Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevirdə musiqili poeziya axşamı keçirilib
Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhər “Dostluq” parkında musiqili poeziya axşamı keçirilib.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Bakı şəhərindən və digər bölgələrdən olan gənc şair və yazarlar, media nümayəndələri, gənc rəssamlar, regional idarənin əhatə etdiyi Bərdə və Tərtər rayonları, Mingəçevir və Yevlax şəhərlərindən olan gənclər, həmçinin şəhər sakinləri iştirak edib.
Regional idarənin rəisi Vəsilə Möhsümova bütün iştirakçıları salamlayaraq belə görüşlərin gənclərdə ədəbiyyata, poeziyaya maraq oyatmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, gənclərin gələcəkdə savadlı və bacarıqlı mütəxəssislər kimi yetişmələri üçün onlara daha çox oxumağı, elmi və mədəni tədbirlərdə iştirak etməyi məsləhət bilib və gənclərə gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Daha sonra tarda ifa edilən musiqilərin sədası altında şairlər və yazarlar tərəfindən səslənən şeirlər iştirakçılarda xoş ovqat yaradıb. Tədbirdə həmçinin gənc xanəndə və gitaraçılar tərəfindən musiqi nömrələri və gənclərin ifasında şeirlər oxunub.
Sonda yazarlar tərəfindən iştirakçılara kitablar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Müstəqil.az