər düşünən adam həyata bu çərçivədə baxmır, kimi bu dünyanı savaş meydanı, kimi də tragikomik tamaşa səhnəsitək qələmə verir…
***
Məzmunu nə qədər faciəvi olsa da, Qabriel Qarsia Markesin dilimizə Əkrəm Əylislinin çevirdiyi “Gözlənilən bir qətlin tarixçəsi” povestini insan azadlığına karikatura kimi də təfsir eləmək olar. Yəqin həm də bu səbəbdən ki, müəllif özü də belə bir azadlığın varlığına şəkkak yanaşıb. Ümumiyyətlə, bu povestin ən dərin qatlarında ironiya layları üzür. Baş qəhrəmanın adının-soyadının mənası (Santyaqo – müqəddəs Yaqub, Nasar – yardım eləyən deməkdir), onu qətlə yetirən əkiz qardaşların xristianlığın təşəkkülü, yayılması prosesində ən üstün xidmətlər göstərmiş İsa Məsih həvarilərinin adını daşıması (Pablo – Pavelin, Pedro – Pyotrun ispanlaşmış variantıdır), toy gecəsi üzüqara çıxan qızın adı (Anxela – mələk deməkdir) söylədiyimi təsdiqləyir.
Əsərin personajlarından heç biri ürəyinin hökmüylə davrana bilmir, gizli, sirli, amansız bir güc onları arzulamadıqları yolla getməyə, istəmədikləri işi tutmağa məcbur eləyir. Bir qəsəbə adam bir qətlin baş tutması üçün səfərbər olunur, hər kəs yaxından-uzaqdan bu cinayətin şərikinə çevrilir, heç kim yaxasını qırağa çəkə bilmir. Fələyin dəftərxanasında Santyaqo Nasara ölüm hökmü kəsilib. Hökmün icrası Pablo-Pedro Vikario (yeri gəlmişkən, katolik kilsəsində ruhani rütbələrdən biri olan bu sözün mənası “əvəzləyən”, “nümayəndə” deməkdir; elə isə qardaşlar kimi əvəzləyirlər, kimin nümayəndəsidirlər – fələyinmi, əzrayılınmı, əcəlinmi?..) qardaşlarına tapşırılıb. Əkizlərin toy gecəsi üzüqara çıxmış bacıları Anxela Vikario bakirəliyinin pozulmasında Santyaqonu günahlandırır.
Bu suçlamanın doğru olub-olmadığı sona qədər aydınlaşmır, qızın nəyə görə məhz Santyaqo Nasarın yaxasından yapışdığı axıracan bilinmir. Bir sözlə, xalis müəmma, əsl sirri-xuda!
Qətlə yetirildiyi ərəfədə dostunun davranışlarını, hətta gördüyü yuxuları qırğı gözüylə süzgəcdən keçirən müəllifin müşahidələri, təsvirləri, təhlilləri deməyə əsas verir ki, Santyaqo başına gələsi faciədən xəbərsizdir, bu səbəbdən heç kimdən qorxub çəkinmir, heç nədən narahat deyil. Buradan belə bir sadə məntiqi nəticə çıxır ki, əgər günahı olsaydı, cavan oğlan qəsəbədə o cür arın-arxayın dolanmazdı, toy gecəsi gərdəyə girən gəlinin aqibətini həyəcanla gözləyərdi.
***
Bütün əsər boyu müəllif bir gəncin ölümünə necə hazırlıq görüldüyünü ən xırda detallarına, bu qətlə gətirən səbəblər silsiləsini incəliklərinə qədər açıb göstərir. Onun öldürüləcəyini özündən başqa hamı bilir, ancaq heç kəs, hətta onu qətlə yetirməyə hazırlaşan əkiz qardaşlar belə bu ölümü arzulamır.
Fəqət qətlin qarşısını almağa kimsə ciddi cəhd göstərmir, hamı əli-qolu bağlı, dili bağlı işin sonunu gözləyir. Santyaqo Nasar eynən Markesin ustadı Kafkanın ölümə məhkum olunmuş qəhrəmanı kimi çaşqındır, ömrünün son dəqiqələrində belə nədə suçlandığını, nəyə görə hədəf seçildiyini anlamır, üstəlik, özünü qorumağa, hədəfdən yayınmağa da çalışmır.
Bu detallar həm də Santyaqonun günahsız olduğunu sübuta yetirir, əks halda onun qətli fəlsəfi mahiyyət də daşımazdı, məişət xarakterli bir faciənin kriminal xronikasından uzağa getməzdi. Söhbət məişət əxlaqına dirənsəydi, əminəm, Markes bu əsəri qələmə almazdı; sadəcə o, qənaətini açıq dilə gətirmir, Heminqueysayağı fəndlə tapmacanın açmasını oxucuya saxlayır.
Əslində əvvəl-əvvəl əsər elə o cür də qəbul olunmuşdu, “Yüz ilin tənhalığı” romanının dünya şöhrətli müəllifinin başına and içən tənqidçilər bir müddət pəjmürdə sükuta dalmışdılar. Sonra onlardan kimsə povestə açar tapmışdı: demək, heç kim qəsəbə camaatının sevimlisi olan iyirmi bir yaşlı gəncin öldürülməsini istəmirdi, bununla belə onu amansızlıqla qətlə yetirdilər!..