Bu gün doğum günü olan Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ…

Ənvər Əliyev

 

Bu gün hec bir təqdimata ehtiyacı olmayan, Azərbaycanın əvəzsiz övladlarından birinin – Mirzə Ələkbər Sabirin doğum günüdür. Onun haqda müxtəlif vaxtlarda müxtəlif mənbələrdən topladığım, eləcə də öz əlavələrimdən ibarət yazını Sizə təqdim edirəm! Zəhməti olanlara təşəkkürlər!

…Ağlayıb sızlayarıq yada düşdükçə güldüklərimiz…
…Mən belə dövranı qana bilmirəm
Qanmaz olub da dolana bilmirəm…

…Mirzə Ələkbərin ən yaxın dostu Abbas Səhhət idi. “Sümüklərimi də xalqın yolunda qurban verməyə hazıram” vəsiyyətini ona etmişdi….

…Sabir ömrü boyu verdiyi ilk və son müsahibədə …(o tarixi müsahibəni Salman Mümtaz almışdı) özünməxsus təvazökarlıqla “..Siz böyüksünüz yoxsa Abbas Səhhət?” sualına belə cavab vermişdi: “Yaşda mən, başda o”…..

…Tarixi müsahibə….

…..1910-cu ilin iyununda M.Ə.Sabir Haşımbəy Vəzirovun gündəlik “Səda” (1909-1911) qəzetində korrektor (müsəhhih) işləyir və “İslamiyyə” mehmanxanasında qalırdı…..
(……Guşeyi qəssində olan ləzzəti,
Xaneyi viranda haçan anlarıq….)

Əvvəlcə “Metropol” mehmanxanasına düşən S.Mümtaz Sabirlə görüşdükdən sonra onun qaldığı mehmanxanaya köçür. Onunla ilk və son müsahibə alan Salman Mümtaz:

…Sabiri nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək, özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək “məni atıb-tutur”, -dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” – deyərək yatdı… Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi və bazar əhlinin hay-küyü buna mane oldu və o gün Sabirlə aşağıdakı müsahibəmiz oldu…..

…Səhhət Tehranda, “Mədrəsəyi Nizamiyyəyi Nəsiriyyə”də həkimlik oxumuşdu. Fransız dilini də orda öyrənmişdi. Amma İran diplomuyla Azərbaycanda işləyə bilməzdi, imtahan verməli idi. Sürətlə rus dilini öyrəndi. Fransız dili vasitəsi ilə Qərb ədəbiyyatını dərindən öyrənmişdi, Şamaxıda isə rus ədəbiyyatını mənimsəyirdi…

…Sabirin Həmidə xanıma dediyi kimi hər Ramazanda bir qızı olurdu, Sabirin anası tez-tez Kərbalaya gedib oğlan arzulayırdı, nəhayət oğulları doğuldu, adını Məmmədsəlim qoydular….

…. “Uşaqların çox olması Ələkbərin zamanını alır, güzəranını ağırlaşdırır, onu daha artıq dərəcədə məyus edirdi”. Badam (arvadı..Ə.Ə.) savadsız idi, Ələkbərin şeir yazması ona çatmırdı.

….Bu şeir elə Badam haqdaydı. Seyid Hüseyn yazırdı: “Badamı aşiqanə bir qəzəldən, yanıqlı bi mərsiyə və sənətkəranə bir qəsidədən Sabirin evə gətirdiyi bir girvənkə yağ, bir batman un daha artıq maraqlandırır, ona daha artır “bədii” zövq verirdi”. Ələkbər qəzəldə “Seyid Əzimdən, mərsiyədə isə…. mərsiyə şairlərindən aşağı olduğunu əzab içində hiss edir, nə qədər ağrılı olsa da poeziyanın inkişaf etdiyi Şamaxıda şöhrəti maraqlı söhbətlər və şirin zarafatlardan ibarət idi”……

..Çıxılmaz vəziyyətdə şairin sinif yoldaşı, məşhur inqilabçı Sultan Məcid Qənizadəyə məktubundan: …Daha taqətim, təb və səbrim başa gəlibdir. Qardaşlarının əlindəki Yusif kimi əsir qalmışam. Birisi şillə ilə üzümə vurur, o birisinin məhəbbət ağuşuna atılmaq istəyəndə o da yumruqla başımda vurur, bu biri tərəfə gedəndə o da yumruğu başıma zollayır. Ondan azad olub başqasıyla dost olduqda döşümdən itələyir, ağzımdan vurur, ona dal çevirəndə digəri dalımdan vurur, ağzıüstə yıxılıram. Bir daha Şamaxıda qalmağa tabım qalmayıb. Bir nəfər də havadarım və qəmxarım yoxdur, yenə Sizə ümidvar olub sizə dərd-sər verməyə cəsarət edirəm.
Acizanə xahiş edirəm, mənim burda katorqa cəzasına məhkum olub qalmağıma razı olmayasınız. Lütf və mərhəmət əlinizi mənim tərəfimdə uzadıb, məni bu cəhənnəmdən xilas edəsiniz”.
Sultan Məcid məktubu oxuyub ağladı. Firudin bəy Köçərlini də çaöırıb məktubu ona da oxudu, bir yerdə çarə axtarmağa başladılar…..

…Ağır xəstə idi şair, Bakıda 3 ay müalicə (1910 sentyabr-noyabr) olunsa da, xeyri olmadı. Həmidə xanımın göndərdiyi pulla Tiflisə gəldi. Tarix: 1910 1 fevral.

Mehmanxanaya düşsə də, Ömər Faiq dərhal onu Molla Nəsrəddin redaksiyasına gətirir. Qarabağda olan Cəlil Məmmədquluzadənin kabinetində yatır.

O dövrdə jurnalın müvəqqəti redaktoru olan Məmmədəli Sidqiyə məktub yazan Cəlil Məmmədquluzadə Sabiri ən yaxşı həkimlərə göstərməyi və pul əsirgəməməyi ondan xahiş edir.
O dövrdə Molla Nəsrəddin jurnalında bir neçə uşaq vardı. Kim idi o uşaqlar:
Münəvvər: Cəlil Məmmədquluzadənin birinci arvadından olan qızı Həlimə; Əhməd Pepinov: Ömər Faiqin bacısı oğlu. 1937-ci ildə güllələndi.
Əziz Şərif: Mirzə Cəlilin, eləcə də Sabirin yaxın dostu, Qurbanəli Şərifzadənin oğlu
Əbil: Mirzə Cəlilin vəfat etmiş bacısının oğlu
Manya Dobrodeyeva: Həmidə xanımın xidmətçisinin qızı.

Bütün bu uşaqlar Molla Nəsrəddinin ikimərtəbli redaksiyasında yaşayırdılar. Cəlil Məmmədquluzadənin himayəsi ilə təhsil alan bu uşaqlar bazar günü “Molla Nəsrəddin” jurnalının bütöv şəkildə çap edilmiş səhifələrini qatlayır və üzərinə abunəçilərin ünvanlarını yazırdılar. Şeirlərini sevə-sevə oxuduqları Sabirin Tiflisə gəlməsi bu uşaqlar üçün bayram idi.
Şairin ölümünə az qaldığını böyüklərdən eşidən bu uşaqlar aradabir xəlvətə çəkilib ağlayırdılar. Sabirə qulluq etməkdən ötrü əldən-ayaqdan gedirdilər. Biri paltosunu tutur, o biri ayaqqabılarını gətirirdi. Sabir su istəyəndə beşi də mətbəxə qaçırdı. Sabir ona qarşı göstərilən bu hörmətdən sıxılırdı. Yazıq Sabir ömrünün ən gözəl günlərini yaşayırdı.

Yəqin ki, Sabiri haqqıyla anlayacaq yaşa gəlməmiş, kamala çatmamışdılar.

Amma xoşxasiyyət bir adamın ölümünə az qala bir uşağın ona bu qədər hörmət göstərməsi təbii deyildimi. Sabir xəstə olduğu üçün gecələr yaşca hamısından böyük olan Əhməd onun yanında qalırdı.

Bütün bunlar barədə bizə məlumat verən Əziz Şərif yazır ki, Sabir gecələr “Səriyyə, Səriyyə” deyib sayıqlayırmış. Səriyyə Sabirin qızı idi.

Əziz Şərif bir yeniyetmə müşahidəsi ilə yazır: “Sabirin simasında daim hüznlü bir gülüş, qəmgin bir təbəssüm oynayardı”.

…Sabir Tiflisin bütün məşhur həkimlərinə göstərildi. Reseptlər yazıldı, müalicələr edildi, amma effekt vermədi. Onun üçün konsilium təyin edildi, vəziyyəti ümidsiz idi. Bəzi həkimlər son çarə kimi əməliyyatı təklif etdilər. Bir çoxu isə əməliyyatın da səmərəsiz olduğunu deyirdi. Sabir də əməliyyata qarşı idi: “Mənim qarnım sandıq deyil ki, açıb bağlayasınız”. Bir müddət xəstəxanada da yatdı, əlac olmadı. Serroz son həddində idi, ölümün nəfəsini duyurdu Sabir. Tezliklə Cəlil Məmmədquluzadə də Tiflisə qayıtdı. Onların görüşləri, söhbətləri haqda heç nə yazmayıb. Bircə müalicəsi nəticəsiz qalan şairi 1911-ci ilin martında vağzaldan Şamaxıya yola salındığını yazılıb.

Cəlil Məmmədquluzadə dostunun öləcəyini bilirdi. Sabir də Əzrayılın gəlişindən xəbərdar idi. 4 ay sonra Abbas Səhhət Molla Nəsrəddin redaksiyasına bir teleqram göndərdi: “İyulun 12-sində Sabir vəfat etdi”.

Cənazə namazını Mir Mehdi Ağa qılmalıydı, amma tərəddüd edirdi. Gənclər səslərini qaldırdılar, ara qarışdı. Mir Mehdi Ağa namazı qıldırdı.

Mirzə Cəlil üçün ölüm xəbəri gözlənilən olsa belə bir neçə gün özünə gələ bilmədi. Hətta bir müddət jurnalı bağladı. Təkcə onun yox jurnal kollektivinin də əli işə yatmırdı. O vidadan on il sonra Sabirin heykəli qoyuldu.

Mirzə Cəlili ora dəvət etməyəcəklər, dostuna heykəl qoyulduğunu qəzetlərdən oxuyacaqdı…

…Abbas Səhhət yazırdı: “Sabir köhnə şeirləri ilə yeni şeirləri arasında bir əsrlik qədər uçurum açdı ki, bir daha geri dönüb o uçurumdan atılmağa kimsədə cürət qalmadı”.

Sabirin ilk mətbu şeiri 1903-cü ildə “Şərqi Rus” qəzetində çıxdı. Şeir “Şərqi-Rus” qəzetinin nəşrə başlaması münasibətilə idi və heç kimin diqqətini cəlb etmədi. İki il, 1905-ci ildə şairin “Beynəlminəl” şeiri “Həyat” qəzetində çap edildi. Bu şeir dərhal rezonans doğurdu. Bu zaman Sabirin 43 yaşı vardı. Şeir erməni-müsəlman davası haqdaydı, Sabir bu ədavəti “məlun İblisin fitnəsi” adlandırırdı. Və sonra Molla Nəsrəddin jurnalında fəaliyyəti başladı. Sabirin əsas kitabı Hophopnamə”də şeirləri cəmi 6 ildə yazdığı şeirlərdir. Cəmi 6 ilə şair Azərbaycan ədəbiyyatını böyük bir tıxacdan xilas etmiş və ona yeni istiqamət vermişdi.

….Belə bir şayiə gəzir: “Sabirin “Hop-hopnamə”sini ermənilər çap edib, çünki Sabirin “Harda müsəlman görürəm, qorxuram” şeirinə görə”.

Sabirin kitabının çapı üçün toplanılan ianələrin tarixini yazaq. Bələdçimiz Abbas Zamanovun “Sabir və müasirləri” kitabı olacaq. Sağlığında isə kitabını görmək Sabirə qismət olmadı. Bu barədə Seyid Hüseynin xatirələrində oxuyuruq.

Seyid Hüseyn bir gün Sabirin qolunda qovluq onun yanına gəldiyini deyir. Şair Seyid Hüseyndən xahiş edir ki, qovluqdakı şeirlərə baxsın, buşeirlərdən ibarət olan kitabın qiymətini şairə desin. Seyid Hüseyn kitabın qiymətini 400 manatdan artıq bir məbləğ hesablayır. Amma Sabirə 300 manat deyir. Sabirin isə bu qədər pulu olmur. Bu pulu toplamaq üçün onun əqidə dostları çox əziyyət çəkəcəkdilər…

Bütün cəhdlərə baxmayaraq 1911-ci ilin 12 iyulunda şair vəfat etdi. Onun ölümü münasibəti ilə mətbuatda xeyli məqalə çap edildi. Müəlliflər bir ağızdan Sabirin kitabının çıxması zərurətindən danışırdılar. Pul isə yox idi. Onu toplamaq üçün ianəyə başlandı. Xalqa çağırışlarda “Kaspi”, “Yeni İrşad” qəzeti fəallıq edirdi. Hətta rusdilli “Bakı” qəzeti də aksiyaya qoşulmuşdu. Bu çağırışlara ilk səs verən bir qadın oldu. Adı Sara xanım Vəzirzadə. II Qız məktəbinin direktoru olan bu xanım məşhur dramaturq Nəcəf bəy Vəzirovun qızı idi. O öz maaşından beş manat Sabir üçün verdi.

… Qəzetlər dalbadan çağırışlar edirdi. Bakı milyonçularından səs çıxmırdı. Çağırış məqalələrinin tonu da müxtəlif idi: Kimi sərt yazırdı, kimisə xahiş edirdi, kimisi izah. Getdikcə ton sərtləşirdi amma pul gəlmirdi. Uzun müddət bu çağırışlar cavabsız qaldı. Tezliklə məktəblər üçün 3 dərslik çap edildi. Dərslik müəllifləri öz qonararlarından 15 manat Sabirin kitabı üçün ayırdılar. Yeddi müəllif arasında üç yazıçı vardı: Süleyman Sani Axundov, Abbas Səhhət və Abdulla Şaiq. 1911-ci il başa çatanda cəmi 20 manat pul vardı. Sabirin ildönümünə qədər kitabı çap etdirmək arzusunda idilər. 1912-ci ilin başlarında Abdulla Şaiq “Nicat” qəzetində bir məqalə yazdı. Həmin məqalədə yenə çağırış notları vardı. Lakin məqalənin bir məqamı dövrün məşhur mollanəsrəddinçi şairi Əliqulu Qəmküsarın eyni problem ətrafındakı yazdığı məqalənin ana fikri ilə səsləşirdi. Belə ki, Şaiq “sərvət sahiblərinə” ümid olmamağı, bu cür böyük bir işin xalqın dəstəyi ilə görülməsinin vacibliyini yazırdı. Haqlı idilər. İndi keçirik erməni puluna. Dilican (Qərbi Azərbaycanda yerləşir) o zamanlar sevimli istirahət yerlərindən biri idi. Müəllimlər adətən burda istirahət edirdilər. O zamanın böyük yaradıcılıq enerjisi, tükənməz entuziazmı ilə seçilən müəllimləri tətil vaxtı müxtəlif əsərləri tamaşaya qoyaraq özləri də oynayar, yığılan pulu xeyriyyə məqsədləri üçün istifadə edərdilər. Bu bir ənənə idi. 1920-ci ilin 20 iyulunda azərbaycanlı və erməni müəllimlər Sabirin kitabı üçün iki əsəri tamaşaya qoyub oynadılar. Tamaşaya qoyulan əsərlərin ilki erməni dramaturqu Qabriyel Sundukyanın “Axşamın səbri xeyir olar” adlı dramı idi. Dramı isə məşhur inqilabçı və müəllim Sultan Məcid Qənizadə təbdil etmişdi. Təbdil əsərin yer, insan adlarının dəyişdirilərək milliləşdirilməsidir. Bayaq da yazdıq, Sultan Məcid Sabirin sinif yoldaşı idi. Tamaşaya qoyulan ikinci dram əsəri isə Vasaq Mədətov Nəzminin “Qırt-qırt” dramı idi. Tamaşada rolları isə Azərbaycanlı müəllimlər və Tiflisdəki erməni truppasının üzvləri olan bir aktyor və bir aktrisa oynamışdı. Truppa üzvləri çıxışlarına görə qonarar da almışdılar.
Tamaşalardan sonra isə şagirdlərin ifasında Sabirin şeirlərini dinlənmişdi. Bu barədə Bakı, Tiflis və İrəvan mətbuatında çoxlu məqalələr dərc edilmişdi.Lakin heç bir qəzetdə ermənilərin xalqımızı tənqid etdiyinə görə pul verməsi haqqında bir məlumat yoxdur. Elə olsaydı belə Sabirə son dərəcə sədaqətli olan dostları bu yardımı qəbul etməzdi.

…Beləliklə, yığılan məbləğ 120 manata çatdı. Hələ çox pul lazım idi. Sabirin ildönümünə qədər kitabı çap etmək arzusu baş tutmadı. Çağırışlar isə davam edirdi. Sentyabr ayında “Kaspi” qəzetində bir Şamaxı dövlətlisinin yardım vədi haqqında yazıldı. Sonrakı xəbərdə isə naşirlərin sərəncamında 200 manat olması barədə məlumat vardı. Kitab üçün isə 500 manata qədər pul lazım idi. Buna görə naşirlər Sabirin əsərlərinin bir hissəsini çap etmək qərarına gəldilər. Külliyatı çap etmək üçün pul heç cür yığılmayacaqdı. 1912-ci ildə kitab çap edildi. Kitabda Sabirin 110 satirası yerləşdirilmişdi. Kitabın əvvəlində Mahmudbəyovun kiçik müqəddiməsi, Sabirin Abbas Səhhət tərəfindən yazılmış kiçik tərcümeyi-halı verilmişdi. Bəli, “Hop-hopnamə” məhz bu vəziyyətdə çapdan çıxıb. Pulun kiçik bir hissəsini ermənilər verməyi doğrudur. Lakin kitabı ermənilərin çıxartdığı yalandır.

…..Ölüm yatağında Sabir Hacı İbrahim Qasımova demişdi:

….“Mən nə bədənimin əriməsinə, nə də ürəyimin şişməsinə acımıram. Lakin nigaranlığıma acıyıram. Millətdən nigaran gedirəm. Hər nə isə, olacağa çarə yox. Əlimizdən nə gəlir…”

Əlindən gələni də etmişdi, gəlməyini də!!! Gələcək nəsillər onu unutmayacaqdı. Amma o nigarançılıq hələ də qalmaqdadır…

Share: