Molla Rejimi Batıçılığın projesi idi

Molla Rejimi Batıçılığın projesi idi

Soylu ATALI 

İllər öncə “İrançılıq Batıdan başlayıb” başlıqlı yazı yazmışdım. Bu gün bu baxışıma yenidən aydınlıqlar gətirməyin gərəkdiyini düşünürəm. İndi İran təklənib. Üzdə ABD-nin, Böyük Britaniyanın, Türkiyənin, İsrailin, Azərbaycanın İrana yönəlik baxışları üst-üstə düşür.

Ancaq İranın durumu heç də adı çəkilən dövlətləri bir araya gətirmir. Çünkü iranla bağlı hərənin öz istəkləri var. Tarixdən bəllidir, İran dövlətini, o çağlar dünya siyasətinə aktiv etki göstərən, Batı gücləri yaratdılar. Öncə şahlıq rejimi ilə yönətilən bir İran-fars dövləti, sonra isə molla-fars rejimi ilə yönətilən bir İran dövləti. Pəhləvi dövlətini Batı yaratmışdı. Ona görə də bu dövlətdə elə Batının aktiv etkisi vardı. Ancaq getdikcə şahlıq yönətim biçiminin İranı qorumaq gücü tükənməyə başladı. Toplumların, balıca olaraq, Azərbaycan türklərinin rejimə qarşı çıxmaları genişləndikcə, Batı yeni planlar üzərində işləməli oldu. Sovetlər Birliyinin İranın dış siyasətində rol alması Batı üçün yolverilməz bir məsələ idi. Ona görə Sovetlər Birliyinin kommunizm-ateizminə qarşı yeni bir ideolojinin qurulması gərəkirdi. Bu da molla rejimi idi. Bu rejim həm də “dini bir qardaş” yalanı altında toplumların etirazını islah edib bir arada tutmalı idi. Fransada eyitimlənmiş əmmaməli Batı kadrı olan Xomeyni bu rejimin başına gətirilməklə məsələ bu aşamada da (Batının özü üçün) çözümünü tapmış oldu.

Sovetlərin dağılmasından sonra bir çox ölkələrdə avtoritar rejimlərin dəyişilməsinə gərək yarandı. Artıq hər yerə Batının tək silahı olan yeni bir ideoloji – Batı demokratiyası yayılmalı idi. Biz bunu Orta Doğu ölkələrində gerçəkləşdirilən boyalı devrimlərdə (rəngli inqilablarda) izlədik. Ancaq bu devrimi İranda gerçəkləşdirmək Batı üçün özünü doğrultmur. Çünkü Batının başqa xalqlara, dövlətlərə qarşı heç vaxt sağlam niyyəti olmayıb. Əgər iranda devrim gerçəkləşərsə, Güney Azərbaycan türkləri özgürlük, bağımsızlıq əldə edə bilər (İndi bunu çoxları bilir. İllər öncə biz bunu dönə-dönə yazmışıq). Bu isə bölgədə yeni bir gücün – Birləşmiş Azərbaycan Dövlətinin qurulması ilə (bərpası ilə də demək olar) sonuclanar. Batının hədəfi indiki İranın içində molla rejimini dəyişib özünəyarar yeni bir rejim oluşdurmaqdır. Bir çağlar Batının yaratdığı Molla Rejimi isə yıxılmaq, dəyişmək istəmir. Çünkü rejim dəyişsə, köhnə hakimiyyətin köhnə düşüncəli kadrlarının heç biri yeni rejimin strukturlarında hansısa bir görəv alıb, nəinki hakimiyyətlərini sürdürəcəklərinə, heç özlərini qoruya biləcəklərinə inanmırlar. Buna inanılması mümkün də deyil. Çünkü toplum üçün yalançı görüntü yaratmaq artıq özünü doğrultmur. (Ola ki üz tutmağa ikinci yön ola). Kiminsə başından əmmaməni götürüb boynuna qalstuk taxmaqla rejim dəyişikliyinin baş tutmasına heç kim inanmaz. Bu səbəbdən də molla rejimi bir çağlar onu yaradan Batını indi düşmən elan edib şər yuvası adlandırır. Toplum üçün Batını antiislam kimi qələmə verməklə çaşdırıcılıq yaratmağa çalışır. Batını islam dinini yox etmək istəyinin olması ilə suçlayır. Nə yazıqlar, İran toplumunun bəlli bir kəsimi belə bir təbliğata inanır. Bu təbliğata Azərbaycan toplumunun içində də inananlar az deyil. Belə götürəndə bizim üçün, Azərbaycan toplumu olaraq, İran rejimi zərərli olduğu kimi, Batının niyyətləri də zərərlidir. (Bizim bütövləşməyimizin, suveren hüquqlarımızın bərpa olunmasının yolunu kəsməkdə Rusiyadan dala qalmır). Nə yazıqlar ki, toplumumuz hər zaman üzləşdiyi iki zərərdən birini seçməli olur. İndi də belə durumla üzləşmişik – toplumumuzun dindar kəsimi, çoxluq olaraq, İran-molla rejiminə üstünlük verir, başqa bir kəsimi isə Batı ideolojisinə. Hazır olmadığımız üçün, hər şeyə hazırlıqsız yaxalandığımız üçün hər ikisinə “yox” deyə bilmirik. Doğrusu isə budur:  biz ölkəmizə, dövlətimizə, gələcəyimizə tərs olan hər bir ideolojiyə, gücə “yox” demək gücünə yiyələnməliyik.

Yuxarıda vurğuladıq: İranın təklənməsinin bir nədəni var – Molla rejiminin hər kəs üçün gərəksizliyi, baş ağrısına çevrilməsi. İran-molla rejimi hələ ki, yalnız işğalçı Rusiyaya gərəkdir. İndiki Azərbaycan Respublikasının Rusiyanın etkisi altında qalması da, ən çox, Molla rejiminin başında duran kadrların qalması ilə bağlıdır. Güney Azərbaycanın Molla Rejiminin basqısı altında qalması, bununla da Azərbaycanın gücünün parçalanması Rusiyanın işinə yarayır.

Bu iki dövlətin Azərbaycana qarşı düşmənçiliyi özlərini qorumaq istəklərindən qaynaqlanır. Biri Güney Azərbaycanı işğalda saxlayır, biri Quzey Azərbaycanı.

Sovetlər Birliyi dağılandan sonra Azərbaycan dövlətinin yönətimində köhnə kommunist-ateist kadrların qalması Rusiyanın bu günə hesablanmış planlarına özgün idi. Köhnə kommunist-ateistlərin hakimiyyətdə qalmaları Batının da işinə yarayırdı. Millətçi düşüncələrin formalaşıb hakimiyyətə gəlməsindənsə qısa zamanda demokratlaşan, hətta dindarlaşan əqidəsiz kommunist-ateistlərin hakimiyyətə qayıtması Batı üçün də önəmli idi… Heç kimə olumsuz görünməsin, çox ola bilər, Batı ilə Rusiya yaxın gələcəkdə İranda əmmaməli dindarlardan qalstuklu demokratlar düzəldib yeni rejim görsənişi yaratmaqda anlaşsınlar. Təki Azərbaycan birləşməsin, təki bölgədə Türk gücü formalaşmasın. Bu iki qütbün belə bir addımının qarşısında isə hazırlıqsız etirazlar duruş gətirə bilməzlər. Belə olduqda, Azərbaycan toplumu içində, mollayanlılarla batıyanlıların istəkləri havadan asılı qalmış olur. Bunu qarşıdakı zaman göstərəcək…

Ancaq nə olursa olsun, dünya necə şəkillənirsə (dizayn edilirsə) şəkillənsin, Azərbaycanda fərqli dönəm başlamalıdır – hədəfi Bütövləşmək, Özgürləşmək, Bağımsızlaşmaq olan Biryönlü Mübarizə Hərəkatı – Uluyurd Hərəkatı yetirilməlidir. Millətini, Vətənini, Dövlətini sevən hər kəsin çabaları bu hədəfə köklənməlidir. Fəlakətlərimizin nədənini öyrənmək, bunlardan dərs götürmək böyük ərdəmlik göstəricisi olar.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

11 Köçəri Ayı, 44-cü il. Atakənd.

(fevral. Bakı-2023).

 

 

Share: