Ölən xanımının fotosunu qoynunda gəzdirdi, balıqdan zəhərlənib səhnədə yıxıldı – Onu Məşədi İbad roluna niyə çəkmədilər?
Bu gün Azərbaycan estrada musiqisinin banilərindən olan Xalq artisti Mirzə Babayevin doğum günüdür.
Müstəqil.Az Kulis.az-ın bu münasibətlə onunla bağlı az bilinən və bilinməyən faktları təqdim edir.
1. Mirzə Babayev İçərişəhərin “ağşalvarlılar” məhəlləsindəndir.Mirzə Babayev bakılı ola-ola, heç vaxt deməzdi ki, “mən bakılıyam”. Başqalarına da deyərdi ki, “bakılıyam” deməyin, deyin “Bakıdanam”. Çünki tam əsilli-köklü bakılı əslində çox azdı.
Mirzə Babayevin atası – Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş. Yeddi oğlu, bir qızı olub. Uşaqlarının təhsilinə ciddi fikir verib – demək olar ki, hamısı ya Peterburqda, ya da Moskvada təhsil alıb. Mirzə Babayevə musiqiyə maraq, yəqin ki, anasından keçib. Anası Sonaxanım bəy ailəsindən olub.
2. Mirzə Babayev Böyük Vətən Müharibəsində iştirak edib. Rostovda döyüşüb, müharibədən leytenant rütbəsi və orden-medallarla qayıdıb.
3. Sənət cameəsinin Mirzə dayısı ixtisasca memar idi. Bakıda bir çox binaların, o cümlədən Nizami adına Ədəbiyyat muzeyinin, Vətən kinoteatrının layihə müəlliflərindən olub.
4. İlk dəfə Tofiq Quliyevin yaratdığı caz orkestrində çıxış edib. “Tofiq Quliyev olmasaydı, mən memar kimi davam edəcəkdim” deyirdi.
5. Ən yaxın dostları Tofiq Quliyev, Emin Sabitoğlu, Vaqif Səmədoğlu idi. Onların münasibətləri əsl kişi dostluğunun nümunəsi idi.
6. Bir dəfə Qarabağın ucqar kəndlərindən birinə, zəhmətkeşlər qarşısında konsert verməyə gedib. Tamaşaçıların arasından bir ağsaqqal çıxıb deyib: “Əgər “Kəpənək” mahnısını oxumayacaqsansa, camaatı konsertə buraxaq”. Mirzə gülüb, razılaşıb. Uzun zaman adamlar yaşlı-başlı kişinin kəpənək dalınca qaçmasını qəbul edə bilmir, mahnının əsl mahiyyətini anlamayıb onu lağa qoyurdular.
7. Həyat yoldaşı əslən şuşalı Güllü xanım vaxtsız rəhmətə gedib. Mirzə onu o qədər çox sevirmiş ki, ondan sonra evlənməyib. Şəklini isə həmişə üstündə gəzdirirmiş. Və söz düşəndə dostlarına göstərirmiş: “Görün necə gözəldir?”
8. Çoxu bilmir ki, “O olmasın, bu olsun” filmində Məşədi İbadın dilindən oxunan mahnıları Mirzə oxuyub. Ümumiyyətlə, bir çox Azərbaycan filmlərində mahnıları Mirzə Babayev ifa edib.
Əslində, elə Məşədi İbad rolunu da Mirzə Babayevə həvalə etmək istəyirdilər. Belə ki, rejissor Hüseyn Seyidzadə bu rola aktyor Mirzəağa Əliyevi çəkəcəkdi. Lakin çəkilişlər başlayan ərəfədə aktyor vəfat etdiyi üçün rol Əliağa Ağayevə qismət olur. Bu rol Əliağa Ağayevə çatana qədər bir neçə aktyorun üzərindən ötüb. Hətta, filmə çəkilmək üçün ən real namizəd Xalq artisti Mirzə Babayev idi. O, çəkilişlərə tam hazırlanmışdı. Filmin baş operatoru Əlisəttar Atakişiyev son anda Əliağa Ağayevin oynadığı tamaşaya baxır, onu da rola təklif edir. Maraqlıdır ki, Hüseyn Seyidzadə son qərarını son tapıntı üzərində saxlayır və Məşədi İbad rolunda Əliağa Ağayev oynayır. Mirzə Babayev yalnız Məşədi İbadın mahnı və muğamlarını oxuyur.
9. 50-yə yaxın filmə çəkilib, bunların çoxunda aktyor kimi iştirak edib. Rollarını o qədər canlı oynayıb ki, dediyi sözlər dillər əzbərinə çevrilib. Dərviş Məstəli şah (“Dərviş Parisi partladır”), Mirişin atası (“Bəyin oğurlanması”), Meyxanaçı (“”Dəli Kür”), Bəy (“Qaraca qız”) ən məşhur rollarındandır. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev Mirzə Babayevin çəkiləcəyini biləndən sonra yazıb.
10. Mirzə Babayev ən uzunömürlü müğənnilərimizdəndir. Olduqca pozitiv insan olub. Görənlərə həyat eşqi aşılayıb. O, söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam”. Amma o, 89 yaşında balıqdan zəhərlənir və Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Müalicə alıb sağalsa da, artıq əvvəlki adam deyildi.