Görünür, Moskva geri çəkilmək fikrində deyil, var gücü ilə Cənubi Qafqazı öz təsir zonasında saxlamağa çalışır. Əbəs yerə deyil ki, dekabrın 15-də Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin elan olunmuş Brüssel görüşündən əvvəl Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sammiti razılaşdırıldı.
Avropa uzun müddət Rusiyanın Cənubi Qafqazdakı hiylələrinə, xüsusən də Qarabağın nizamlanması prosesini monopoliyaya almasına biganə qaldı. Və Avropa İttifaqının öz problemləri ilə məşğul olduğu müddətdə, xüsusən də pandemiyanın yaratdığı problemlər, “Şimal axını”, qaz və yeni miqrasiya böhranları, yenidən Rusiyanın yaratdığı Ukrayna istiqaməti Moskvanın regionumuzda mövqelərini gücləndirdi. Kreml Ermənistan-Azərbaycan sərhədində kiçik müharibə qızışdırmaqla özü barışdırıcı rolunu oynadı və bir daha nümayiş etdirdi ki, o, münaqişənin hər iki tərəfinin sözünü dinlədiyi yeganə hakimdir.
Moskva son bir ildə həm Azərbaycanın Qarabağ bölgəsində, həm də Ermənistanın sərhədləri boyunca mövcudluğunu gücləndirir. Nəticədə, bütün bu ərazilər Rusiyanın sülhməramlıları adlandırılan qüvvələrin və Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin şübhəsiz nəzarəti altında oldu.
Praktikada Ermənistan tamamilə rus qoşunları tərəfindən mühasirəyə alınıb, Azərbaycan isə bir çox ekspertlərin fikrincə, “keçini bostana buraxaraq”, ciddi məsələ ilə üz-üzə qalıb. Çünki görünür, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Sazişdə nəzərdə tutulan 5 illik müddətdən sonra da, Rusiya son 20 ildə qayıtmağa çalışdığı mövqelərini tərk etmək fikrində deyil. Bunu Rusiya Prezidenti Vladimir Putinin özü Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında açıq şəkildə deyib və vurğulayıb ki, “regionda vəziyyət sabitləşməyib və sabitlik Rusiya sülhməramlı kontingentinin qarant qismində iştirakını tələb edir”.
Belə ki, noyabrın 26-da, Brüssel sammiti ərəfəsində Putin Əliyev və Paşinyanla danışmaq niyyətindədir. Və təsadüfi deyil ki, noyabrın 24-də bütün gün diplomatik fəallıq müşahidə olunub. Səhər Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana zəng edib. Tərəflər Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti müzakirə edib, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Təbii ki, görüş zamanı tərəflər regional kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi komissiyanın işini müzakirə edib, Transqafqaz nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə toxunublar.
Bundan əvvəl, elə həmin gün Overçuk İlham Əliyev tərəfindən qəbul edilib, təbii ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli komissiyanın fəaliyyəti müzakirə olunub. Bundan əlavə, Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki fəaliyyəti müzakirə olunub.
Overçukla eyni vaxtda Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Bakıda olub, o, həm Azərbaycan Xarici İşlər Nazirliyində, həm Diasporla İş üzrə Dövlət Komitəsində, həm də Təhsil Nazirliyində olub, bu qurumların rəhbərləri ilə görüşüb. Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bazar ertəsi, noyabrın 29-da Rusiya, Azərbaycan və Ermənistanın Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması üzrə birgə komissiyanın üçtərəfli iclasının baş tutacağını elan edib.
Ən əsası isə Putin Avropa Şurasının rəhbəri Şarl Mişelə zəng edib və danışıqların əsas məsələsi Belarus və Avropa İttifaqı sərhədindəki vəziyyət deyil, Qarabağdakı vəziyyət olub. Kremlin mətbuat xidmətinin məlumatına görə, “Vladimir Putin Şarl Mişelə Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin, sülhün bərqərar edilməsi üçün atılan addımlar barədə məlumat verib”.
Eyni məsələlərin, Kremlin məlumatına görə, Rusiya və Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin noyabrın 26-da Soçidə keçiriləcək görüşündə də baxılması planlaşdırılır.
Təsadüf? Təbii ki, yox. Ortada yumşaq işğal baş verir, təkcə qılıncla deyil, danışıqla da. İctimai həyatın bütün sahələrinə nüfuz etməklə. Əsas məqsəd Azərbaycan və Ermənistanın Rusiyanın təsir dairəsindən çıxıb Qərbə getməsinə imkan verməmək, Avropa institutlarının bölgəyə girməsinin qarşısını almaqdır. Brüssel görüşündən əvvəl Putin qafqazlı həmkarlarına daha bir “yolqabağı məsləhət” verməyə hazırlaşır.
Görünür, Cənubi Qafqaz uğrunda ciddi döyüş başlayır. Və bu mübarizədə bütün vasitələr yaxşıdır. Ay siyasi hadisələr üçün maraqlı olacağını vəd edir. Görək, hər iki respublika üçün taleyüklü olan bu görüşdə kim daha güclü olacaq və ya Bakı və İrəvan hansı istiqaməti seçəcək.
Müəllif: Mira Həsənova
(Ayna)