Xoş görmüşük
Möhnətimiz sona yetdi,
Şuşa, xoş görmüşük səni.
Vüsal gəldi, həsrət bitdi,
Yaşa, xoş görmüşük səni.
Daha mənim dərd-sərim yox,
Sənə bağlı diləyim çox.
Dəydi düşmən atdığı ox
Daşa, xoş görmüşük səni.
Oğlun yağı beli əyən,
Zəfər libasını geyən.
Gəldi Heydər baba deyən,
Başa, xoş görmüşük səni.
Vaxt oldu imtahan kimi,
Qərinə keçdi an kimi.
Millətim qəhrəman kimi,
Coşa, xoş görmüşük səni.
Gedə İlham Laçın sarı,
Köməyi göy duaları.
Mahirə də mahnıları,
Qoşa, xoş görmüşük səni.
****
Hərə bir ərə döndü,
Sana, Azərbaycanım
Millət əsgərə döndü,
Ana Azərbaycanım.
Xankəndidir, Şuşadır,
Ümidlə baş-başadır.
Ruhumuzu yaşadır,
Sona Azərbaycanım.
Füzuliyə çatmışam,
Canına can qatmışam.
Düşmanı boyatmışam,
Qana, Azərbaycanım.
Yağı çəksin canından,
Çıxarmasın yadından,
Alova dön, odundan
Yana, Azərbaycanıml
Aldın şəhid qanını,
İtirmədin anını.
Dostunu, duşmanını
Sına, Azərbaycanım.
Nağıqızıdır adım,
Oğlun, qızın hayladım.
Qayalardan topladım,
Xına, Azərbaycanım.
Nə yaxşı ki, varmışsan…
Dünya bu rəngdə olmazdı,
Nə yaxşı ki, sən varmışsan.
Hər nə desəm, gülüm, azdı,
Nə yaxşı ki, sən varmışsan.
Ürəyində od payım var,
Söhbətində dad payım var.
Məhəbbətdə ad payım var,
Nə yaxşı ki, sən varmışsan.
Oxşar şirin dillər məni,
Bəzər qızılgüllər məni.
Təngitmədi illər məni,
Nə yaxşı ki, sən varmışsan.
Doldurdun bomboş dünyamı,
Mənə verib xoş dünyamı.
Ayıltdın sərxoş dünyamı,
Nə yaxşı ki, sən varmışsan.
Axan göz yaşımı sildim,
Adınnan yuvama gəldim.
Umud olan nədir bildim,
Nə yaxşı ki, sən varmışsan.
Mənzil yolu addım-addım,
Qəmi atdım, dərdi atdım.
Arzulardan ev yaratdım,
Nə yaxşı ki, sən varmışsan.
Qara günü ağ eylədin,
Bağça qurdun, bağ eylədin.
Mahirəni dağ eylədin,
Nə yaxşı ki, sən varmışsan.
Gözlərin
Heç bilmədim nə cür saldı,
Məni bu hala gözlərin.
Yuxum qaçıb, huşum aldı,
Qoydu bihala gözlərin.
Sözlər dedi aram- aram,
söbətindən doyamımıram.
Hovurrandı köhnə yaram,
Çəkdi xəyala gözlərin.
Qorxuram ki, qan eyləyə,
Büsbütün bəyan eyləyə,
Sirrimi əyan eyləyə,
Elə, mahala gözlərin.
Sevəninə ağ olmasın,
Sevməyəni sağ olmasın.
Heç zaman oylağ olmasın,
Dərdə-məlala gözlərin.
Gün açıla birdən-birə,
Pay istəyə, Tanrı verə,
Göz açıb Mahirə görə,
Dönüb halala gözlərin.
Qurbanı
Tale yazı, ömür sınaq,
Dolan gözünün qurbanı.
Ay bir nəfər üçün çıraq
Olan gözünün qurbanı.
Məhşərdi dünyanın üzü,
Bərkə-boşa çəkər bizi.
Gördüyün ağrının izi
Qalan gözünün qurbanı.
Sevincdi, qəmdi yan-yana,
Deyər sözün şirin cana.
Sənsiz dünya bir virana,
Yalan, gözünün qurbanı.
Umud qəlbin cöhvəridi,
Yollarına xalı sərdi.
Var bir sənə gələn dərdi,
Alan, gözünün qurbanı.
Gedər çətin günlər qalmaz,
Can yorulmaz, ruh qocalmaz.
Mahirənin qəlbi olmaz,
Talan, gözünün qurbanı.
Xəyalımda
Sən əkmisən bu gülləri,
Özün mənim xəyalımda.
Yola salsam da illəri,
İzin mənim xəyalımda.
O tərəfdən çıxmağınnan,
Məlul-məlul baxmağınnan,
Qəlb yandırıb yaxmağınnan
Gəzin, mənim xəyalımda.
Nə yuxudur, nə də gerçək,
Belə olmaz, bir əncam çək.
Çox olacaq gözəl-göyçək,
Üzün mənim xəyalımda.
Sənə verdim il, ayımı,
Kəsdin hayı-harayımı.
Tikdin umud sarayımı,
Quzum, mənim xəyalımda.
Mahirəni bağrına çək,
Ona təkcə sənsən gərək.
Bir nəğməsən elə kövrək,
Həzin, mənim xəyalımda.
Xəbərin varmı
Söylədin kı, eşq yalandı,
Düzündən xəbərin varmı?
Dedin, yanağın allandı,
Üzündən xəbərin varmı?
Tiitrədər, ürək doludu,
Ürək gözlərin quludu.
Getdiyin sevda yoludu,
İzindən xəbərin varmı?
Söyləmə xəyalım uçar,
Möhnətin əlindən qaçar.
Sinəni süfrətək açar,
Gözündən xəbərin varmı?
Soruşma kim kimə bənddi,
Zil olannar bəmə bənddi.
Oddanacaq, himə bənddi,
Közündən xəbərin varmı?
Mahirə, baxa bilmədin,
Köksünə sıxa bilmədin,
Ovsundan çıxa bilmədin,
Özündən xəbərin varmı.
Ömrümün
Kimdi qədrini biləcək
Səndən savayı ömrümün.
Nəfəsinlə dillənəcək
Hayı harayı ömrümün. -.
Yuma, babal-günah yuma
Babal-günahın boynuma. ”
Eşqimdən tikdiyin koma,
Olub sarayı ömrümün.
Yaxşı-yamanı seçəcək,
Bulaq bilib su içəcək,
Dənizsən, səndə keçəcək
Ömrü, qağayı ömrümün.
Qəmlənmə, gözlərim dolur,
Ümid çiçəklərim solur.
Səniynnən illəri olur
Ağasayağı ömrümün.
Mahirə gəlibdi dilə,
Dilə, nə sözün var dilə,
Sənnən başqa innən belə,
Kimdi dayağı ömrümün…