ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağın BMT-nin protektoratı altına verilməsi barədə sensasion təkliflə çıxış edib.
O bu təklifi “Amerikanın Səsi”nə müsahibəsində səsləndirib.
Riçard Hoqland sərhədin Tovuz istiqamətində son döyüşlərlə bağlı suala cavabında bildirib ki, bu hadisə təsadüfən baş verməyib, lakin toqquşmanın motivləri heç kimə məlum deyil.
“Hər hansı bir tərəf təsadüfən atəş açanda dərhal tərəflər arasında əlaqə yaranır və insidentin təsadüfi olduğu müşahidə edilir. Ancaq bu dəfə belə bir şey olmadı”,-o deyib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti məhduddur və bu fəaliyyət münaqişə tərəflərinin həll etdiyi tədbirləri həyata keçirə bilər. Amerikalı diplomat əmindir ki, Minsk qrupu regional qüvvələrin tam dəstəyi olmadan münaqişəni həll edə bilməz.
“Təəssüf ki, münaqişə tərəflər “biz kompromis axtarmağa hazırıq” deyə bəyan etməyə hazır olana qədər davam edəcək. Münaqişənin ən mənfi acısını adi vətəndaşlar hiss edəcəklər”, – deyə o bildirib.
Hoqland həm də sensasion təkliflə çıxış edib və bildirib ki, bu məsələni BMT-nin protektoratı altına vermək lazımdır.
“Münaqişənin yeganə həll variantı Dağlıq Qarabağ münaqişəsinin BMT-nin protektoratı altında qeyri-müəyyən vaxta ötürülməsidir. Ola bilsin ki, bir neçə ildən, ehtiraslar bir qədər səngiyəndən sonra hər iki tərəfdən insanlar “biz BMT-nin rəhbərliyi altında belə bir gələcək istəyirik” deyəcəklər. Bu, mənim şəxsi fikrimdir və mən bu fikrə həmsədr olduqdan sonra gəlmişəm”, – deyə Hoqland vurğulayıb.
Onun sözlərinə görə, bütün dünyada icmalar və diasporlar bəzən hökumətlərinə nisbətən daha sərt mövqelərdən çıxış edirlər. O bildirib ki, Los-Ancelesdə, Moskvada və digər şəhərlərdə Azərbaycan və erməni diasporunun üzvləri arasında toqquşmalar bunu sübut edir.
“Bütün bunlar müəyyən mənada münaqişəni beynəlxalq problemə çevirib”, – deyə Riçard Hoqland bildirib.
Xatırladaq ki, iyulun 12-də Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatı nəticəsində döyüşlər başlanmış və bu döyüşlər zamanı hər iki tərəf itki vermişdi.
ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 13-də Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat veriblər. Onlar bəyanatda tərəfləri danışıqları mümkün qədər tez bərpa etməyə çağırıblar.
Müstəqil.Az