Uşaq vaxtlarımız idi, keçən əsrin 60-70-ci illərindən danışıram. Bizim tərəflərdə molla qıtlığı olurdu həmişə, yəni üç-dörd kəndə bir molla ola, ya olmaya idi. İndi, şükürlər olsun ki, molla bolluğu yaşayırıq, əvəzində isə savad qıtlığı var, yəni dini savadlarını deyirəm.
Bir də görürsən, molla başlayır, “Yusif və Züleyxa” dastanını danışmağa. Elə ki gəlib çatır Yaqub peyğəmbərlə canavarın söhbətinə, deyir, həə, camaat, bu canavar şiə olduğu üçün peyğəmbərə yalan danışmadı. Sonra da qayıdır ki, bəs nə bilmişdiniz, heyvanların da müsəlmanı, kafiri olur axı. Hələ bir sünni-şiəsi də olur. Bax indi belə mollalardan nə qədər istəyirsən, var. Amma əvvəlkilərin savadı az da olsa, heç olmasa, sözlərinin yerini bilirdilər.
Hə, deməli, məhərrəmlik ayı gələndə bizimkilər bu boşluğu doldurmaq üçün gedib Masallıdan, Lənkərandan molla gətirirdilər ki, İmam Hüseyn təziyəsini yola versin, o desin mərsiyədən, rövzədən, bizimkilər də ağlasın. Bəlkə, bu hesaba Allah onların bu dünyada elədikləri pis və namünasib əməlləri bağışlayar. Amma, vallah, belə baxıram, qurbanı olduğum bunların bir çox əməllərini heç vaxt bağışlamayacaq. O mollalar da, insafən, doyunca ağladırdılar camaatı. Aşuradan sonra da müəyyən məbləğ pulu zəhmət haqqı kimi verib təmtəraqla yola salırdılar. Gedəndə hələ gələn ilin də sözünü alırdılar ki, bax birdən başqa kəndə gedərsən ha. Amanın bir günüdür, bizim məclisimizi mollasız qoyma. Gələn il də məhərrəmlikdə məclisimizin başında elə sən özün oturacaqsan.
O vaxt kəndimizdə daimi fəaliyyət göstərən məscid yox idi, əslinə qalsa, harada var idi ki.
Sovet hökumətinin vaxtı idi axı. Namaz qılanlar evlərində qılırdı. Məhərrəmlikdə isə kiminsə evinin bir otağını bəzəyib eləyirdilər müvəqqəti məscid. Əslində, buna məscid yox, təkyə deyərlər, amma bizim camaat bu otaqları inad və təmtaraqla məscid adlandırırdı. Niyəsini heç mən özüm də bilmirəm. Divarları, döşəməni xalça-kilimlə yaraşığa mindirirdilər, otağın yuxarı sağ küncünü qara parça ilə ayırırdılar, arxasına da su ilə dolu bir mis teşt və rəngbərəng yaylıqlarla bəzədilmiş ələm qoyurdular. Biz uşaqlar qorxumuzdan heç ələmə tərəf baxa da bilmirdik. Deyirdilər, əgər əlini ələmə tərəf uzatsan, gərək barmağını üç dəfə dişləyib ayağının altına qoyasan. Yoxsa bir bədbəxtlik baş verər. Nədənsə, bir də qəbristanlıqda qəbirlərə tərəf barmaq uzadanda bu ritualı həyata keçirmək lazım olurdu.
Böyüklər deyirdilər, milis və digər dövlət nümayəndələri gecələr kəndləri gəzir ki, məscidləri dağıtsınlar. Bizi küçədə keşikçi qoyurdular ki, gələn olanda tez xəbər verək. Biz də sanki dövlət əhəmiyyətli bir obyekti qoruyurmuşuq kimi vicdanla küçədə keşik çəkir, gələn olmayanda öz həmişəki oyunlarımızı oynayırdıq. Uzaqdan bir maşın işığı görən kimi tez qaçıb adamlara xəbər verirdik.
Bizim evi də iki il məscid eləmişdilər. Atam evimizdə tək işləyən idi, böyük zəhmət hesabına təkbaşına ikimərtəbəli ev tikmişdi. Tikintiyə başlayanda nəzir demişdi ki, evi sağ-salamat tikib qurtarım, bir neçə il otaqlardan birini məscid qoyaram. Ona görə də məhərrəmlik başlamazdan əvvəl evimizin bir otağını böyük həvəslə bəzəyib elədilər guya ki məscid. Küncdə də dediyim qaydada su ilə dolu mis test qoydular, alabəzək bir ələmi də bəzəyib onun yanına söykədilər.
Qonşuluqda bir kişi var idi, həmişə kəndə molla gətirməkdən ötrü onu göndərirdilər. Bu kişi sanki molla istehsal olunan zavodun sahibi ilə müqavilə bağlamışdı. Hər il gedib bir mollanın qolundan tutub gətirib oturdurdu məclisin yuxarı başında. Bu dəfə də o gedib Masallıdan bizim məscidə Şaban adında bir molla gətirdi. Molla Şaban hündürboy, yazıq görkəmli bir adam idi. Başını qaldırıb adamların üzünə baxmırdı, elə həmişə başıaşağı gəzir, danışanda da, mərsiyə deyəndə də gözlərini adamların başı üzərindən harasa uzaqlara dikirdi. Elə bil adamların gözünə baxmaqdan qorxurdu. Hiss olunurdu ki, savadı yoxdur, sadəcə, yaxşı səsi var. Sonra məlum oldu ki, heç peşəkar molla da deyil, adicə xarratdır. İlin on bir ayını xarratlıq edir, məhərrəmlik gələndə isə keçir mollalığa, həm pul qazanır, həm də savab. Amma savab qazanıb-qazanmaması bir az şübhəli idi. Çünki o savadla savab qazanmaq? Nə bilim, vallah…
Yazıq kişi danışmağa bir mövzu tapa bilməyəndə deyirdi ki, danışdırın məni, danışım, sual verin mənə. Bu sözləri elə pafosla deyirdi ki, oturanlar fikirləşirdilər, yəqin, bu kişinin elminin ucu-bucağı yoxdur. O qədər əhvalat bilir ki, hansını danışacağını da müəyyən eləməkdə çətinlik çəkir. Bizimkilərin də nə savadı var idi ki, nə də sual verələr. Eləcə lal-dinməz baxırdılar mollanın üzünə. Məncə, baxışları ilə deyirdilər ki, sənə qurban olaq, özün nə məsləhət bilirsən, ondan da danış
Bu molla Şaban elə bizim evdə qalırdı, bizdə də yeyib-içirdi. Əvvəlcə məhəllə kişiləri dedilər ki, mollanın yeməyini hər gün birimiz gətirək. Ancaq atam bundan əsəbiləşərək dedi ki, molla mənim evimə gəlib, yemək-içməyini də mən özüm verəcəm. Bundan sonra kişilər susub bir söz demədilər. Əslində, elə ürəklərindən oldu atamın bu sözləri. Çünki dəqiq bilirdilər ki, əgər evdən yemək gətirmək istəsələr, onsuz da arvadları üz-gözlərini turşudacaq, “Molla kimin evinə gəlib, yeməyini də zəhmət çəkib o versin” deyəcəklər. Beləliklə, Molla Şaban oldu bizim ailə üzvlərimizdən biri. Yəni büdcəmizə şərik oldu. Amma bu yazıq molla utancaq və fağır adam olduğu üçün görürdük ki, heç doyunca yemir. Əlini süfrəyə uzatmağı ilə çəkməyi beş dəqiqədən artıq olmur.
Evimizin alt mərtəbəsindəki iki otağı birləşdirən orta divarda qapı var idi. Molla məscid elədiyimiz otaqda yatırdı, mən də tez-tez orta qapıdan oraya boylanırdım, gözləyirdim ki, o nə vaxt yuxudan duracaq. Nədənsə, bu fağır kişidən çox xoşum gəlirdi. O da mənə isnişmişdi. Məni yanına çağırır, başımı sığallayır, hər gün də eyni sualı verirdi: “Adın nədir?” Mən də hər gün şəstlə adımı deyir və əlavə edirdim ki, mənim adım Allahın baş mələyinin adıdır və bu adı mənə qonşumuzdakı bir seyidin arvadı qoyub, ona da yuxuda deyiblər. Sonra da fikirləşirdim ki, yəqin mənim adım bu mollanın xoşuna gəldiyi üçün onu hər gün soruşur. Axı ola bilməz ki, bu gün soruşduğu ad sabah yadından çıxsın.
O vaxt bizlərdə belə bir adət var idi ki, evə qonaq gələndə ən yaxşı yorğan-döşəkdə yer salardılar ona. Yəqin, elə hər yerdə belə adət olub, çünki biz tarixən çox qonaqsevər olmuşuq. Məncə, elə indi də eləyik. Bu qonaqsevərliyimiz də həmişə başımıza bəlalar gətirib. Və bir də dəb idi, döşəyin üzünü qırmızı və ya çəhrayı məxmərdən edirdilər. Məxmərə də əlini çəkəndə xovları tərsinə dönürdü, rəngi dəyişib tündləşirdi, islanmışa oxşayırdı. Elə ki əlini məxmərə tərsinə çəkirdin, elə bilirdin ki, döşəyin üstünə su tökülüb. Adətimizə sadiq qalaraq elə bizdə də molla Şaban üçün belə gözəl və yaraşıqlı yorğan-döşəkdən yer salırdılar.
Məhərrəmliyin səkkizinci günü idi. Molla bəridəki otaqda səhər yeməyini həmişəki kimi utana-utana yeyirdi. Yenə də süfrə başına oturmazdan əvvəl mənə öz ənənəvi sualını verdi: “Adın nədir?” Sonra da əlini başıma çəkdi. Mən də eyni şövqlə adımı deyib əlavə etdim ki, mənim adım Allahın baş mələyinin adıdır və bu adı mənə qonşumuzdakı bir seyidin arvadına yuxuda deyiblər. Anam məscid olaraq bəzədiyimiz otaqda yır-yığış edirdi. Beş yaşlı kiçik qardaşım isə mollanın döşəyinin üstündə oynayırdı. Birdən o, əlini döşəyin məxmərinə çəkib qışqırdı: – “Ay nənə, molla yerinə çiş eləyib!”
Yəqin ki, yazıq molla Şabanın vəziyyətini təsəvvür edərsiniz. Anam tez uşağın başına bir qapaz ilişdirib otaqdan çıxardı, molla çəçədi, sonra səsi gəlmədi. Mən bərkdən şaqqanaq çəkib güldüm. Molla çaşıb əlindəki stəkanın çayını ağzına aparıb içmək əvəzinə süfrəyə tökdü. Sonra qalxıb sürətlə otaqdan çıxdı. Günortadan sonra məlum oldu ki, molla çıxıb gedib evinə.
Yazıq molla Şaban, aşuranı da gözləmədi, heç ona çatası pulu da almamış qaçıb getdi.
Sonra onu gətirən kişidən nəzərdə tutulan pulun hamısını göndərdilər arxasınca.
2022, yanvar.