Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatını keçirib
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları – “Bəhlul”, “Arı”, “Mirat”, “Kəlniyyət” və “Məşəl” satirik jurnallarının təqdimatı keçirilib. Öncə tədbrin mövzusuna uyğun sərgiyə baxış olub, Mətbuat tarixi və publisistika şöbəsinə məxsus nəşrlər də nümayiş olunub.
Təqdimatı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, “bu jurnallar ilk dəfə olaraq transfoneliterasiya edilərək yeni əlifbada nəşr edilib. Bu iş İnstitutumuzun Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən həyata keçirilib.
Tədbirimizdə Cəlil Məmmədquluzadə ev muzeyinin dikrektoru Yeganə Məmmədova və kollektivi, həmçinin Bakı Dövlət Universitetinin kafedra müdirləri Cahangir Məmmədli və Allahverdi Məmmədli də iştirak edir. Eyni zamanda institutumuzun magistrləri və təcrübəçi tələbələr də bu tədbirə qatılıblar. “Bəhlul”, “Arı”, “Mirat”, “Kəlniyyət” və “Məşəl” kimi jurnalların gələcək tədqiqatçıları bugünkü gənclərimizdir.
Mətbuat tarixi və publisistika şöbəsi bir neçə istiqamətdə fəaliyyət göstərir. Onlardan biri mətbuatımızın tarixini öyrənmək, fundamental tədqiqatlarla mətbuat tariximizə nəzər salmaddır. İkinci böyük istiqamət publisistikadır. Üçüncü böyük istiqamət mətbuat tariximizin qiymətli əsərlərini transfoneliterasiya edib, nəşr etməkdir. Bu gün biz sizi bu şöbənin hazırladığı nəşrlərin bir qismi ilə sizi tanış edəcəyik.
Bu satirik jurnalları ərəb qrafikasından transfoneliterasiya edən, biblioqrafik göstərici, qeydlərin müəllifləri, lüğət və tərtib edib çapa hazırlayanlar filologiya elmləri doktoru, professor Vüqar Əhməd və böyük elmi işçi Dilbər Rzayevadır.
“Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalı da transfoneliterasiya edilərək işıq üzü görüb. Bu şöbədə “Ziya” qəzeti rəhmətlik Müştəba Əliyev tərəfindən çevrilib və onu çap etmişik. “Ziyayi-Qafqaziyyə” isə çapa hazırdır, bu il çap edəcəyik. Həmin şöbədə “Molla Nəsrəddin” ensiklopediyası” da hazırlanıb nəşr olunub. İlk dəfə Azərbaycanda bir mətbuat orqanının ensiklopediyası hazırlanıb. Bu işdə şöbənin böyük fəaliyyətini, Vüqar Əhmədin və onun kollektivinin böyük əməyini qeyd etməyi özümə borc bilirəm. Bu, Azərbaycan mətbuat tarixinin öyrənilməsinə sanballı bir elmi xidmətdir”.
Sonra Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd “Molla Nəsrəddin” ənənələri və satirik mətbuat” mövzusunda məruzəsini səsləndirib. Əlavə olavə olaraq qeyd edib ki, “Turan Həsənzadə “Kəlniyyat” jurnalını natamam şəkildə transfoneliterasiya edibmiş. Biz orijinaldan çevirərək çap etmişik. Turan Həsənzadənin xatirəsini əziz tutaraq onun xidmətini də vurğulamışıq. Bu da bir qədirşünaslıqdır. İsa müəllim şöbənin əziyyətini qeyd edir, amma ən çox zəhmət çəkən ideya müəllifi olan İsa müəllimdir. Bütün qonaqlarımıza gəldikləri və böyük dəyər verdikləri üçün təşəkkür edirəm”.
BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli çıxış edərək deyib ki, “bu dəvətə görə minnətdarlığımı bildirirəm. İsa müəllim, siz həmişə çıxışınızda əməkdaşlara o qədər yüksək qiymət verirsiniz ki, sizdən çox şey öyrənirik”. BDU-nun kafedra müdiri, professor Allahverdi Məmmədli də tədbirin əhəmiyyətindən danışıb: “Şübhəsiz ki, “Molla Nəsrəddin” jurnalı ədəbi məktəbdir və onun ənənələri bu gün də davam edir. Bu gün təqdimatı olan nəşrlər də bu ənənələrdən biridir. Bu da Cəlil Məmmədquluzadə dühasının məhsuludur”.
Azərbaycan jurnalistlər birliyinin üzvü, Ədəbiyyat İnstitunun əməkdaşı Ülkər Hüseynova vurğulayıb ki, “XX əsrin ilk iki on illiyində Azərbaycan mətbuatında sanki bir dönüş oldu. 1903-cü ildə “Şərqi-rus” qəzeti və 1906-cı ildə “Molla Nəsrəddin” jurnalı çap olundu və öz məktəbini yaratdı. Təqdimatını keçirdiyimiz jurnalları “Molla Nəsrəddin”in analoqu hesab etmək olar”.
Təqdimatda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədli, Cəlil Məmmədquluzadə ev muzeyinin dikrektoru Yeganə Məmmədova, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva da yeni əlifbada çap olunmuş bu nəşrlərin əhəmiyyətindən söz açıblar. İnstitutun magistrlərindən Nəzrin Əliyeva və Lalə Seyidzadə tədbir haqqında təəsüratlarını bölüşüblər.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi