Peşəkar jurnalist, “Real TV”nin baş direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Mir Şahin Ağayevə ithaf olunur!
Bu qısa yazıda əziz oxucuların Odlar Yurdu Azərbaycanımızın tanınmış, peşəkar və bacarıqlı media nümayəndəsi, sabiq “ANS” Şirkətlər Qrupunun həmtəsisçisi və vitse-prezidenti, hazırda isə “Real TV”nin baş direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Mir Şahin Ağayevlə daha yaxından tanış olmasına çalışacam:
Qısa bioqrafik məlumat:
Mirşahin Dilavər oğlu Ağayev: 1963-cü ilin noyabr ayının 12-də Yardımlı rayonunun Perimbel kəndində bir təmiz, inanclı və zəhmətkeş ailədə dünyaya göz açıb. Orta məktəbi doğulub boya-başa çatdığı kənddə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olmuş, burada jurnalistika fakültəsini bitirmişdir.
Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin “Azərbaycan” qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə Azərbaycanın özəl və ilk xəbər telekanalı sayılan “ANS”in həmtəsisçisi olmuşdur. 1992-2005-ci illərdə “ANS” Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) baş redaktoru, ardınca isə 2016-cı ilədək “ANS” Şirkətlər Qrupunun vitse-prezidenti vəzifəsində çalışmışdır.
Müharibə reportyorudur. Odlar Yurdu Azərbaycanın peşəkar jurnalisti və publisistlərindən biri kimi tanınır. 2018-ci ildə “Real Təhlil və İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradan Mir Şahin Ağayev elə həmin ildən cəmiyyətin və onun nəzdində olan “Real” Televiziyasının rəhbəridir. 2022-ci ildən isə onun rəhbərliyi ilə “Real FM” radiostansiyası fəaliyyətə başlamışdır. Ailəlidir, 4 övladı var.
Fimoqrafiya:
Mir Şahin Ağayev doğma yurdumuzun peşəkar jurnalistlərindən biri olaraq bir çox filmoqrafiyaların müəllifidir. Bununla bağlı aşağıdakıları göstərmək olar:
1. “Bəd xəbərlər gətirən qəribə adamlar” (film, 1993);
2. “Çətən” (film, 1995);
3. “Adam cinsi arasında cins adam” (film, 1998);
4. “Erməni soyqırımı. Türkün sözü” (film, 2001);
5. “80 kilometr yerin altı ilə” (film, 2002);
6. “Şəhər” (film, 2003);
7. “Azərbaycan naminə!” (film, 2004);
8. “Bəd xəbər gətirən qəribə insanlar-2” (film, 2005);
9. “Azərbaycana namus və sevgiylə” (film, 2006);
10. “Payızın 17 anı” (film, 2007);
11. “Qaydasız döyüş” (film, 2009);
12. “Yaddaş” (film, 2010);
13. “Ağabəyovlar” (film, 2012-2014);
14. “Xoca” (film, 2012);
15. “Qanlı Yanvar” (film, 2015);
16. “Allahın adı ilə” (film, 2013);
17. “And İçirəm” (film, 2019);
18. “Xainlər” (film, 2020);
19. “Azadlığın Ad Günü” (film, 2020);
20. “Azadlığın Ad Günü:Şuşa” (film, 2020);
21. “Azadlığın Ad Günü:Zəngəzur” (film, 2020);
22. “Yalnız O” (film, 2021);
23. “Qayıdış” (film, 2021) və s.
Tanınmış jurnalist və kinorejissor, “ANS” Şirkətlər Qrupunun prezidenti və “VMF Natural Frequencies” şirkətinin təsisçisi Vahid Mustafayev yaxın dostu və mübarizə yoldaşı Mir Şahin Ağayevin 50 illik yubileyi ilə bağlı yazdığı ürək sözlərində belə demişdir:
“Çox maraqlıdır, həmişə onun adını – Mirşahin sözünü mən birlikdə və böyük hərflə yazmişam… Lakin dünən hansısa sənədi hazırlayanda niyəsə özündən soruşdum: “Qardaş, adın bir sözlə yazılır yoxsa iki sözlə?” Nə iləsə məşğul idi, dodağının altından dedi: “İki söz”. Birdən anladım ki, bütün bu müddət, 23 il ərzində nə boyda yanlışın sahibi olmuşam! Düz deyir! Mir – onun Qədim və Mübarək köklərindən, Şahin isə onun zamandan aslı olmayan Azadlığı və Ucalığından bəhs edir. Düzdür! Mir Şahin – iki sözdür, ikisi də böyük hərflə! Belə yazmaq lazımdır!”
Təltif və mükafatları:
İndiyədək jurnalistika və media sahəsində göstərdiyi faydalı xidmətləri və peşəkar fəaliyyətinə görə bir sıra təltif və mükafatlara, fəxri fərman və medallara layiq görülmüşdür. Bununla bağlı xüsusilə aşağıdakıları sadalamaq olar:
1. Azərbaycan Respublikasında televiziya işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli, 24 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının əməkdar jurnalisti adına layiq görülmüşdür.
2. 2019-cu ildə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Orqanlarının 100 illiyi münasibəti ilə Prezident İlham Əliyevin sərəncamına əsasən təsis edilmiş yubiley medalı ilə təltif edilmişdir.
3. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin 14 avqust 2019-cu il tarixli əmrinə əsasən, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
4. Azərbaycan Respublikasının Prezidentinin 22 iyul 2020-ci il tarixli sərəncamına əsasən, II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
5. 2021-ci ilin dekabr ayında Azərbaycan-Ukrayna Alyansının “Qızıl medalı” ilə təltif edilmişdir;
6. 2021-ci ilin dekabr ayında Veteran Tankçılar İctimai Birliyi, Dağ Yəhudiləri Dini İcması və “Dədə Qorqud” Milli Fondunun birgə layihəsi əsasında təsis edilən “Albert Aqarunov” mükafatı (medalı) ilə təltif olunub və s…
Subyektiv baxışım:
Mir Şahin müəllim öz sahəsinin peşəkarı, həm də Odlar Yurdu Azərbaycanımızda jurnalistika sahəsinin öndərlərindən sayıldığı üçün onun haqqında çox danışmaq, çox sözlər yazmaq olar. Burada ixtisara riayət edərək yalnız onun haqqında öz subyektiv baxışımı, öz ürək sözlərimi yazmaq istərdim:
Azərbaycan Respublikasının müstəqillik dövründə çoxsaylı jurnalistlər yetişmiş və bu gün onların bir çoxu medianın müxtəlif sahələrində fəaliyyət göstərirlər. Mənə görə, onların arasında sabiq “ANS” Şirkətlər Qrupunun həmtəsisçisi və vitse-prezidenti, hazırda isə “Real TV”nin baş direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Mir Şahin Ağayevin özünəməxsus yeri var.
Mir Şahin müəllim 30 il ərzində öz sahəsinin əsil peşəkarı, jurnalistika bacarığı üzrə əsil master-klass nümayiş etdirməyi bacaran insandır. O, güclü təhlil qabiliyyətinə malik olmaqla yanaşı həm də, qorxmaz, cəsarətli, həmçinin vətənpərvər və dövlətçi şəxsiyyətdir.
Jurnalistika sahəsindəki bütün bacarığını böyük məharət və ustalıqla Vətən və Dövlətçiliyimizin qorunması, xalqımızın və ümumiyyətlə, dinləyicilərinin aydınlanması yolunda işə salmağı bacarır. Etiraf etmək lazımdır ki, bu günümüzə qədər onun bu sahədə sərgilədiyi bacarığı, jurnalistika peşəkarlığı və cəsarətini kimsə nümayiş etdirə bilməyib.
Şəxsən mənim Odlar Yurdu Azərbaycanımızın bütün dəyərli, ləyaqətli və vətənpərvər jurnalistlərinə xüsusi sayğı və hörmətim var. Düşünürəm ki, yuxarıda sadalananlara görə, hörmətli Mir Şahin Ağayevi çağdaş Azərbaycan jurnalistikasının banisi və öndəri kimi təqdim etmək heç də əbəs olmazdı. Onu həm də, jurnalistika sahəsində malik olduğu bütün bacarıqları, peşəkarlığı və davamlı, həm də müsbət fəaliyyətinə görə bir məktəb adlandırmaq olar: Mir Şahin Ağayev Məktəbi…
Arzu və diləyim:
Ulu Tanrıdan doğma diyarımızın tanınmış və peşəkar jurnalisti, əziz və hörmətli Mir Şahin müəllim Ağayevə uzun və mənalı ömür, ailə xoşbəxtliyi, həmçinin işlərində yeni-yeni uğurlar diləyirəm!
İlqar İsmayılzadə
Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
[email protected]
07.11.2022