Alimlər Misirdəki Xeops ehramında gizli otaq aşkarlayıb.
MüstəqiL.az Publika.az-a istinadən xəbər verir ki, Yaponiya, Fransa və Misirdən olan bir qrup alim ehramda apardıqları araşdırmalar zamanı uzunluğu 30 metrə yaxın olan naməlum boş otaq barədə elmi məqalə yazıblar. Bu barədə məlumatı “Nature” jurnalı dərc edib.
Tədqiqat zamanı alimlər içəriyə daxil olmadan ehramda boşluqları göstərməyə imkan verən myuon radioqrafiyası metodundan istifadə ediblər. Otağın hansı məqsədlə tikildiyi hələlik məlum deyil.
Qeyd edək ki, dünyanın 7 möcüzəsindən biri hesab edilən bu ehram təxminən 4,5 min il əvvəl, IV qədim Misir sülaləsinin hakimiyyəti illərində daha çox Xeops kimi tanınan firon Xufunun əmri ilə tikilib. Qahirə şəhəri yaxınlığında yerləşən ehramın hündürlüyü 139 metr, eni isə bünövrəsində 250 metrdir. Dünyanın ən qədim və iri tarixi abidələrindən biri olan Xeops ehramının necə tikildiyi barədə elmdə hələ də dəqiq məlumat yoxdur.
Müstəqil.Az