Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Sabirabad rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlanan konfrans Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunub.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin Sabirabad rayonunun şəhər mərkəzində yerləşən abidələri önünə gül dəstələri düzülüb.
Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, filialogiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Sabir fondunun təsisçisi və prezidenti Sevda Tahirli, digər elm xadimləri, yazıçı, şair və publisistlər, həmçinin rayon ziyalıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Konfransda Sabirin həyatı və yaradıcılığına dair müxtəlif mövzuda məruzələr oxunmuş, şairin zəngin yaradıcılığı fərqli aspektlərdən təhlil olunmuş, onunla bağlı xatirələrdən söhbət açılmışdır.
Konfrans bitdikdən sonra görkəmli şairin Sabirabad rayonunda yaşayan qohumu Afət Tahirzadənin ailəsi ziyarət olunmuş, şairin bir zamanlar sabun bişirib satdığı tiyan ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Sonda xatirə şəkli çəkilib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Müstəqil.az