MİRAS ictimai birliyi mədəni irs sahəsində Ankara Böyükşəhər Bələdiyyəsinin təcrübəsini öyrənir

MİRAS ictimai birliyi mədəni irs sahəsində Ankara Böyükşəhər Bələdiyyəsinin təcrübəsini öyrənir

“Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan “Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması” layihəsi çərçivəsində Ankara Böyükşəhər Bələdiyyəsinin mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində təcrübəsini öyrənir. Bu məqsədlə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 17-27 avqust tarixlərində 10 gün müddətinə Türkiyə Cümhuriyyətinin Ankara şəhərinə ezam olunub. Fariz Xəlilli Ankara Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Təbiət Sərvətləri Dairəsi İdarəsində görüşlərinə başlayıb. O, əvvəlcə idarənin rəisi Bəkir Ödəmiş ilə görüşüb. Bəkir Ödəmiş Ankar Böyükşəhər Bələdiyyəsinin mədəni irs sahəsində gördüyü işlərdən danışıb, bu sahədə ANKARA MİRAS adını brendləşdirdiklərini, bütün araşdırma, qoruma və təbliğat işlərini bu brend ilə həyata keçirdiklərini bildirib. Ankara Böyükşəhər Bələdiyyəsinin 697 arxeoloji abidə, 31 təbiət abidəsi, 10 şəhər abidəsi, 10 tarixi abidə, 6 təbiət və arxeoloji abidə, 1 tarixi və şəhər abidəsini qoruduğunu və işlətdiyini qeyd edib. Mədəniyyət və Təbiət Sərvətləri Dairəsi İdarəsi dörd şöbədən – Mədəni irsin qorunması şöbəsi, Tətbiq və təftiş şöbəsi, Tender və şəxsi məsələlər şöbəsi, Plan və layihələndirmə şöbəsindən ibarətdir. Daha sonra Fariz Xəlilliyə bərpaçılar Əhməd Sansar və Cərən Qartal “Paytaxt olmasının 100-cü ilində Ankaranın mədəni irsi” mövzusunda geniş əhatəli təqdimat ediblər. Əhməd Sansar bəzi arxeoloji qazıntıların Ankara Böyükşəhər Bələdiyyəsinin büdcəsi hesabına maliyyələşdirildiyini, qazıntılarda bələdiyyədə işləyən arxeoloq və memarların da yaxından iştirak etdiyini bildirib. Bələdiyyə “açıq qazıntı sahəsi” proqramı tərtib edərək Ankara sakinlərini aparılan qazıntılarla tanış edir və onların görülən işlərlə yaxından tanış olmalarını təşkil edirlər. Fariz Xəlillinin mədəni irsin öyrənilməsi, qorunması və təbliği sahəsində Ankara Böyükşəhər Bələdiyyəsində görüşləri davam edir.

Share: