Moskva formatı ilə Brüssel formatı arasında prinsipial fərqlər

Moskva formatı ilə Brüssel formatı arasında prinsipial fərqlər

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşünü birmənalı olaraq uğur saymaq olar. Bu uğurdan Ermənistanın özünə də pay düşür.

Çünki yekun sülh müqaviləsinin imzalanmasına dair prosesə start verilməsi son nəticədə Ermənistanın da maraqlarına uyğundur. Bu mənada görüşdən sonra bəyanat yayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel danışıqların müsbət keçdiyini bildirməkdə tamamilə haqlıdır.
Onun bəyanatından aydın oldu ki, görüşdə sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar verilib. Həmçinin ən həssas məsələlərdən biri olan delimitasiya və demarkasiya ilə bağlı işçi qrupunun, birgə komissiyanın yaradılması ilə bağlı razılığa gəlinib. Dörd saatdan artıq davam edən Brüssel görüşündə regional kommunikasiyaların açılması məsələləri də ətraflı müzakirə edilib.
Maraqlıdır ki, bu gün Nikol Paşinyan da hökumətin iclasında İlham Əliyevlə görüşündən danışarkən bir daha sülhə hazır olduqlarını qeyd edib və bildirib ki, Brüsseldə keçirilən danışıqlarda iki cəbhədə, iki istiqamətdə irəliləmək barədə razılığa gəliblər. Söhbət sərhədlərin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması, eləcə də İrəvanla Bakı arasında sülh danışıqları üçün ilkin şərtlərin formalaşdırılması haqqında razılaşmadan gedir. Bu məsələlərin hər ikisi də taleyüklü məsələlərdir və Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilk növbədə məhz bu iki məsələ üzrə müsbət nəticələrin əldə edilməsindən asılıdır.
Şarl Mişelin bəyanatından görünür ki, 44 günlük müharibənin bitməsindən keçən il yarım ərzində bu istiqamətlərdə hökm sürən durğunluğa Brüssel görüşündə son qoyulub və necə deyərlər, proses “ölü nöqtə”dən tərpənməyə başlayıb. Sözügedən hər iki məsələ üzrə işçi qrupunun və birgə komissiyanın yaradılması barədə razılığa gəlinməsi artıq sözdən əməli işə keçmək üçün real zəmin yaradır. Hiss olunur ki, əvvəlki dövrlərdən fərqli olaraq hazırkı mərhələdə Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün də olduqca mühüm prioritet məsələlərə çevrilib və buna görə də Şarl Mişel bəyan etdi ki, görüşdə razılaşdırılan məsələlər üzrə növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün tərəflər arasında güclü kommunikasiya və koordinasiya olacaq. Bu çox ciddi və prinsipial yanaşmadır.
Bu açıqlama onu göstərir ki, Moskvadan fərqli olaraq Brüssel Ermənistan ilə Azərbaycan arasında real sülhün əldə olunması istiqamətində görüləcək işlərdə və aparılacaq danışıqlarda süründürməçiliyə, süni əngəllərə yol vermək, “ikili standart”lardan çıxış etmək niyyətində deyil. Bu, Moskva formatı ilə Brüssel formatı arasında prinsipial fərqlərdən biridir. Deməli, bu görüşdən sonra qeyd edilən təməl məsələlər – yekun sülh sazişinin imzalanması və sərhədlərin delimitasiyasının həyata keçirilməsi istiqamətində qarşıdakı günlərdə və həftələrdə hər iki tərəfdən ciddi hərəkətlənməni müşahidə edəcəyik.
Beləliklə, bu görüş nəticəsində Brüsseldə belə demək mümkünsə, sülh gündəliyi, “yol xəritəsi” formalaşdırıldı və Şarl Mişelin bəyanatından da məlum oldu ki, Azərbaycan tərəfinin bu görüş ərəfəsində irəli sürdüyü 5 maddədən ibarət sülh təklifi paketi rəsmi İrəvan tərəfindən artıq qəbul edilib. Deməli, sülh sazişi və delimitasiya istiqamətində işlər də məhz bu paket əsasında aparılacaq. Bu baxımdan, bəzi erməni siyasətçilərinin “milli maraqlarımızı Brüsseldə basdırdılar” kimi bədbin açıqlamaları nəyə görə vermələrinin səbəbi də elə burdan aydın olur. Görüş zamanı və eləcə də Şarl Mişelin bəyanatında qondarma “”Artsax”ın statusu haqqında heç bir söz deyilməməsi və ATƏT-in Minsk Qrupunun həmsədrləri institutunun gündəmə gətirilməməsi, daha doğrusu, faktiki olaraq ləğv olunması erməniləri ciddi şəkildə məyus edib.
Heç də təsadüfi deyil ki, Ermənistan müxalifəti Brüssel görüşü ilə bağlı yayılan bəyanatı İrəvan üçün arzuolunmas sənəd sayıb. Ermənistanın “Respublika” partiyasının sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanın “Brüssel görüşü göstərdi ki, Azərbaycan böyük diplomatik qələbəyə çox yaxındır” deyə açıqlama verməsi ümumiyyətlə, erməni müxalifətinin məğlubiyyət psixologiyasına kökləndiyini göstərir. Bu da erməni müxalifətinin proseslərə məhdud çərçivədən yanaşmasının təsdiqidir. Ermənistan müxalifəti bu cür ənənəvi-revanşist yanaşmadan əl çəkməli və Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsində öz hökumətinə kömək etməlidir. Çünki erməni xalqının və Ermənistan dövlətinin gələcək taleyi məhz Azərbaycanla sülh anlaşmasından asılıdır. Bunu görməmək siyasi korluq olardı.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: