Kulis.az Edqar Allan Ponun “Morella” adlı hekayəsini təqdim edir.
Morella mənim dostum idi, mən ona çox dərin, qəribə bir sevgi bəsləyirdim. Onunla neçə il bundan əvvəl bir təsadüf nəticəsində dost olmuşdum, tanış olduğumuz ilk gündən indiyə qədər ruhum, dadını bilmədiyim bir atəşlə yanmaqdadır. Amma bu, Erosun atəşi deyildi, onun o ecazkar mənasını başa düşməyəcəyimi, eləcə də onun ipə-sapa yatmayan gücünü idarə edə bilməyəcəyimi anlayana qədər qəm-qüssə mənə əzab verdi. Biz görüşdük, tale bizi birləşdirdi, ancaq mən ona nə ehtiraslı sözlər dedim, nə də sevgimi hiss etdirdim. O isə insanlardan qaçaraq özünü tam mənası ilə mənə həsr edərək məni xoşbəxt etdi. Çünki, fikirləşmək bir xoşbəxtlikdir, elə xəyal qurmaq özü də bir xoşbəxtlikdir.
Morella çox dərin biliyə malik idi. And içərəm ki, onun qabiliyyəti bir Allah vergisi, ağılı isə qeyri-adi və dahiyanə idi. Bunu hiss edirdim, çünki mən ondan çox şey öyrəndim. Ancaq, bəlkə də, Presburq tərbiyəsi aldığım üçün çox qısa müddətdə başa düşdüm ki, o, oxumağa mənə, ancaq ilkin alman ədəbiyyatının ən dəyərsiz nümunələri olan mistik əsərlər təklif edir. Səbəbini başa düşməsəm də, bilirdim ki, bunlar onun daimi, sevimli məşğuliyyətidir, onu da deyim ki, vərdişlərin və nümunələrin güclü təsirinə düşərək, vaxt keçdikcə, mən də eyni şeylə məşğul olmağa başlamışdım.
Bütün bunların, səhv etmirəmsə, zehnimlə heç bir əlaqəsi yox idi. Əgər özümü tanıyıramsa, ideallar, qətiyyən nə mənim inancıma, nə də hərəkətlərimə təsir etmədi, düşüncələrimdə oxuduğum o mistik yazıların, az da olsa, izinə belə rast gəlinmirdi. Bundan əmin olduğuma görə özümü həyat yoldaşıma təslim etdim və bütün qəlbimlə onun tədqiqatlarının dolaşıq labirintinə düşdüm. Və sonra… sonra yasaqlanmış səhifələri diqqətlə oxuyarkən, içimdə gizli bir ruhun alovlandığını hiss etdiyimdə, Morella soyuq əlini mənim əlimin üstünə qoyub alçaq səslə, ölü bir fəlsəfənin küllərindən çıxarıb yaddaşıma əbədi həkk olunan sirli məna daşıyan qəribə sözlər tapıb deyirdi. Sonra saatlarla yanında otururdum, melodiyası dəhşətli bir tonla alçalana qədər onun səsinin ahənginə qapılırdım: elə bil ruhumun üstünə bir kölgə düşürdü, bətim-bənizim saralırdı və sanki başqa bir dünyadan gələn bu ahəng qəlbimi titrədirdi. Beləcə, qəfildən sevincim dönüb qorxuya çevrildi, çünki Hinnonun Ge-Hennaya döndüyü kimi, gözəllik mücəssəməsi dönüb eybəcərlik mücəssəməsinə çevrildi.
Morellayla aramızda uzun müddət başqa heç bir söhbət olmadı, yeganə söhbətimiz, bəhs etdiyim həmin o kitablardakı mövzular haqqında olurdu ki, onlardan da danışmağa dəyməzdi.
Bizim söhbətimizi, teoloji etika adlandırılan elmdən məlumatı olanlar o saat başa düşəcək, məlumatı olmayanlar isə bizi heç vaxt başa düşməyəcək. Həssas Morella, Fixtenin dəlisov panteizmi, Pifaqorçuların təkrar dirilmə şəkildəyişməsi və ən əsası da, Şellinqin izhar etdiyi şəxsiyyət doktrinaları haqqında danışdıqca daha da gözəlləşirdi. Səhv etmirəmsə, məncə, cənab Lokk haqlı olaraq şəxsiyyətin, düşünən varlıqdakı sağlam fikirdə olduğunu deyirdi. Belə ki, şəxsiyyət dedikdə, məntiq sahibi zəkalı bir varlıq başa düşürük və belə ki, düşüncə ilə yanaşı daimi bir şüur vardır ki, digər düşünən varlıqlardan fərqləndirərək bizi biz edən də elə odur. Amma principium individuationis – şəxsiyyətin ölümlə bərabər yox olub-olmaması fikri məni hər zaman dəhşətli dərəcədə maraqlandırıb. Həm də Morellanın bəhs etdiyi, təzadlı və cəlbedici nəticələrinin təbiətinə görə deyil, həyəcanına görə maraqlı idi.
Budur, həyat yoldaşımın o dərk olunmayan sirri artıq məni, sanki bir tilsim kimi sıxırdı.
Artıq onun solğun barmaqlarının toxunuşuna, onun asta, ahəngdar danışığına, qəmli gözlərinin zərif parıltısına dayana bilmirdim. O bütün bunları bildiyi halda məni qınamırdı, o mənim zəifliyimi, ya da ağılsızlığmı dərk edir və bunu, gülümsəyərək, “taleyin işi” adlandırırdı. Ona olan marağımın bu cür get-gedə azalmasının səbəbini heç özüm də bimədiyim halda, sanki o bilirdi, amma bunu mənə heç bir şəkildə hiss etdirmirdi. Lakin o bir qadındır və bu qadın gündən-günə saralıb-solurdu. Bir müddət sonra yanağına iki qırmızı xal çıxdı və solğun alnındakı mavi damarlar gözə dəyməyə başladı. Bəzən elə olurdu ki, birdən qəlbim yumşalaraq ona yazığım gəlirdi, sonra dönüb mənalı gözlərinə baxanda qəlbimi bir bulanıqlıq və qorxu bürüyürdü, insanın dibsiz və qaranlıq bir uçuruma baxarkən başı fırlanıb qorxduğu hissə oxşar bir hiss bürüyürdü məni.
Morellanın ölümünu, yorulub-bezdiyim üçün böyük bir səbirsizliklə gözlədiyimi də demək olardımı?
Bəli, gözləyirdim, ancaq onun kövrək ruhu öz fani yuvasına günlər, həftələr və yorucu aylar boyu, ta ki, mənim əzab çəkən hisslərim ağlıma hökm edənə qədər, belə davam edən vəziyyət mənim beynimi qana döndərənə qədər, zərif həyatı solduqca gün batımında uzanan kölgələrin uzandığı qədər, günlərə, saatlara və əzablı anlara bir şeytan qəlbən lənət oxuyana qədər yapışıb qaldı.
Bir payız axşamı küləklərin göy üzünə çökdüyü bir vaxtda Morella məni yatağının yanına çağırdı. Yerə şəffaf bir duman çökmüşdü, suları ilıq bir parıltı bürümüş, göy qurşağı çıxaraq ucalardan oktyabr meşəsinin kövrək yarpaqlarına əks etmişdi. Mən yaxınlaşarkən o:
– Bu gün yaxşı gündür, – dedi, – yaşamaq və ölmək üçün ən gözəl gündür. Yerin və dünyanın oğulları üçün gözəl bir gündür, ölümün və göylərin qızları üçün isə daha da gözəl gündür!
Mən onun alnından öpdüm, o isə davam etdi:
– Ölürəm, amma yenə də yaşayacam.
– Morella!
– Məni heç vaxt sevə bilmədin, amma həyatda ikən diksindiyin adama öləndən sonra tapınacaqsan.
– Morella!
– Yenə deyirəm, ölürəm. Amma içimdə mənə, Morellaya qarşı hiss etdiyin o şəfqətin meyvəsi var, ah, o necə də kiçikdir! Mənim ruhum uçub gedəndən sonra o uşaq yaşayacaq, sənin və Morellanın – mənim uşağımız. Sənin hər günün kədərlə keçəcək, sərv ağacı ən dözümlü ağac olduğu kimi, kədər də hisslərin ən uzunömürlü olanıdır. Artıq xoşbəxt günlərin başa çatdı, ildə iki dəfə açan Pestumun qızılgülləri kimi deyildir xoşbəxtlik, o həyatda bir dəfə gülür insanın üzünə. Bundan sonra Anakreon kimi zamanla oynaya bilməyəcəksən, anasından ayrılmış quzuya dönəcəksən, Məkkədə dolanan müsəlmanlar kimi öz kəfənini geyinib gəzəcəksən.
– Morella! – deyə hayqırdım, – Morella! Bunu hardan bilirsən? – Morella üzünü o biri tərəfə çevirdi, yavaşca titrədi və öldü, mən bir daha onun səsini eşitmədim.
Onun kəhanəti düz çıxmışdı, o ölərkən dünyaya bir uşaq gətirdi, anasının nəfəsi kəsilən kimi uşaq nəfəs almağa başladı, bir qız uşağı dünyaya gözlərini açdı. O həm fiziki, həm də zehin baxımından qəribə bir şəkildə böyüdü, o, elə bil ki, ölmüş anasının tam eynisi idi, mən onu indiyə qədər heç kimi sevmədiyim böyük bir sevgi ilə sevirdim.
Qısa bir müddətdən sonra bu saf sevginin göyü qaraldı, onun başının üstünü dəhşət, kədər və qəm buludları bürüdü. Bu uşağın həm zehni, həm də fiziki olaraq qəribə böyüdüyünü demişdim, axı. Qızın bədəninin belə sürətlə böyüməsi, doğrudan da, qəribə idi, zehni inkişafına baxanda isə məni dəhşət bürüyürdü, bu da qorxunc idi! Başqa cür ola da biməzdi, çünki mən hər gün uşağın fikirlərində durub-toxtamış bir qadını görürdüm elə bil. Onun körpə dodaqlarından, elə bil, illərin təcrübəsini yaşamış insanın sözləri tökülürdü. Mən daim onun iri, mənalı gözlərində başqa bir yaşın müdrikliyini və ehtirasını görürdüm. Bunları biləndə az qaldı başıma hava gələ, bu həqiqəti mən öz ruhumdan gizləyə bilməzdim, mən o qeyri-adi və qorxunc şübhələrin təsirindən belə düşündüyümə özümü inandırmaqdan yorulmuşdum, yəni, doğrudanmı, mənim düşüncələrim məzarda yatan Morellanın çılğın hekayələrinə və həyəcanlandırıcı nəzəriyyələrinə geri qayıdaraq, belə bir dəhşətli qorxuya çevrildi? Taleyin məni sitayiş etməyə məcbur etdiyi bu varlığı dünyanın bütün maraqlı gözlərindən gizlədim və bu vurğunu olduğum varlığı evimdə öz tənhalığıma qapılaraq əzablı bir həyəcanla, heç bir qayğımı əsirgəmədən gözümün qabağında saxlayırdım.
İllər keçdikcə mən hər gün onun müqəddəs, yumru və zərif üzünə, yetişən bədəninə baxdıqca qızımın günbəgün rəhmətlik anasına daha çox oxşadığını görürdüm. Bu oxşarlıq hər saat bir az da çoxalır, daha da dərinləşir, daha da aydın gözə çarparaq öz dəhşəti ilə buz kimi insanın iliyinə işləyirdi. Onun gülümsəməsinin anasının gülümsəməsinə oxşamasına dözürdüm, amma onun yenidən canlanacağından qorxurdum, gözlərinin Morellanınkına oxşamasına dözürdüm, amma o gözlər çox vaxt Morellanın gözləri kimi ruhumun dərinliklərinə nüfuz edərək, dolğun və sirli bir məna ilə baxırdı. Geniş alın cizgilərində, ipək kimi saçlarının qıvrımlarında, onların arasında itən solğun barmaqlarında, kədərli və məlahətli səsində və ən əsası da, sevilən və yaşayan insanın dodaqlarından çıxan bir ölüyə aid sözlərdə və ifadələrdə belə bir fikir oyadır və məni dəhşətə salırdı ki, yox, o, ölməyib.
Beləcə, ömrünün on ili keçdi, mənim qızım isə bu yer üzündə hələ adsız yaşayırdı.
“Balam”, “canım” deyirdim ona, məncə, ata sevgisini göstərmək üçün başqa heç bir ada ehtiyac da yoxdu, çünki bu tənha dünyasında onu çağıracaq – ünsiyyət quracağı heç kimi yox idi. Morellanın isə adı da özü ilə birlikdə ölmüşdü. Qızıma anası haqqında heç nə danışmırdım, danışmaq mümkün deyildi. Bu qısa həyatı boyu evinin dar divarları arasına məhkum olan bu qıza kənar aləm, eləcə qaranlıq olaraq qalırdı. Axırda ağlıma gəldi ki, xaç suyuna salma mərasimi keçirim, bəlkə bu məni taleyimin dəhşətlərindən və beynimdəki qarmaqarışıqlıqdan qurtarar.
Mən qızıma bir ad tapmaq üçün xaç suyu olan ləyənin yanında durub xeyli düşündüm. Burada ölkəmizdə və xaricdə yaşamış keçmiş və müasir zamanların bir çox gözəl və müdrik qadının, bir çox nərmənazik, xoşbəxt və xeyirxah qadının gözəl adı gəldi ağlıma. Onda, bəs məni, yerin altında yatan bir ölünün xatirəsini narahat etməyə nə vadar etdi? Təkcə xatırlayanda belə damarlarımdan qəlbimə qara qanlar axıdan o sözü deməyə hansı şeytan məni məcbur etdi?
Ruhumun gizli guşələrində hansı iblis tovladı ki, gecənin o qaranlıq və səssiz darlığında o üçcə hecanı rahibin qulağına pıçıldayaraq “Morella” dedim. Hansısa nəhəng, çox pis bir ruh sanki uşağımın sifətini əydi və onun üzündən həyat əlamətini sildi, o bu zəif səsdən titrəyərək, parlayan gözlərini yerdən qaldırıb göyə baxaraq, gücsüz bir halda bizim ailə sərdabəsinin qara plitələrinə düşərək cavab verdi:
– Mən burdayam.
Bu adi səsi mən soyuq və sakit bir şəkildə aydınca eşitdim və bu səs ərimiş isti qurğuşun kimi fısıldayaraq qulaqlarımdan düz beynimə işlədi. İllər, illər hər şeyi silə bilər, amma bu an, yaddaşımdan əsla silinməyəcək! Mən o qədər gül və sarmaşıq tanıyırdım, görürdüm, amma mənə gecə-gündüz kölgəsini baldırqan və səlvi salırdı. Artıq zamanı hiss etmirdim, taleyimin ulduzları göydən yox olmuşdu, yer üzü qaranlığa bürünmüşdü və yer adamları yanımdan titrəyən kölgələr kimi keçib gedirdilər, mən isə onların arasından təkcə Morellanı görürdüm! Küləklər qulağıma ancaq bir səsi pıçıldayırdı, dənizlər bir adı hayqırırdı – Morella! O ölmüşdü, onu mən özüm qəbrə qoymuşdum, ancaq ikinci Morellanı qəbrə aparanda birincinin izini-tozunu da görməyəndə uzun və acı bir qəhqəhə çəkmişdim.
1835
Rus dilindən tərcümə: Ayişə Nəbi